Türkiyədə sambonu tanıdan azərbaycanlı
Tarix: 19.04.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Türkiyə Sambo Klubları Birliyinin rəhbəri Qadir Məmmədovun “Palitra”ya eksklüziv müsahibəsi

- Qadir bəy, ilk olaraq mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz.
- Mən Məmmədov Qadir 1975-ci ildə Ağdam rayonunda anadan olmuşam. 6 yaşımdan etibarən idmanın sambo növü ilə məşğul olmuşam. 1991-ci ildə keçmiş SSR-i çempionu oldum. Türkiyədə “sambonu Türkiyəyə gətirən adam” olaraq tanınıram. Hal-hazırda Türkiyə Sambo Klubları Birliyinin rəhbəriyəm.
-Necə oldu ki, Türkiyədə yaşamalı oldunuz?
- Yuxarıda bəhs etdiyim kimi, 6 yaşımdan sambo ailəsinin içindəyəm. Samboya başlamağım böyük qardaşım Əli Məmmədovun sayəsində oldu. Bizim məhəllədə otluqda uşaqlarla güləşirdik. Məhəllədə hamını yıxınca qardaşım məni əlimdən tutub samboya apardı. Mənim ən böyük şansım bu idmana Ağdam Sambo məktəbi kimi bir məktəbdə başlamaq oldu. Ağdam Sambo məktəbi tam bir ailə kimidir. Rəhmətlik Ənvər müəllim və Əbülfəz müəllim bizə ata kimi idilər. Çox intizamlı bir məşq üsulumuz vardı. Ümumiyyətlə, Azərbaycan Sambo Federasiyası indi olduğu kimi keçmiş sovet dövründə də çox bacarıqlı idi. Ağdam, Gəncə, Dəvəçi, Sumqayıt, Mingəçevir, Bakı və Əlibayramlı sambo məktəbləri həmişə dünya səviyyəsində samboçular çıxarıblar. Tam 11 il qar-qış, yağış-palçıq demədən hər gün məşqə getdim. Çoxlu yarışlarda iştirak etdim. Bütün yarışlarda ən az 30-40 birincilik, 3-5 üçüncülük qazanmışam. Həyatımda sadəcə 1 dəfə finalı uduzaraq ikinci olmuşam. Mən finala çıxanda artıq mənə “çempionsan” deyirdilər. 1991-ci ildə keçmiş SSRİ çempionu oldum, sonra siyasi böhran vəziyyəti yarandı. Bu, biz idmançılara da təsir etdi. Həmin dövrdə çox idmançı idman həyatını davam etdirmək üçün xaricə getmək məcburiyyətində qaldı. Mən də həm təhsil, həm də idman həyatımı davam etdirmək üçün 1992-ci ildə Türkiyəyə gəldim. Daha sonra Avropaya getdim. 3 il Almaniya və Hollandiyada yaşadıqdan sonra 1995-ci ildə yenidən Türkiyəyə qayıtdım və instituta daxil oldum. Həm işlə, həm təhsillə əlaqədar burda yaşamağa başladım.
-Rəhbəri olduğunuz təşkilat nə vaxt yaradılıb və əsas fəaliyyət istiqamətləri hansılardır?
- Mən sambodan heç bir vaxt ayrılmamışam. Sambo həmişə mənim həyatımın bir parçası olub. Mən də hər zaman dünya sambo ailəsinin bir parçası olmuşam. Vaxtı ilə mənimlə eyni zalda mübarizə aparanlar artıq dünyada sambonu idarə edən insanlardır. Onlarla dostluğumuz həmişə davam edib. Mən 2008-ci ildə Türkiyədə sambo idman növünü tanıtmağa başladım. Bu işləri 2009-cu ildə daha aktiv hala gətirərək sambo məşqlərinə başladım. 2010-cu ildə Türkiyədə ilk olarak Sambo Klublar Birliyi dərnəyini qurmuşam. Türkiyədə sambonun tanınması və dünya sambo ailəsində də Türkiyənin tanınması üçün çox fədakarlıqlar göstərmişəm. Bu zəhmətimiz hesabına 2011-ci ildə Avropa Sambo Federasiyasına və 2012-ci ildə də Dünya Sambo Federasiyasına rəsmi daimi üzv olaraq qəbul edildik. Mən eyni zamanda Avropa Sambo Federasiyasının komissiya üzvüyəm. Son 3 ildə bir qayda olaraq hər il Avropa və dünya çempionatlarında iştirak edirik. Son iki ildə İdman Nazirliyi ilə də görüşlər keçirmişik. Bu görüşlərimizin sonunda biz də artq rəsmi idman növü olaraq tanınırıq. Çox yaxın tarixdə nazirlik tərkibində federasiya olaraq statusa nail olacağıq. Artıq Türkiyədə sambo idman növü sürətlə tanınmaqdadır. Biz Türkiyə gəncliyinə, idmanına töhfəmizi verməyə və sambonu təbliğ etməyə davam edirik.
- Klubunuza azərbaycanlılar da üzv olubmu?
- Mənim azərbaycanlı olmağım, təbii ki, bir çox həmvətənlərimi bizim cəmiyyətə çəkir. Bunlar daha çox idmanla məşğul olmağa çalışan gənclərdir. Əlbəttə ki, bu, məni sevindirir. Türkiyə Sambo Dərnəyi olaraq ilk iş birliyimizi, təbii ki, Azərbaycan Sambo Federasiyasıyla imzalamışıq. Hazırda qardaş federasiya statusunda işbirliyimiz artaraq davam etməkdədir. Mən Türkiyədə idman sahəsində çox önəmli işlər görmüş və indidən türk idman tarixinə adını yazdırmış azərbaycanlıyam. Mənim gördüyüm işlər Türkiyədə Azərbaycan və azərbaycanlılar imicinə dəyər verəcək səviyyədədir. Mən bu vəziyyətdə burdakı azərbaycanlı iş adamlarınında bizim bu fəaliyyətlərimizə dəstək olmalarını arzu edirəm. Çünki iş və sosial sahələr bir-biri ilə yaxından əlaqədardır. Ancaq dəstək olmaları üçün bunu başa düşmələri vacibdir.
- Sizin tələbələriniz hansı beynəlxalq idman yarışlarında qalib olub?
- Biz hələ ki İdman Nazirliyinin büdcəsinə daxil olmadığımız üçün ancaq öz imkanlarımız hesabına yarışlarda iştirak edirik. Ancaq hər il bir qayda olaraq mütləq dünya və Avropa çempionatlarında və institutlar arası dünya kuboklarında iştirak edirik. Yarışlar daha çox sponsorluqlarla əlaqədardır. Bu ilin yayından sonra daha çox yarışlara getməyi planlaşdırırıq.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Mənim bu dərnəyi qurmağımdakı səbəblərdən biri də Türkiyə, Azərbaycan və Rusiya arasında sosial və idman sahəsində körpülər qurmaq, ortaq dəyərləri meydana gətirmək və ölkələri, xalqları, gəncliyi daha yaxınlaşdırmaqdır. Qonşuluq əlaqələrinin sadəcə ticarət olması sağlam və daimi deyildir. İdman və sosial fəaliyyətlər qonşuluq əlaqələrində daha səmimi birlik təkliflərini ortaya qoyur. Siyasət və iqtisadiyyat üçün idman və mədəni fəaliyyətlər vacibdir. Unutmaq lazım deyil ki, idman qardaşlıqdır.
-Onların işinə hansı formada köməklik göstərə bilirsiniz?
- Mən dünyanın bir çox yerində olmuşam və hal-hazırda dünyada 80 ölkənin sambo federasiyası ilə aktiv iş birliyim var. Dünya sambo ailəsinin bir üzvü olaraq fəaliyyət göstərirəm. Türkiyəni dünyada layiqincə təmsil edirəm. Diasporla, təbii ki, həm təcrübələrimizi, həm də güclərimizi birləşdirə və birlikdə həyata keçirə biləcəyimiz bir çox layihəmiz ola bilər. Xatırlatmaq istəyirəm ki, mənim fəaliyyət mərkəzimin olduğu İstanbul şəhəri 2010-cu ildə Avropa Mədəniyyəti paytaxtı və 2012-ci ildə də Dünya İdman paytaxtı seçilib. O prosesləri mən də yaxından təqib etmişəm və bu prosesdə fəaliyyətimizlə iştirak etmişik. İndi İstanbul daha böyük təşkilatçılığa namizəddir. Bildiyiniz kimi, İstanbul 2020-ci il Olimpiadasına da ən güclü namizəddir. İstanbul hər keçən gün bir çox baxımdan dünyanın mərkəzinə çevrilir. Bu mənada bizdə idman quruluşu olaraq önəmli təsirlərə və buna paralel olaraq hər il sayı və önəmi artan mədəni və idman festivalları daxilində işlər gerçəkləşdirə bilirik. Və təbii ki, bir araya gəlib görüşlər təşkil edərək daha çox layihələr həyata keçirə bilərik.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info