Xədicə İsmayıl daim ermənilərin sifarişlərini yerinə yetirib
Tarix: 05.05.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Əl-Cəzirə” televiziyasının ingilisdilli saytı jurnalist Xədicə İsmayılın, ardınca da jurnalist Azər Həsrətin məqalələrini dərc edib. Xədicə öz ampluasında qalaraq "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsində Azərbaycan hökumətini tənqid edib.
Azər Həsrət "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazıda isə Xədicənin yalanlarına tutarlı faktlarla cavab verib.
Bundan sonra X.İsmayılın erməni dostları sosial şəbəkələrdə jurnalist Azər Həsrəti aşağılayan statuslar yazmağa başlayıblar. Azər Həsrət bununla bağlı mətbuata verdiyi açıqlamasında məlum hadisələrdən təəccüblənmədiyini deyib:
“Təəccüblənmədim. Çünki Xədicənin yazılarını ermənilər göydə qapıb, həvəslə tirajlayırlar. Bu da səbəbsiz deyil. Çünki o yazılar, bir qayda olaraq, Azərbaycana qarşı olduğu üçün ermənilərin işinə yarayır. Amma çox zaman bizim həmin yazılara reaksiya verməməyimiz Xədicəni və onun fanatı olan erməniləri həvəsləndirir. Bu dəfə isə biz imkanlarımızdan istifadə edib, onun “Əl-Cəzirə”də yayımladığı yalanlara tutarlı faktlarla cavab verdik. Bunu həzm edə bilməyən Xədicənin bir işarəsilə ermənilər dərhal hərəkətə keçdilər. Yazı dərc ediləndən yarım saat sonra bu erməni çətəsi məni aşağılayan paylaşımlar edir”.
A.Həsrət vurğulayıb ki, bu olay X.İsmayılın ermənilərlə işbirliyi içində olmasını bir daha faş edib: “Anlaşılan budur ki, bu yazı onları o qədər qəzəbləndirib ki, artıq dözə bilməyib açıq işbirliyi içində olduqlarını faş ediblər. Necə deyərlər, “su axar, çuxurunu tapar”.
Xədicə İsmayılın erməni sevdalısı olmasını hələ illər öncə yazırdıq, hətta jurnalist özü də dolayısı ilə ermənilərlə daim yaxın dostluq etdiyini deyirdi. Ermənilərin əlinə işləyən Xədicə və dostlarının bəs iş mexanizmi necədir? Təbii ki, bu adam hər cür yola əl atır ki, xarici ölkələrdən, xüsusən də, erməni lobbisi və onları dəstəkləyən qüvvələrdən siyasi dəstək, qrant alsın. Onu da deyək ki, xaricdəki bəlli ermənipərəst dairələrin Azərbaycanla bağlı müxtəlif vaxtlarda tədbirlər keçirməsinə artıq bir növ adətkar olmuşuq. Rübdə bir dəfə, yaxud ildə bir neçə dəfə belə teatral olayların şahidinə çevrilirik. Brüsseldə keçirilən və konkret məqsədlərə xidmət edən sonuncu məzhəkədə isə Avropa "bazar"ında lövbər salmış, çörəyi erməni diasporu və onların dəstəkçilərindən çıxan "5-ci kolon" təmsilçiləri iş başında olublar. Belə ki, Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində antiazərbaycançı mərkəzlərin və Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetinanın dəstəyi ilə keçirilən "tədbir"də "Meydan TV"-nin rəhbəri Emin Milli və belə tədbirlərdən geri qalmayan jurnalist Xədicə İsmayıl çıxış ediblər. Bu çıxışların məğzinə keçməzdən əvvəl tədbirin əsas dəstəkçisinin kimliyinə qısa bir aydınlıq gətirək ki, nəyin baş verdiyi daha aydın görünsün. Az-çox gündəmi izləyən hər kəs Ştetinanın ermənilərin məşhur təbliğatçısı və qondarma "DQR"-in tanınması üçün ən azı erməni diasporu qədər fəallıq göstərən keçmiş jurnalist, hazırda isə siyasətlə məşğul olan birisi olduğunu bilir. O, müxtəlif dövrlərdə Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfərlər edib, qatıldığı tədbirlərdə "erməni soyqırımı" və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi ilə bağlı “parlaq" çıxışlarına görə erməni diasporunun dərin rəğbətini qazanıb. Y.Ştetina, hətta tədbirlərin birində həyasızcasına "Xocalı faciəsini də azərbaycanlılar törədiblər" kimi yalana imza atıb. Maraq üçün qeyd edək ki, Çexiyada yaşayan, Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi fikirlər səsləndirən Zamiq Məmmədli adlı şəxs özünün "Facebook" səhifəsində Ştetinanı bu sözlərlə təqdim edir: "Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetina ömrünü "DQR"-in müstəqilliyinin tanınmasına və Azərbaycanı hər yerdə aqressor və "başkəsən" kimi təqdim etməyə həsr edən bir şəxsdir".

"Maska"ya deyil, möhürə baxın!
Deməli, aydın olur ki, E.Milli və X.İsmayıl, həmişə olduğu kimi, bu dəfə də erməni nökərlərinin çaldığı havaya süzüblər. Onların çıxışlarının böyük hissəsi ənənəvi mövzulara həsr olunub: Emin Milli iftira və böhtanlarını sıralayıb, X.İsmayıl isə əlinə düşən fürsətdən özünün 119 nəfərlik "siyasi məhbus" siyahısına müştəri axtarmaq üçün faydalanmağa çalışıb. Əsl komediya çıxışların bu hissəsindən sonra başlayıb. Belə ki, "5-ci kolon"un əsas simalarından olan Emin Milli və Xədicə İsmayıl, nədənsə, birdən-birə "vətənpərvər" olmağa qərar verərək, çıxışlarının böyük bir bölümünü ermənipərəst olmadıqlarını sübut etməyə həsr ediblər. Serj Sarkisyan və Dağlıq Qarabağın işğalı ilə bağlı səsləndirdikləri müəyyən tənqidi fikirlər də məhz bu niyyəti ortaya qoyub. Görünür, bu yolla onlar, xüsusilə daxili auditoriya üçün özləri haqqında "dinsizin imana gəlməsi" təəssüratı yarada biləcəklərini düşünüblər. Amma çifayda... Çünki insanlar vətənpərvərlik maskası altında gizlədilmiş bu simaların kimlərə məxsus olduğunu yaxşı anlayırlar. Bütün fəaliyyətlərini antimilli mərkəzlərin və ermənipərəst dairələrin təlimatları əsasında quran, mayaları xəyanətdən yoğrulmuş Xədicə İsmayıl, Emin Milli kimilərinin Dağlıq Qarabağ məsələsində bu cür mövqe ortaya qoymaları paradoksaldır. Nə rəhbərlik etdiyi "Meydan TV"-də qondarma "erməni soyqırımı"nı təbliğ edən və onun tanınması istiqamətində aparılan kampaniyaya dəstək verən Emin Millinin, nə də Azərbaycan nümayəndələrinin beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi və erməni vandalizmi ilə bağlı çıxışlarına arxasını çevirərək, bəzən də fit çalaraq təpki göstərən Xədicənin Dağlıq Qarabağ məsələsində "prinsipial mövqeyi" səmimi ola bilər. Ona görə də harada olmalarından, nə danışmalarından asılı olmayaraq, bu adamların möhürləri üzərlərindədir. Məgər Y.Ştetinanın dostları olmaları bu saxta vətənpərvərlərin əsl mahiyyətini ortaya qoymağa yetərli deyilmi?

Xədicə ermənipərəst PİN təşkilatından hansı məqsədlə qrant alıb?
Sosial şəbəkələrdə də bununla bağlı diqqətçəkən paylaşımlar edilib. Məsələn, Zamiq Məmmədli yazır: "Avropa Parlamentindəki məlum tədbirin iç üzünü ifşa etməyimiz Xədicə İsmayıl və Emin Milli cütlüyünün, sonradan sırf azərbaycandilli auditoriyaya ayırdıqları çıxışlarında Qarabağ və "Sarkisyan" mövzularına toxunmasına, çıxışlarına tələm-tələsik düzəlişlər və əlavələr etmələrinə səbəb oldu.
Bu teatral ritorika faktı dəyişmir. Fakt isə belədir: 1. "MeydanTV" “erməni soyqırımı"nı tanıyan bəyanat verib, Azərbaycanı antierməni təbliğatı aparmaqda günahlandırıb və bu bəyanat hələ də "Meydan TV"-nin saytındadır; 2. "Milli" ləqəbli Emin Abdullayevə sponsorluq edən erməni lobbisinin AP-dəki təmsilçisi Yaromir Ştetinadır... Nöqtə!".
O da maraqlıdır ki, Xədicə və əqidaşları ermənipərəst "People İn Need" (PİN) təşkilatı ilə əməkdaşlıqları haqqında susmağa üstünlük verirlər. Nə Xədicə, nə də E.Milli 2014-2015-ci illərdə erməni diasporu və müxtəlif antiazərbaycan mərkəzlərdən 6 milyon dollardan artıq pul alan PİN-lə əməkdaşlıqlarının səbəblərini, bu təşkilatdan hansı məqsədlə qrant aldıqlarını da açıqlamayıblar. Amma pafosla "ermənipərəst" olmadıqlarını deyirlər. Onda özlərini bir az əziyyətə salıb bu sualın da cavabını versinlər görək, bunların etdikləri ermənipərəstlik deyilsə, onda ermənipərəstlik necə olur?

Xədicə Azərbaycana nifrətini heç vaxt gizlətməyib
Başqalarının əlində oyuncağa çevrilmiş yalançı siyasətçi təsiri bağışlayan bu jurnalist Azərbaycana qarşı nifrətini pərdələməyi də bacarmır. Hələ illər öncə onun Polşanın paytaxtı Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunda aparılan müzakirələr zamanı etdiyi hərəkət bunu bir daha sübut edir. Məlum olduğu kimi, həmin tədbirdə Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz əlaməti olaraq, çıxışını sırf Ermənistan üzərində qurub. Amma o, erməni təmsilçilərə cavab verməyə başlayarkən Xədicə İsmayıl tədbirdə iştirak edən dostları ilə birgə arxalarını ADİHİ rəhbərinə çevirərək, bu çıxışa etiraz ediblər. Hüquq müdafiəçisi bu reaksiyaya baxmayaraq, çıxışını davam etdirib. Bununla bağlı xəbərlər və şəkillər sosial mediada da ciddi müzakirə mövzusuna çevrilmişdi. Cəmiyyətin bütün kəsimlərinin təmsilçiləri Xədicənin bu hərəkətini kəskin şəkildə pislədilər. Hətta QAT sədri Akif Nağı bu məsələyə kəskin reaksiya verərək demişdi ki, Xədicə İsmayıl ermənilərin sifarişini yerinə yetirib: “Siyasi statusundan, mövqeyindən asılı olmayaraq, erməniləri mədh etmək, onlarla birgə aksiya keçirmək vətənə xəyanətdir və buna görə heç kimə bəraət düşmür”. QAT sədri qeyd edib ki, ermənilərlə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: “Erməni sənin torpaqlarını işğal edibsə, vətəndaşlarını qaçqın və məcburi köçkün həyatı yaşamağa təhrik edibsə, Xocalıda misli görünməmiş vəhşiliyə imza atıbsa, sən hansı haqla onunla əməkdaşlıqdan danışa bilərsən. O, bu hərəkəti ilə ermənilərin sifarişini yerinə yetirib”.
Hətta Xədicəni qəhrəman, “Azərbaycan sevdalısı” kimi təqdim edənlər də bu dəfə onun müdafiəsinə qalxmağa əsas tapa bilməmişdilər. Zaman dəyişir, Xədicə və onun taktikası isə dəyişmir. Əksinə,G o daha da irəli gedərək ermənilərlə işbirliyini aşkar ortaya qoymağa başlayır.
Yadımdadır, Xədicə İsmayıla qarşı cinayət işi açılarkən onun hüquqlarının müdafiəsinə ilk olaraq Ermənistandakı həmkarları, “hüquq müdafiəçiləri”-dostları qalxdı. Axı ermənilər də kiminlə dost olmağı yaxşı bilirlər. Hətta o həbsdə olarkən tanınmış vəkil və aktyor Corc Kluninin həyat yoldaşı, erməni əsilli Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılı müdafiə edəcəyini bəyan etmişdi. Xanım Kluni Amerikanın NBC kanalına müsahibəsində demişdi ki, o, X.İsmayılın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Xədicə də bununla bağlı mövqeyini açıqlayaraq demişdi ki, Amalın etnik mənsubiyyəti onu düşündürmür. Jurnalistin fikrincə, normal insanlar "haralısan" sualını vermirlər, etnik mənsubiyyətlə maraqlanmırlar. Yəni erməninin onu müdafiə etməsi Xədicənin ikiqat ürəyincədir! Təbii ki, Azərbaycanın uğurlarını, inkişafını görməməzlikdən gələn və daim neqativ halları qabardıb bir çox hallarda isə olmayan faktlarla məqalələr yazan birini sadə erməni də müdafiə edərdi, nəinki onunla əməkdaşlıq edən erməni jurnalistlər və ya məşhur ermənilər ola. Beləcə, daim öz ölkəsinə qarayaxmaları ilə gündəmə gələn Xədicənin ermənilərlə işbirliyinin arxasında isə həm maddi maraq, həm də öz ölkəsinə olan nifrəti dayanır desək, yanılmarıq! Həmişə ermənilərə yaxın təşkilatlardan qrant alan Xədicənin, görünür, son illərdə gəlirləri azalıb. Onun yenidən Azərbaycan əleyhinə aktiv fəaliyyət göstərməsi erməni dostlarının diqqətini çəkməyə də yönəlmiş ola bilər. Qısası, Xədicənin hər məqamda Azərbaycan əleyhinə kampaniyalar təşkil etməyə çalışan erməni təşkilatları, ermənilərlə əməkdaşlığı, işbirliyi, onlara sevgisi, artıq təəccüb doğurmur. Ona qarşı çıxan azərbaycanlı tanınmışlara qarşı ermənilərin dərhal kəskin reaksiya verməsi isə bu adamın ermənilərlə nə dərəcədə həmrəy olmasına bir işarədir...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info