“Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib”
Tarix: 03.05.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Politoloq Nəzakət Məmmədova: “Azərbaycandakı mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir”

Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Söhbət sayca dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Mayın 4-6-ı tarixlərində baş tutacaq forumun başlıca müzakirə mövzuları mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması olacaq. Məlumat üçün qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Mədəniyyətlərarası dialoq müasir dünyamızla yanaşı, Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir və belə bir mötəbər tədbirin məhz Bakıda keçirilməsi ölkəmizə birmənalı olaraq müsbət dividentlər gətirir. Elə beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova da bu qənaətdədir. Nəzakət Məmmədova bildirib ki, bunu təsdiq edən başlıca amillərdən biri dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının forumun tərəfdaşı qismində iştirak etməsidir: “Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, Avropa Şurası, UNESCO, İSESCO və digər mühüm beynəlxalq təşkilatlar forumun əsas tərəfdaşlarıdır. Forumun tərəfdaşı isə elə Azərbaycanın tərəfdaşı deməkdir. Eyni zamanda Azərbaycanın həmin təşkilatlarda olan imici, nüfuzudur. Onsuz da yüksək səviyyədə olan bu münasibətlər ölkəmizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyi etməsindən sonra deyərdim ki, yeni bir mərhələyə qədəm qoyur və rəsmi Bakının bu istiqamətdəki təşəbbüs və təklifləri həmin təşkilatlar tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki dövlətimiz tərəfindən irəli sürülən təkliflər, Cənab Prezidentin təşəbbüsləri beynəlxalq sülhə və təhlükəsizliyə xidmət edir, humanitar fəlakətlərin qarşısının alınmasına hesablanır. Təsadüfi deyil ki, məhz bütün bunlar Azərbaycanı dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirib”. Nəzakət Məmmədova qeyd edib ki, bu kimi forumların məhz Azərbaycanda keçirilməsini şərtləndirən bir sıra amillər vardır: “Birincisi, Azərbaycanda mövcud olan çoxəsrlik tolerant mühit. Ölkəmizdə mövcud olan bu şərait artıq bütün dünyaya məlumdur. Azərbaycanda təkcə dini deyil, eyni zamanda milli zəmində də tolerantlıq mövcuddur. Bütün dini konfensiyaların nümayəndələri kimi, digər xalqların təmsilçilərinə qarşı da tolerantlıq nümayiş etdirilir. Bu gün Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Həmçinin günümüzdə Azərbaycanda yaşayan digər xalqların nümayəndələri azad və müstəqil şəkildə öz ana dillərində danışa, mədəniyyət mərkəzləri, mətbu orqanlar təsis edə bilirlər. Azərbaycan Prezidentinin 2011-ci il, aprel ayının 7-9-da keçirilən forumda çıxışı zamanı qeyd etdiyi kimi Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq, Azərbaycan vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar”. Bütün bunları bu kimi beynəlxalq tədbirlərə gələn xarici qonaqlar da öz gözləri ilə görür, onun əyani şahidinə çevrilirlər. Eyni zamanda onlar forum və toplantılarda çıxışları, həmçinin ölkəmizdən qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını bölüşərkən həmin müsbət məqamları xüsusi olaraq vurğulayırlar. Bir sözlə Azərbaycandakı mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ona görə də bu kimi amillər Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlərin Azərbaycanda keçirilməsini şərtləndirir”. Nəzakət Məmmədova deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsini şərtləndirən digər amil Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olmasıdır: “Məlumdur ki, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə yanaşı artıq bir neçə dəfə keçirilən Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumları və digər tədbirlərə ev sahibliyi edərək onları yüksək səviyyədə həyata keçirir. Məhz əldə edilən təcrübə və qazanılan uğurlar, irəli sürülən təşəbbüslər qeyd etdiyim kimi müasir dünyamızı narahat edən mühüm məsələlərin Bakıda müzakirə edilməsini şərtləndirir”. Politoloq deyib ki, bu kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə Azərbaycan həm də beynəlxalq əhəmiyyətli humanitar məsələlərin müzakirə edildiyi məkan rolunu oynayır: “Elə forumun Bakıda keçirilməsi də onu bir daha təsdiq edir”. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin haqq səsinin, xüsusilə Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasətinin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Politoloq hesab edir ki, hər belə tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından xüsusi önəm daşıyır: “Həmin tədbirlərdə çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasəti barədə iştirakçıları ətraflı şəkildə məlumatlandırır, münaqişə ilə bağlı Azərbaycanın mövqeyini onlara çatdırır. Eyni zamanda dövlət başçısı bu kimi beynəlxalq təbdirlər vasitəsilə beynəlxalq aləmə, dünya birliyinə münaqişəni həll etmək istiqamətində ciddi addımlar atmaq barədə mesaj vermiş olur. Hesab edirəm ki, keçirilən həmin forumların ən əhəmiyyətli tərəfi məhz budur”. Nəzakət Məmmədova qeyd edib ki, Azərbaycanın düşünülmüş xarici siyasəti və beynəlxalq sülhə töhfə verən addımları ilə bundan sonra da bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsını öz töhfəsini verəcək.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info