“Gənclərin potensialından istifadənin dairəsi genişləndirilməlidir”
Tarix: 18.04.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Millət vəkili Əli Məsimli: “Gənc ailələrin mənzil şəraitini yaxşılaşdırmaq üçün ipoteka kreditləşməsində ilkin ödəniş aradan qaldırılmalı, faiz dərəcəsi aşağı salınmalı, məbləğ artırılmalıdır”

Gənclərlə bağlı suallarımızı İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli cavablandırdı:

- Əli müəllim, sizcə, bu gün cəmiyyətimizdə gənclər hansı mühitdə inkişaf edirlər?
- Azərbaycan çox gənc dövlətdir. Cəmi 21 yaşı var. Biz yaşadığımız dövrün deqradasiyasının labüd nəticəsi kimi, mənfi meyillərin lazım olduğundan daha çox qabardıldığı, tənqid etdiyimiz, amma vətəndaş cəmiyyətinin formalaşması başa çatmadığından, cəmiyyətin müqavimət qabiliyyətinə adekvat gələn gənc dövlətin keçməli olduğu mərhələləri yaşayırıq. Əsas meyarımızın müstəqilliyimizə real məzmun vermək olmasını qəbul etməklə yanaşı, həm də düşünməliyik ki, bu o demək deyil ki, məlum neqativlər daim bizi müşayiət etməlidir. Zəmanəmizin çağırışlarına cavab vermək və Azərbaycanın sürətli inkişaf yoluna davamlı xarakter verməkdən ötrü institusional islahatlar sürətləndirilməli, yaradıcılığa əsaslanan fəallıq artırılmalıdır. Demokratik islahatlar hesabına Azərbaycan dünyaca məşhur olan neft mərkəzindən elm, təhsil, mədəniyyət mərkəzinə çevrilmək istiqamətində sanballı addımlarla irəliləməyi bacarmalıdır. Bəs hansı potensialın hesabına? Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini gənclər təşkil edir. Bu, çox böyük qüvvədir. Bir sıra inkişaf etmiş ölkələrin qarşılaşdığı ciddi problem olan demoqrafik problem bizdə yoxdur. Deməli, bizim neft, qaz, qızıl, polimer yataqları kimi sərvətlərimizlə yanaşı, onlardan daha çox gəlir gətirən sərvətimiz, yəni çox möhtəşəm gəncliyimiz var. Gənclik insana qurub-yaratmaq, sevmək üçün verilir. Müstəqillik yoluna çıxmış Azərbaycanda belə bir potensial var və elə şərait yaradılmalıdır ki, gəncliyin vurub-dağıtdığı tərəqqi yolundakı mənfi stereotiplər, qurub-yaratdığı güclü, demokratik, bütöv Azərbaycan, sevdiyi-Allah, Vətən, ailə, nifrət etdiyi düşmən olsun. Gənclik bu yolla getməyə çalışır. Amma bütün gənclik üçün öz potensialını bu yöndə reallaşdırmaqdan ötrü hələ çox iş görmək lazımdır ki, buna münbit şərait yaransın. Gənclərin potensialından geniş istifadənin dairəsi genişləndirilməli və dərinləşdirilməlidir.
- Bu gün milli ruhda böyüyən gənclərimizin cəmiyyətdəki çoxluğu hansı səviyyədədir?
- Azərbaycan müstəqillik qazanandan sonra gənclərimizin milli ruhda böyüməsi prioritet istiqamətə çevrilib. Aşağı sinif şagirdi səhər Azərbaycanın himnini oxuyub, sonra dərsə başlayır. Bu himn onun qanına elə hopub ki, dərsdən evə qayıdan uşaqların bir hissəsi küçədə də himnimizi oxuya-oxuya, zümzümə edə-edə evə gedir. Bunu eşidəndə əhvali-ruhiyyəm çox qalxır. Amma hələlik gənclərimizin milli ruhda böyüməsi yetkin bir mexanizm vasitəsilə səmərəli şəkildə həyata keçirilmədiyindən hələlik kimin qanında milli ruh var, yalnız həmin hissə milli ruhun daşıyıcısı kimi çıxış edir. Həm də kifayət qədər uğurlu çıxış edir.
- Onların gələcəyə baxışları gəncliyimizə hansı təsir göstərə bilir?
- XXI əsr innovasiyalar əsridir. Dünya xalqları, ilk növbədə, gənclərin timsalında, çoxu bəlkə də bilmədən və ya tam gerçəkliyin fərqinə varmadan innovasiyalı inkişaf uğrunda yarışa giriblər. Kim bu yarışda önə çıxsa, qələbə çələngi ona qismət olacaq. Bu isə daha keyfiyyətli həyat şəraiti, daha firavan yaşayışın təmin olunması deməkdir. Azərbaycan gənci ABŞ-da, İngiltərədə, Fransada və digər ölkələrdəki dünyanın ən prestijli universitetlərində həmin millətlərin gəncindən yüksək təhsil nəticələri göstərə bilir, beynəlxalq olimpiadaların qalibləri ola bilir. Amma həmin gənclərin bir hissəsi Azərbaycana qayıdandan sonra öz potensialını reallaşdırmaqdan ötrü bəzən münasib iş tapa bilmir, bir hissəsi məcbur olub yenidən xaricə yollanmalı olur. Deməli, həmin potensialın maksimum reallaşması üçün əlverişli şərait yaratmaq lazımdır.
- Bir ziyalı kimi, sizcə, bu gün gənclərimizi daha çox düşündürən hansı məsələlələrdir?
- Bu gün hər gəncin öz potensial imkanları prizmasından baxanda öz üstünlüyü və öz problemi var. Əsas problem özünü, yəni öz potensialını tam reallaşdıra bilməməsidir. Müasir şəraitdə gənclərin rastlaşdığı problemlərin siyahısı çox genişdir. İlk növbədə, təhsilin keyfiyyəti əsaslı surətdə artırılmalıdır. Köklü islahatlar vasitəsilə təhsilin və səhiyyə xidmətinin keyfiyyəti əsaslı surətdə yüksəldilməli, təhsil sistemi azad vətəndaş və rəqabət qabiliyyətli kadr hazırlanmasına yönəldilməlidir. Gənc adamlar təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə rastlaşırlar, ali təhsilli gənclər arasında müəyyən qədər işsizlik problemi var. Azərbaycanda 15-29 yaş arası gənclər ölkə əhalisinin 29,3%-ni təşkil edir ki, bunun da 24,4%-i işləyir. 130 min işsiz gəncin 13,9%-i ali təhsilli, 54,6%-i orta təhsillidir. Üçüncüsü, bəzi istedadlı gənclər yüksək nəticələr əldə edib, ali məktəbə daxil olur, amma təhsil haqqını ödəyə bilmədiklərindən təhsildən kənarda qalır, təhsilini yarımçıq qoymaq və universitetdən uzaqlaşmaq məcburiyyətində qalır. Bunu nəzərə alaraq biz “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb Milli Məclisə təhvil vermişik. Tam əminliklə deyə bilərik ki, bu sənədin qəbulunda hökumətin özü maraqlıdır. Həmin qanunun qəbulu tezləşdirilməlidir.
Dördüncüsü, Azərbaycan gəncinin mənzilə ehtiyacı var. Biz ipoteka şərtlərinin sadələşdirilməsi və yumşaldılmasına dair təkliflər hazırlayıb təqdim etmişik. Çox ədalətli təkliflərdir. Qəbul olunsa, gənc ailələrin mənzil şəraitinin yaxşılaşmasında ciddi təkan olar. Ona görə fikrimizcə, ipoteka kreditləşməsi sisteminin inkişafı əhalinin geniş təbəqəsinin mənzil ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması kimi sosial məsələlərin həllinə töhfəsini artırmaqdan ötrü, onun mexanizmi əsaslı surətdə təkmilləşdirilməlidir. Düşünürük ki, ipotekanın ailə büdcəsindəki yükünü azaltmaqdan ötrü, hər şeydən əvvəl, adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 1-2 faizə endirilməlidir. İkincisi, hazırda adi ipoteka üzrə maksimum 50 min manat, güzəştli ipoteka üzrə isə 35 min manat verilir. Təklif edirik ki, ipoteka krediti ilə verilən vəsait heç olmasa, ailəyə hazırkı mənzil bazarı qiymətləri ilə ikiotaqlı mənzil almağa yetərli səviyyəyə qaldırılsın. Üçüncüsü, ipoteka kreditləri verilərkən ilkin ödəniş tətbiq olunur. Alınan yaşayış sahəsinin qiymətinin 20 faizdən az olmayan hissəsi (güzəştli kateqoriya üçün 15 faiz) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Bu amil ipoteka kreditləşməsi sahəsində ciddi müzakirə olunan məsələlərdən biridir. Hesab edirik ki, ilkin ödənişin aradan qaldırılması və ya daha əlçatan variantla əvəz edilməsi də zəruridir. Dördüncüsü, elə mexanizm hazırlanıb tətbiq olunmalıdır ki, rayonlarda yaşayanlar da ipoteka kreditindən faydalana bilsin.
-Gəncliyin aparıcı rolu şəraitində Azərbaycanın gələcəyini necə təsəvvür edirsiniz?
- Bu geniş mövzudur. Yalnız bir vacib məqamı qeyd edim ki, Azərbaycanın əsl davamlı tərəqqisi və uğurları birbaşa insan inkişafı sahəsində əldə edəcəyi nəticələrdən asılı olacaq. İnkişafın innovasiyalı yoluna çıxmaqdan ötrü islahatlar və milli dəyərlər kontekstində təfəkkürümüz köklü surətdə dəyişməli və milli dəyərlərimizdən qaynaqlanan YENİ MƏDƏNİYYƏT formalaşmalıdır. Təhsilin keyfiyyəti yüksəldilməli, gənclərin intellektual azad və fəal vətəndaş mövqeyi ruhunda tərbiyələndirilməsi sahəsində proqram xarakterli tədbirlər görülməlidir. Gənclərin innovasiyalı sahibkarlığının inkişaf etdirilməsinə diqqət artırılmalıdır. Regionlarda innovasiya fəaliyyətinin gücləndirilməsində dövlətlə özəl sektorun mütərəqqi partnyorluq üsullarından geniş istifadə edilməlidir. İnnovasiya fəaliyyəti haqqında qanun qəbul edilməli, innovasiya infrastrukturu formalaşdırılmalı, innovasiya fəaliyyəti sahəsində kadr hazırlığı genişləndirilməlidir. İnstitusional islahatlar həyata keçirilməli, səmərəli texnoloji innovasiyaların institusional təminatı problemi həll edilməli, insan kapitalı və innovasiyaların rolu artırılmalı, yeni ideya, ixtira və kəşf bazarları formalaşdırılmalı və inkişaf etdirilməli, istedadlı və rasional düşünmə qabiliyyətinə malik insanlar hər vasitə ilə təşviqləndirilməlidir.
Gənclik insan həyatının əvəzolunmaz səhifəsidir. Əgər o səhifələrə diqqət yetirsən, əlbəttə ki, bir gün o səhifələr gələcəyinə işıq saçacaq. Laqeydlik isə ancaq məhvə səbəb olacaq. Ümid edirəm ki, bizim gələcəyimiz məhz təhsilli gənclərimizin əlləri ilə parlayacaq, sabahlarımız nurla aydınlanacaq...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info