“Azərbaycan dünya xalqları arasında əlaqələrin möhkəmlənməsinə töhfələr verir”
Tarix: 05.05.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Forumun məqsədi fərqli sivilizasiyalar arasında əməkdaşlıq üçün əlverişli qlobal platforma hazırlamaq və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır”

Dünən Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda olan tədbir YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə keçirilir. Dünən artıq Forum çərçivəsində Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci akademik forumu və YUNESKO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olub.
Bu gün isə baş tutacaq forumun rəsmi açılışından sonra "Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək" mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyədə görüşü keçiriləcək.
İştirakçılar kiberməkanda ekstremizmə qarşı mübarizə, mədəni mübarizə məsələlərini, elektron resurslar vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqini, sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentarilərin rolunu müzakirə edəcəklər. Mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, "Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə" mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində bu mövzular haqqında müzakirələr aparılacaq: "Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili", "Qütbləşmə əsrində inklüziv dialoq", "Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya", "Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu", "Mədəniyyətlərarası dialoq və sülh üçün idman", "Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması", "İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri", "Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları" və s. Göründüyü kimi, Bakıda təşkil olunan bu beynəlxalq tədbirin gündəliyi və Forumda toxunulacaq mövzular geniş əhatəliliyi ilə diqqət çəkir. Onu da qeyd edək ki, Forum Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Artıq Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün mühüm beynəlxalq platformaya çevrilib.
Mütəxəssislər, ziyalılar da belə düşünürlər ki, daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək. Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksəkvəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və b. birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Amil Cavadov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında “Palitra”ya danışaraq deyib ki, beynəlxalq əhəmiyyətli bu tədbir beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək: “Son illər dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqun həm təşviqi, həm də inkişafında mühüm rol oynayan Azərbaycan daha bir ali beynəlxalq tədbirə - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü əsasında 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil edilən Forumun məqsədi fərqli sivilizasiyalar arasında əməkdaşlıq üçün əlverişli qlobal platforma hazırlamaq və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır. Siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalıların iştirakı ilə indiyədək keçirilmiş üç Forumun nəticələri də göstərdi ki, ölkəmiz bu sahədəki səyləri ilə təkcə Şərqlə Qərbin deyil, bütövlükdə dünya xalqları arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verməkdədir. Qürur hissi ilə deyə bilərik ki, tarix boyu özünün multikultural və tolerant dəyərləri ilə seçilən Azərbaycan artıq planetimizin mədəni həyatının mərkəzinə çevrilib”.
Amil Cavadov deyir ki, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi artıq adi hal alıb. Gələcəkdə də belə mötəbər tədbirlərin Azərbaycanda daha çox keçiriləcəyini gözləmək olar: “Dünən başlayan və mayın 6-dək davam edəcək budəfəki Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Təqribən 40-dək beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri həm Forumda, həm də onun çərçivəsində keçiriləcək iclasda iştirak edəcək ki, bu da indiyədək bu sayda beynəlxalq təşkilatın ölkəmizdə bir araya gələcəyi ilk tədbir kimi tarixə düşəcək. Ümid edirəm ki, budəfəki Forumun da çox gözəl nəticələri olacaq və belə mötəbər tədbirlər gələcəkdə də ənənəvi olaraq Azərbaycanda keçiriləcək”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info