Fransa prezidenti kim olacaq-Makron, yoxsa Le Pen?
Tarix: 25.04.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Fransanın 47 departamentində liderlik edən Le Pen Parisdə cəmi 5 faiz səs toplayıb

Fransanın keçmiş iqtisadiyyat naziri, “İrəli” hərəkatının banisi Emmanuel Makron və “Milli cəbhə” partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turuna adlayıb. Qaliblər arasında fərq cəmi bir neçə faiz təşkil edib: müvafiq olaraq 23,75 və 21,53 faiz. Seçkidə üçüncü yeri 19,91 faizi səs toplayan “Respublikaçılar” partiyasının namizədi, ölkənin keçmiş baş naziri Fransua Fiyon, sonrakı yeri 19,64 faiz səslə “Fəth olunmamış Fransa” hərəkatının lideri Jan-Lük Melanşon tutub.
İlk turun qalibi Makron seçicilərinə “Avropada güclü Fransa” qurmaq vədi verib. “İki həftədən sonra milliyyətçilərin təhdidi qarşısında sizin, bütün Fransa xalqının, vətənpərvərlərin prezidenti olmaq istəyirəm”, - deyə Makron tərəfdarları qarşısında çıxış edərkən bildirib. Marin Le Pen də öz növbəsində mayın 7-də keçiriləcək seçkilər barədə fikirlərini açıqlayıb. O, seçicilərə müraciətlə deyib: “Sizin qarşınızda çox sadə seçim dayanıb - ya müdafiəsiz, sərhədsiz dövlət, dünya rəqabəti və kütləvi mühacir axınını, ya da bizim iş yerlərimizi, alıcılıq qabiliyyətimizi, təhlükəsizliyimizi və suverenliyimizi qoruyacaq öz sərhədi olan Fransanı seçməlisiniz”. Le Pen artıq öz partiyasının rekordunu yeniləyib - aprelin 23-də o, təxminən 7 milyon fransızın səsini qazanıb. “Milli cəbhə” partiyasının namizədi Fransanın 47 departamentində liderlik edib, Makron isə 42 regionda qələbə qazanıb. Bununla yanaşı, Le Pen Parisdə məğlub olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, orada Le Penə cəmi 5 faiz seçici səs verib. Makron isə əsas rəqiblərini xeyli qabaqlayaraq, paytaxtda 35 faizədək səs yığıb. Seçkilərin birinci turu başa çatdıqdan bir neçə saat sonra paytaxtda qarşıdurmalar yaşanıb, iki nəfər xəsarət alıb. Nümayişçilər avtomobilləri yandırıb, köşkləri aşırıb, reklam konstruksiyalarını sındırıblar. Etirazçılar yalnız gecəyarısı, polis gözyaşardıcı qaz və səs bombalarını işə saldıqdan sonra dağılışıblar. İkinci tur öncəsi siyasətçilərin əksəriyyəti Emmanuel Makronun qələbəsinə inanır. Tərəfdarlarını öz səslərini Makrona verməyə çağıran respublikaçı Fransua Fiyon və sosialist Benua Amonun mövqeyi keçmiş nazirin lehinədir. Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Seçkinin ilk turunu dəyərləndirən Qərb mediası Fransa cəmiyyətinin parçalanmasına xüsusi diqqət ayırıb. Qərb mediası Emmanuel Makronun yanında yer alır. Onlar Fransanı seçkinin ikinci turunda “yaxşı” və “pis” arasında doğru seçim etməyə çağırıblar. Avropadakı siyasi mənzərə ilə bağlı narahatlıqlarını ifadə edən Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri Makronun qələbəsini də çətin qələbə kimi dəyərləndirib: “Fransızların 40 faizindən çoxu sol ifrat və ya sağ namizədlərə səs verib. Makronun az səs çoxluğu ilə qalib gəlməsi, onun qarşıdakı turda qalib gələ biləcəyinə o qədər də zəmanat vermir”. Məqalə müəllifinin fikrincə, baş verənlər Avropa siyasi arenasında radikallaşmanın vüsət almasına dəlalət edir. “Washington Post” nəşri də ölkənin milli kimlik məsələsi üzündən iki düşərgəyə bölündüyünü yazır. Nəşr yazır ki, Fransa tarixində ilk dəfə olaraq, seçicilər sosialist və mühafizəkarların nümayəndəsi deyil, ölkədə dəyişikliklər edəcəyi vədini verən namizədə səs veriblər: “Ölkəni Avropa İttifaqından, NATO-dan çıxaracağına söz verən “Milli Cəbhə” lideri Le Pendən fərqli olaraq, “İrəli” hərəkatının lideri «Kollektiv həmrəyliyə» inam nümayiş etdirərək, Avropa İttifaqını gücləndirməyin tərəfdarı kimi çıxış edir. İsveçrənin “Le Temps” nəşri yazır ki, Fransa cəmiyyətindəki parçalanma ölkə üçün yaxşı hal deyil: “Fransanı “fundamental dəyişikliklər” gözləyir. Yekunda Fransa ya bütün baryerləri aşaraq öz problemləri ilə dünyaya açılmış olacaq, ya da bu problemlər sərhəd daxilində gizlədilmiş olacaq”. ABŞ-ın “Los Angeles Times” nəşri hesab edir ki, Makron-Le Pen mübarizəsinin nəticəsi nəinki Fransanın, həm də Avropa İttifaqının gələcəyini müəyyən edəcək. Britaniyanın “The Guardian” nəşri “İrəli” hərəkatının liderini Fransa üçün “perspektivli şans” kimi dəyərləndirir. İsrailin xəbər saytı olan “Haaretz” isə qeyd edir ki, Le Pen seçkilərdə qalib gələcəyi təqdirdə Fransa polis dövlətinə çevriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info