Miqrasiya Məcəlləsinin qəbulu gözlənilir
Tarix: 18.04.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Bundan sonra həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər miqrasiya məsələləri ilə bağlı vahid bir sənədə müraciət edəcəklər

Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) və Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin sədri, millət vəkili Əli Hüseynli son illər ölkədə miqrasiya sahəsində mühüm işlər görüldüyünü bildirdi. Ə.Hüseynli bildirdi ki, artıq bir neçə aydır ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi-“ASAN xidmət” fəaliyyət göstərir: “ASAN xidmət”in fəaliyyətindən həm əcnəbilər, həm də ölkə vətəndaşları, iş adamları faydalana bilirlər. Eyni zamanda son illər ərzində ölkədə həm daxili, həm də xarici miqrasiya prosesləri müşahidə olunur. Bu, ilk növbədə, ölkəmizin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Əcnəbilərə xidmət göstərmək üçün bu prosesləri tənzimləmək məqsədilə artıq 2007-ci ildən Dövlət Miqrasiya Xidməti yaradılıb və müstəqil Azərbaycan tarixində ilk belə xidmət idi.
Lakin ilk olmasına baxmayaraq, çox yaxşı fundament əsasında quruldu və qısa zaman çərçivəsində xidmət yaxşı fəaliyyət göstərir. “ASAN xidmət”in də xidmət etdiyi sahələrdən, 9 dövlət orqanından biri məhz Dövlət Miqrasiya Xidmətidir”. Millət vəkilinin sözlərinə görə, tədbirin məqsədi odur ki, əcnəbi iş adamlarının fəaliyyətlərini qurmaq "ASAN xidmət" vasitəsilə təşviq olunsun: “Burada həm də maraq ondan ibarətdir ki, rüsumlar məhz “Asan xidmət” vasitəsilə həyata keçirilsin. Ona görə ki burada həyata keçirilən bütün proseslər şəffafdır, çox çevikdir. Onu da qeyd edim ki, “Asan xidmət”də fəaliyyət göstərən bütün dövlət orqanları fəaliyyətlərini şəffaf qurublar. Miqrasiya orqanlarının fəaliyyəti isə təkcə Azərbaycan vətəndaşları ilə bağlı yox, həm də xarici vətəndaşlar, əcnəbilərlə bağlıdır. Təbii ki, əcnəbilərlə bağlı olduğu üçün bu həm də ölkəmizin imici məsələsidir və biz bu məsələyə xüsusi diqqət yetiririk”.
Artıq bir neçə gündür ki, ölkə başçısı tərəfindən vacib bir sənəd, Miqrasiya Məcəlləsinin Milli Məclisə göndərildiyini deyən Ə.Hüseynli bildirdi ki, bu məcəllə Prezident Administrasiyasının Hüquq şöbəsində hazırlanıb: “Biz planlaşdırırıq ki, yaxın bir ay ərzində məcəllə parlamentdə həm komitədə, həm də plenar iclaslarda müzakirə ediləcək. Məcəllənin yaz sessiyası dövründə qəbulu nəzərdə tutulur. Bu məcəllənin qəbul olunması miqrasiya məsələlərinin vahid bir sənəddə toplanması deməkdir və bu baxımdan çox əhəmiyyətlidir. Bundan sonra həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər miqrasiya məsələləri ilə bağlı vahid bir sənədə müraciət edəcəklər. Yəni, ayrı-ayrı qanunlara, normativ aktlara, əsasnamələrə yox, ancaq miqrasiya məcəlləsinə müraciət edəcəklər. Bu həm ölkə vətəndaşları, həm də əcnəbilər üçün çox faydalı olacaq. Miqrasiya Məcəlləsi həm bizim vətəndaşlar, həm də əcnəbilər üçün davranış qaydalarını bilmək üçün vahid bir sənəddir. Bu sənəd daxili və xarici miqrasiya proseslərini tənzimləyəcək”.
Ümumiyyətlə, bu cür islahatların həm qanunvericilik, eləcə də idarəetmə islahatı, “ASAN xidmət”in bunun bariz nümunəsi olduğunu deyən millət vəkili qeyd etdi ki, bu, ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasıdır: “Bu vəzifələr ilk növbədə şəffaflıq, müasir və keyfiyyətli idarəetmə ilə bağlıdır. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi əsas fikirlərdən biri də ondan ibarət idi ki, münasibətlər dövlət orqanları, məmurlar və vətəndaşlar arasında hörmət əsasında qurulmalıdır. Məhz o tövsiyələrin icrası məqsədilə belə tədbirlər keçirilir”.
Tədbirdə çıxış edən Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev isə qeyd etdi ki, bu tədbir miqrasiya sahəsində çalışan mütəxəssislər və dövlət qurumları o cümlədən biznes strukturları üçün səmərəli olacaq.
Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev isə çıxışında bildirdi ki, son illər ölkədə gedən dinamik inkişaf Azərbaycana xarici ölkələrdən miqrantların axınına şərait yaradıb. DMX yaxın gələcəkdə də bu prosesin davam edəcəyini gözləyir. Azərbaycanda miqrasiya sektorunda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdıran idarə rəisi, Miqrasiya Məcəlləsinin qəbulunun bu sahədə mühüm addım olacağını bildirdi.
Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli bildirdi ki, “ASAN xidmət” mərkəzləri Prezidentin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən, yaradılıb. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlar olan “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Bildirildi ki, “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsədin vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması və bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır. Həmçinin vurğulandı ki, “ASAN xidmət” mərkəzləri dörd istiqamət üzrə fəaliyyət göstərir ki, onlardan biri də səyyar xidmətlərdir. Səyyar xidmətlər dedikdə vətəndaşın qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlər onun yaşayış və ya iş yerində təhvil götürülə və təhvil verilə bilər. Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir. Hazırda səyyar xidmətlərin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Yaxın vaxtlarda xidmətlərin həyata keçirilməsinə başlanması nəzərdə tutulur. Həmçinin bildirildi ki, “ASAN xidmət”də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi də öz əksini tapıb. Burada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi və müddətinin uzadılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşamaq hüququnun (immiqrant statusu) verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi nəzərdə tutulur.
Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin baş inspektoru Xəyalə Abbasova “Miqrasiya Xidməti sektorunda aparılan son qanunvericilik islahatları” mövzusunda, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr söbəsinin müdiri Azad Cəfərli isə “ASAN Xidmət Mərkəzində göstərilən xidmət növləri arasında Miqrasiya Xidməti barədə” mövzusunda təqdimatla çıxış edib.

Əli Hüseynli: “Ölkədə işləyən əcnəbilər qarşısında Azərbaycan dilini
bilmək tələbinin qoyulmasına ehtiyac yoxdur”

«Azərbaycanda işləmək istəyən əcnəbilər qarşısında Azərbaycan dilini bilmək tələbinin qoyulması nə dərəcədə doğrudur, bunu deyə bilmərəm».
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Rusiyada tətbiqinə başlanılmış belə bir metodun Azərbaycanda tətbiqi ilə bağlı sualı cavablandıran komitə sədrinin sözlərinə görə, ölkədə bütün şirkətlərdə yazışmalar və sənədləşmə işləri dövlət dilində aparılır: “Ona görə də belə bir qaydanın tətbiqinə zərurət yoxdur. Məncə, onlar özləri maraqlı olmalıdır ki, Azərbaycan qanunvericiyinin tələblərində və bu tələblərin yerinə yetirilməsində həm də Azərbaycan dilini bilmək vacibdirsə, onda onlar öyrənmək məcburiyyətində qalacaqlar”.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info