“Emirates” aviakompaniyası ABŞ-da Yaxın Şərq ölkələrindən olan sərnişinlərə təsir edən təhlükəsizlik qaydalarının tətbiqi ilə əlaqədar bu ölkənin beş şəhərinə reyslərin sayını azaldacaq.
“İnterfax” informasiya agentliyi xəbər verir ki, kompaniyanın məlumatına əsasən, reyslərin bir hissəsinin ləğv olunması ABŞ-a aviabilet tələbatının azalması ilə bağlıdır. Kompaniya Dubaydan Fort-Loderdeyl və Orlandoya gündəlik uçuşları həftədə yeddi reysdən beş reysə salmağı planlaşdırır. Həmçinin iyun ayında Boston, Sietl və Los-Ancelesə reyslər də gündə iki dəfədən bir dəfəyə endiriləcək. Xatırladaq ki, yanvarın sonlarında ABŞ Prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağa qoyan fərman imzalayıb. “Emirates” aviakompaniyasının prezidenti Tim Klarkın sözlərinə görə, bu səbəbdən ABŞ-a uçan sərnişinlərin sayı təxminən 1/3-dək azalıb.
|