Məcburi köçkünlər üçün 10 mikrorayon salınacaq
Tarix: 20.04.2013 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, çoxlu sayda iaşə, mədəniyyət müəssisələri, idman qurğuları tikiləcək

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsinə həsr olunmuş müşavirə keçirilib.
“Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev bildirib ki, Qobuda məcburi köçkünlər üçün tikiləcək yeni böyük yaşayış massivində 10 mikrorayon olacaq. Onun sözlərinə görə, hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub. Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək. Y. Nağıyev deyib ki, ərazidə geoloji kəşfiyyat işləri də aparılıb: “Qobu Yaşayış Massivinin ərazisində 3250 kəşfiyyat quyusu qazılıb. Həmin ərazi yaşayış üçün yararlıdır”.
Baş nazirin müavini Əli Həsənov isə qeyd edib ki, tikiləcək yeni yaşayış massivi ən son standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq.

Yaxın 2-4 il ərzində Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək

Komitə sədri müşavirədə onu da bildirib ki, yaxın 2-4 il ərzində Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək. Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır: “Hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi gedir. Bu, 8-10 min nəfər deməkdir. Qalan məcburi köçkünlər hamısı yeni yaşayış massivinə köçürüləcək”. Yeni yaşayış massivi 90 000 məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir.
Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir və son 3 ayda 3 yeni müasir qəsəbənin açılışında iştirak edib. Bütün bu qəsəbələr ən yüksək keyfiyyətlə tikilib. Bu il də ölkənin 7-8 rayonunda yeni qəsəbələr tikilir. Gəncədə 500 yerlik müasir tələblərə cavab verən mədəniyyət sarayı da tikilməkdədir. O qeyd edib ki, yeni yaşayış massivində yüngül sənaye və yeyinti müəssisələri də tikiləcək.

Yeni araşdırmalardan sonra Ermənistanın işğalçılıq siyasətinin Azərbaycana vurduğu ziyanın ilkin məbləği açıqlanıb
Beynəlxalq qiymətləndirmə təşkilatları ilə birgə aparılan araşdırmalar nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində vurulan ziyan ilkin hesablamalara görə, 300 milyard dollardan çoxdur və bu məbləğ daha da çoxalacaq. Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəyən ziyanın məbləği 60-70 milyard dollar həcmində hesablanırdı.
"Lakin Milli Məclisin üzvü Xanhüseyn Kazımlı beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə vurulan ziyanı yenidən hesablamaq təklifini verdi. Ölkə rəhbəri bizə bu barədə tapşırıq verdi, biz bu məsələni araşdırdıq. Müəyyən tədbirlər həyata keçirilib və bu proses davam edir". O bildirib ki, Ermənistan tərəfi nə vaxtsa bu ziyanı ödəməyə məcbur olacaq. Ə.Həsənov hazırda Ermənistanın dövlət büdcəsinin 3 milyard dollar olduğunu da nəzərə çatdırıb. O, Ermənistanın bu ziyanı necə ödəyəcəyinin çox böyük sual altında olduğunu bildirib: “Azərbaycan hökuməti bütün bu tələblərini beynəlxalq qurumlara təqdim edəcək. Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən gələcəkmi? Bu, çox böyük sual altındadır”. O bildirib ki, buna görə də Ermənistan tərəfi bütün bunları nəzərə alaraq konstruktiv mövqeyə gəlməlidir. Əgər Ermənistan konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləsi imzalanarsa, barışıq, geriyə qayıdış prosesi başlayarsa, Azərbaycan tərəfi təzminatların ödənilməsində müəyyən güzəştlər edə bilər. Əks halda, Azərbaycan hökuməti öz iddialarını beynəlxalq qurumlara təqdim edəcək.

Qanunsuz yolla heç bir
məcburi köçkün mənzil ala bilməyəcək

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərə xəbərdarlıq edib.
Ə.Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bəzi qaçqın və məcburi köçkün ailələri saxta yollarla ev almaq istəyir. Mətbuat vasitəsilə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət etdiyini deyən Ə.Həsənov bildirib ki, həmin müəssisələrin yataqxanalarının komendant vəzifələri var: “Köçürmə prosesinə məruz qalacaq yataqxanaların hamısı 2-3 il əvvəl yoxlanılıb, orada yaşayanların qeydiyyatı aparılıb. Təəssüflər olsun ki, köçürmə zamanı xoşagəlməz hallar ortaya çıxır”. Baş nazirin müavini qeyd edib ki, son 3-4 ayda məcburi köçkünlər saxta boşanmalar həyata keçiriblər, bəziləri rayonda yaşayan bacı-qardaşını, yaxın qohumlarını öz yanlarına gətirib yerləşdiriblər: “Onların hamısı indi evlə təmin olunmağı tələb edir. Mən köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Qanunsuz yolla heç bir məcburi köçkün mənzil ala bilməyəcək”. Ə. Həsənov onu da qeyd edib ki, bu cür qanunsuzluq halları davam edəcəksə və daha ciddi şəkil alacaqsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə də həmin insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info