Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
Tarix: 28.04.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Bu istiqamətdə işlərin aktivləşdirilməsi diaspordan lobbiçiliyə keçidi sürətləndirəcək
Azərbaycan məhsullarının xaricdə təbliğinin əsas yollarından biri də dünya KİV-lərinə çıxmaqdır. Ümumiyyətlə, nəinki məhsullarımızın, ölkəmizin belə, xaricdə tanınmasında beynəlxalq KİV-lərlə əməkdaşlıq vacib amildir. Aprelin 17-ə Qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bu məsələyə də toxunaraq keçən ildən xarici kütləvi informasiya vasitələrində reklam kampaniyalarına başlanıldığını deyib: “Bunu turizmə, eyni zamanda Azərbaycanda istehsal olunan mallara aid etmək olar. Bu iş də müntəzəm olaraq aparılmalıdır. Bunun üçün müvafiq büdcə ayrılmalıdır və hesab edirəm ki, dövlət burada da sahibkarlara kömək göstərməlidir. Çünki sahibkar o əlavə vəsaiti xərcləmək üçün, əlbəttə, yüz dəfə fikirləşər ki, bu reklamı yerləşdirsin, yoxsa yox. Yəqin ona görə ki, ixrac ediləcək məhsulların həcmi böyük deyildi. Ona görə, bizdə, hələ ki, reklamla bağlı böyük anlayış yoxdur. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixracyönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir”.

“Həm turizmin inkişafına, həm də milli məhsulların xaricdə satışı üçün əlimdən gələn köməyi etməyə hazıram”

Xarici kütləvi informasiya vasitələrində turizm, eyni zamanda Azərbaycanda istehsal olunan məhsulların təbliğində diasporun da əhəmiyyətli rolu var. Diaspor bu təbliğati fəaliyyəti özünün əsas strategiyası olaraq həyata keçirməlidir. Eyni zamanda yaşadıqları ölkələrdəki media orqanları ilə əlaqələrin qurulmasında dövlətimizə və ya sahibkarlara dəstək olmalıdır. Bu istiqamətdə işlərin aktivləşdirilməsi diaspordan lobbiçiliyə keçidi sürətləndirəcək. Çünki brend məhsullarımızın xaricdə bu və ya digər formada tanınması ölkəmizin iqtisadi olaraq lobbizminə xidmət edir. Ola bilər ki, bu gün bir çox ölkədə siyasi olaraq lobbiçilik aparmaq mümkün deyil. Amma iqtisadi olaraq lobbiçilik üçün böyük imkanlar var. Elə ölkələr var ki, Azərbaycan məhsullarının onların vitrinlərinə çıxmasına özləri maraqlıdır. Belə olan təqdirdə bu cür ölkələrin mediasında PR olunmaq da asanlaşır. Sadəcə, bu istiqamətdə aktivliyi artırmaq və xaricdəki təşkilatlarla əməkdaşlığı gücləndirmək lazımdır. Bu istiqamətdə əməkdaşlığa açıq olan təşkilatlar xaricdə az olsa da, amma yox da deyil. 2015-ci ildə yaradılan Niderlandın “Connect” təşkilatının hədəflərindən biri də budur. Həmkarımız Vüqar Abbasovun rəhbəri olduğu bu təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib. Hətta təşkilatın həmtəsisçisi və katibi Vimvan Embden ötən il ölkəmizə səfər edərkən əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürmüşdü. Təəssüf ki, Azərbaycan tərəfdən həvəs göstərilmir. Vüqar Abbasov bildirdi ki, xaricdə olan diaspor təşkilatları imkan düşdükcə ümumilikdə Azərbaycanımızın turizm imkanlarını təbliğ etməyə çalışır: “Ancaq, əgər məsələ hər hansı bir turizm obyektindən, yaxud hansısa məhsulun satışından gedirsə, bu artıq biznesdir. Yəni hər hansı məhsulun satışı, təbliği sırf biznes marağıdır. Bilirsiniz ki, ölkəyə turistlərin gəlməsindən, həmçinin oradakı turizm şirkətləri, hotellər və s. gəlir əldə edəcək. Eləcə də Azərbaycanda istehsal olunan hər hansı məhsulun xaricdə təbliğindən həmin istehsalçı şirkət qazanacaq. Hər bir məsələni diasporun boynuna qoymaq düzgün deyil. Diaspor bütövlükdə ölkənin maraqlarını qorumağa mənən borcludur ki, əslində, bu da hər insanın özündən asılıdır. Diaspor fəaliyyəti könüllü olan bir işdir, burda məcburiyyət ola bilməz, heç qınaq da”. Vüqar Abbasov “Connect” olaraq, məmnuniyyətlə həm turizmimizin inkişafına, həm də milli məhsulların xarici bazarlarda satışının təşkil edilməsi üçün əlindən gələni etməyə hazır olduğunu dedi. “Təbii ki, bizə bu barədə müraciət olunarsa”, deyə əlavə etdi.

“Made in Azerbaijan” brendinin təbliği ölkəmizi tanıtmaq üçün vasitədir”
Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı düşünür ki, milli diasporun Azərbaycan adına hər bir işdə, hər bir sahədə böyük rolu və dəstəyi mümkündür: “Söhbət tarixi vətəndən gedirsə, onun hərtərəfli inkişafı üçün fəaliyyət göstərilməlidir. Yəni turizm və “Made in Azerbaijan” brendinin təbliğinin özü də vətənə xidmət və ölkəmizi tanıtmaq üçün vasitədir. Çünki Azərbaycanlılar, diaspor üzvləri xaricdə müxtəlif sahələrdə, eləcə də turizm və ticarət sahəsində fəaliyyət göstərirlər. Onlar öz imkanlarından istifadə edərək Azərbaycanın tanıdılması və iqtisadiyyatının inkişafına qatqıda olmalıdırlar. Çünki turizm və ticarət dolayısı ilə təbliğatdır. Yəhya Babanlı təklif edir ki, məhsullarımızın təbliği üçün Diaspor evləri vasitəsilə təqdimatlar keçirilə bilər: “Eyni zamanda Azərbaycan günləri təşkil edilə bilər ki, həmin tədbirlərə xüsusi qonaqlar dəvət olunar, ictimaiyyət və biznes nümayəndələrini maraqlandıran və təşviq edən proqramlar nümayiş oluna bilər. Hökumətlərarası İqtisadi Komissiyalara diaspor nümayəndələri salına bilər. Səfirliklərimizin yanında diaspor üzvlərindən ibarət İşçi qrupları formalaşdıra bilər. Fərdi olaraq məsələyə yanaşsaq, hər bir diaspor üzvü Azərbaycan ilə bağlı yaxşı mənada danışsa və hər bir vasitə ilə Azərbaycan məhsuluna müraciət etsə, yaşadıqları cəmiyyətdə əks-səda doğuracaq və effekt verəcək”.

“Ən böyük Azərbaycan holdinqləri Rusiya bazarında geniş çeşidləri ilə təmsil olunublar”

Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri, ÜAK- ın Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyevsə Rusiyanın müxtəlif saytlarında, federal telekanallarında və jurnallarında Azərbaycanın təbliğinə yönəldilmiş materialların dərc olunduğunu dedi: “Ən böyük Azərbaycan holdinqləri Rusiya bazarında geniş çeşidləri ilə təmsil olunublar. Onlar tez-tez Rusiya kanallarında müxtəlif teleşouların sponsoru kimi işıqlanırlar. Əgər Moskva küçələrində hərəkət edərkən diqqətli olsaq, Azərbaycanın turizm potensialını təbliğ edən reklam elanlarını görmək mümkündür. Bu kimi biznes sahəsində çalışan iş adamlarının bir çoxu da diasporda fəaliyyət göstərən insanlardır”.

“Xarici KİV-lərdə milli məhsulların təbliği ilə bağlı iş aparılmır”

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd isə bildirdi ki, xaricdə KİV-lərdə milli məhsulların təbliği ilə bağlı heç bir iş aparılmır: “Mən diasporla bağlı gündəlik xəbərləri yaxından izləyən adam kimi deyə bilərəm ki, keçirilən yüz tədbirdən biri Azərbaycan məhsullarının təbliği ilə bağlı olar, ya olmaz. Hansısa diaspor təşkilatının davamlı olaraq Azərbaycan çayının, şərabının və s. təqdimatını keçirməsini və ya yaşadığı ölkənin mediasında bu barədə yazılar verməsini görməmişəm. Səmimi olaraq deyim ki, ümumilikdə bu yöndə işlər çox az aparılır”. Nail Əhməd qeyd etdi ki, PAGŞ olaraq may ayının ilk ongünlüyündə Azərbaycan şərablarının “VinoTesting” adlı sərgidə təqdimatını edəcəklər: “Ümumilikdə diaspor təşkilatları olduqları ölkələrin mediası ilə sıx əməkdaşlıq etməlidir. Çünki indiki zamanda media artıq bir gücə çevrilib”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info