Konfrans iştirakçıları dünya elm ictimaiyyətinə müraciət ünvanlayıb
Tarix: 28.04.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans nəinki Azərbaycanın, həmçinin onunla ümumi taleyi ilə bağlı olan digər ölkələrin elmi həyatında mühüm hadisə olmuşdu. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası (Moskva, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Almaniya, Albaniya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan və başqa ölkələrdən olan tarixçi-alimlər XX əsrin əvvəllərində Azərbaycan və digər türk-müsəlman xalqlarının tarixində qanlı iz qoymuş hadisələri müzakirə etdilər.
Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hindistan və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərqi Anadoluda, Türküstanda, Şimali Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut etdilər.
1918-ci ilin yazında Şimali Azərbaycanda türk-müsəlman əhalinin və digər millətlərin on minlərlə nümayəndəsi, o cümlədən günahsız uşaqlar, qadınlar və qocalar ancaq etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilmişdilər. Bəşəriyyətə qarşı tarixdə görünməmiş, bu dəhşətli cinayət bolşevik-daşnak qüvvələrinin idarə etdiyi Bakı Soveti tərəfindən təşkil edilmiş və həyata keçirilmişdi.
“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın məhz Lənkəranda keçirilməsi təsadüfi deyildir. Azərbaycan ərazisində ən qədim yaşayış yerlərindən biri olan bu şəhər və onun ətrafı 99 il öncə Azərbaycan xalqına qarşı soyqırımları siyasətinin tərkib hissəsi olmuş erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən ağır cəza əməliyyatına məruz qalmışdır.
Azərbaycan xalqına qarşı soyqırımları siyasətini təkcə daşnak-bolşevik Bakı Soveti deyil, həmçinin 29 may 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında – qədim İrəvan şəhəri və onun ətrafında yaradılmış Ermənistan (Ararat) Respublikası dadövlət səviyyəsində həyata keçirmişdir.
Ermənilərin Azərbaycan xalqına qarşı işğalçılıq siyasətinin növbəti mərhələsi 1980-cı illərin sonunda Ermənistan SSR-in ərazisindən İrəvan və Zəngəzur bölgələrinin yerli əhalisi olan 200 mindən çox azərbaycanlının qovulması ilə başlandı. Nəticədə indiki Ermənistan Respublikası ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi. Bundan əlavə, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan bir milyondan çox azərbaycanlı qovularaq öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı əhalinin soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət oldu.
Dərin təəssüflə bildiririk ki, dünya birliyinin nüfüzlu siyasi dairələri erməni təcavüzünün aradan götürülməsi tələblərinə biganə yanaşır və hətta aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunmuş qərar və qətnamələrə belə məhəl qoymur. Konfransımızın nəticələri təsdiq edir ki, Qafqaz bölgəsinin bir sıra ölkələri və xalqlarının tarixi torpaqlarına iddia edən erməni millətçiliyi dünyanın güc mərkəzlərinin maraqlarının təmin edilməsi siyasətinin alətlərindən biri kimi çıxış edir.
Böyük dövlətlər öz ənənəvisiyasətinə sadiq qalaraq yenidən Yaxın Şərq və Ön Asiyanı, Kiçik Asiya və Qafqazı hədəfdə tutduğu bir şəraitdə konfrans iştirakçıları bu bölgələrin ölkələri və xalqlarının təhlükəsizliyi üçün ciddi təhdidlərin mövcud olmasını qeyd edir. Ayrı-ayrı dövlətlərin daxili işlərinə kobud müdaxilə onları yox olmaq təhlükəsi qarşısında qoymuş, dinc insanların kütləvi qətlinə, ümumbəşər mədəni və tarixi abidələrin dağıdılmasına, vandalizmin artımına şərait yaratmışdır. “İnsan hüquqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrorizmə qarşı mübarizə”nin adı altında böyük dövlətlər əslində yalnız soyqırımlar və terror üçün əlverişli şərait yaradaraq dünyanı təsir dairələrinə yenidən bölmək uğrunda ölüm-dirim mübarizə aparırlar. Başqa sözlə desək, Xaç yürüşləri və Böyük coğrafi kəşflər dövründən başlayan özgə torpaqların zəbt edilməsi, yerli xalqların və onların yaratdığı qədim mədəniyyətlərin məhv edilməsi siyasəti bu gün yeni üsullarla və yeni formalarda davam olunmaqdadır. Bu siyasətin əsas hədəfi isə yenidən Şərq xalqları, o cümlədən türk və islam aləmidir.
Yaxın Şərqdə baş verən hərbi münaqişələr yerli əhalinin Avropaya güclü axınına səbəb olmuşdur. Milyonlarla insan qurbanı, görünməmiş dağıntı və fəlakətlərlə nəticələnən Birinci və İkinci dünya müharibələrinin başlandığı Avropada isə yenidən faşizm, irqçilik, islamofobiya baş qaldırmaqdadır. Belə şəraitdə Qərb dünyanın müxtəlif bölgələrində avroatlantik birliyin nüfuzunun saxlanılması məqsədilə ikili standartlar siyasətini yürütməyə üstünlük verir.
Biz, tarixçi-alimlər, hesab edirik ki, dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan böyük güc mərkəzləri dövlətlərin və dinc insanların məhvinə gətirib çıxaran dağıdıcı siyasətdən əl çəkməlidirlər. Cəmiyyətin qabaqcıl hissəsi olan alimlər istər nüfuzlu dövlətlər, istərsə də Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların apardığı “idarəolunan xaos”, ikili standartlar siyasətini mühakimə etməyə çağırırlar. Dünya nizamı pozulmamalı,beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilmiş BMT-nin bütün qətnamələri yerinə yetirilməli və dünyadakı hansısa qüvvələrin maraqlarına xidmət etməməlidir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinə əməl olunmasının xüsusi zəruriliyi var.
Beynəlxalq hüquq normalarının icra edilməməsi “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçılarında dərin təssüf hissi doğurur. Bütün Azərbaycan torpaqları üzərində suverenliyinin bərpası, dövlətinin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının haqqıdır. Və biz bu ədalətli mübarizəni dəstəkləyirik!
Biz, konfransın iştirakçıları, hesab edirik ki, qlobal təhlükəsizliyi ancaq ədalət, qanunçuluq və sabitlik təmin edə bilər. Yalnız beynəlxalq hüququn norma və prinsiplərinə dəqiq riayət edərək, terrorçuların, ekstremistlərin və separatçıların cinayətlərinin qarşısını almaq, ölkələrin və xalqların hüquq bərabərliyi əsasında dinc yanaşı yaşaması üçün müasir dünya nizamını qurmaq, öz tamahkar maraqlarını güdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq olar.
İndiki gərgin vəziyyətdə nəinki siyasətçilər, həm də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında yaradıcı dialoqu inkişaf etdirmək, millətlərarası və dinlərarası ədavətə son qoymaq, terrorun qarşısını alınması və silahlı münaqişələrin həlli məqsədilə əlindən gələni etməlidirlər. Mütləq prioritet kimi xalqların tarixi hüquqlarına, onların milli və dini hisslərinə və məsləklərinə, ənənəvi dəyərlərinə və əxlaqi ideallarına hörmət edilməlidir.Bu kontekstdə Azərbaycanın çoxəsrlik ənənələr və xalqın mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini özündə kəsb edən dəyərli tarixi təcrübəsini qeyd etmək lazımdır.
“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans bütün xalqların birgə dinc yaşayışı üçün Azərbaycan cəmiyyətinin iradəsini nümayış etdirərək sülh və dostluğa çağırır.
Biz, konfransın iştirakçıları, beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalçılarının cinayətlərini sübut edən faktlara yönəldərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmağa çağırırıq! Dünya birliyi erməni millətçiləri tərəfindən soyqırımına məruz qalmış Azərbaycan və digər xalqlara qarşı tarixi ədalətin bərpası naminə, tarixin qanlı səhifələrinin təkrarlanmaması üçün qəti addımlar atmalıdır. Bu, regionda və dünyada sabitlik və təhlükəsizlik naminə bütün dünya birliyinin marağındadır!
Biz əminik ki, 1918-1919-cu illərdə dəhşətli soyqırım faciəsini yaşamış Azərbaycan şəhəri Lənkəranda keçirilən IV Beynəlxalq soyqırım konfransı ölkələrimizin tarixi keçmişinin dünya tarixçiləri tərəfindən birgə tədqiq olunmasında, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.
Biz, IV Beynəlxalq soyqırım konfransının iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info