Fransa tarixində ən gənc prezident
Tarix: 09.05.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Yeni prezidentin inauqurasiyası mayın 14-də keçiriləcək

“Mayın 14-də yeni prezidentin Yelisey sarayını təhvil alma mərasimi keçiriləcək. Emmanuel Makron gələn bazar günü, mayın 14-də Fransa prezidenti kimi and içəcək”. Bu barədə ölkənin hazırkı Prezidenti Fransua Olland bildirib. “BBC.com” saytı xəbər verir ki, müvafiq bəyanat Avropada II Dünya müharibəsinin başa çatmasının 72-ci ildönümü münasibətilə Parisdə keçirilən tədbirdə səsləndirilib.
Yeni seçilən Fransa Prezidenti Emmanuel Makron hazırkı Prezident Fransua Ollandla birlikdə xatirə mərasimində iştirak edib. Qeyd edək ki, bu, Emmanuel Makronun prezident seçiləndən sonra dövlət tədbirində ilk rəsmi iştirakıdır. Seçkinin ilkin nəticələri elan edildikdən sonra Marin Le Pen Emmanuel Makronu yeni prezident seçilməsi münasibətilə təbrik edib, ona müvəffəqiyyətlər arzulayıb. Le Pen “Milli cəbhə”nin ölkədə birinci müxalif partiya olduğunu bildirib. Emmanuel Makron isə çıxış edərək, ölkənin tarixində yeni səhifənin- ümid və etibar səhifəsinin açıldığını bildirib. Ölkənin bir neçə şəhərində ultra-solçular seçkilərin nəticələri ilə bağlı etiraz nümayişi keçiriblər və polislə qarşıdurma olub. Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyinin prezident seçkilərinin mayın 7-də keçirilmiş ikinci turunun nəticələrinə dair yaydığı son məlumata görə, “İrəli” hərəkatının lideri Emmanuel Makron seçicilərin 66,1 faizinin səsini qazanaraq Beşinci respublikanın yeni prezidenti seçilib. Onun rəqibi “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə 33,9 faiz səs toplayıb. Bununla yanaşı, ölkənin Daxili İşlər Nazirliyi boş və etibarsız bülletenlərin sayının rekord saya çatdığını qeyd edib. Həmçinin heç bir namizədə səs verməyən fransızların sayı da çox olub - 25,38 faiz. Fransa paytaxtı, demək olar ki, yekdilliklə üstünlüyü Emmanuel Makrona verib: o, burada seçicilərin 90 faizinin səsini qazanıb. Makronu 20 milyon 753 min fransalı dəstəkləyib. “Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə 10 milyon 643 seçici səsini toplamağa müvəffəq olub. Ona verilən səslər Makronla müqayisədə iki dəfə az olsa da, “Milli cəbhə” partiyası üçün rekord göstəricidir. ABŞ prezidenti Donald Tramp Emmanuel Makronu Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu barədə Tramp özünün “Tvitter” hesabında yazıb. “Emmanuel Makronu böyük qələbə münasibətilə təbrik edirəm. Onunla birgə işləməyə çox ümid edirəm”, D.Tramp yazıb. Rusiya dövlət başçısı da Makronu təbrik edib. Beləliklə, 39 yaşlı Emmanuel Makron ölkə tarixində ən gənc prezident olub. 1977-ci ildə həkim ailəsində anadan olan Makron əvvəldən seçkilərin nominal favoriti sayılırdı. O, siyasətdə, demək olar, yeni fiqurdur. 2004-2008-ci illərdə İqtisadiyyat Nazirliyində müfəttiş vəzifəsində çalışan Makron, eyni zamanda “Rothschild & Cie Banque” bankında investisiya bankiri işləyib. Siyasi arenaya təxminən beş il əvvəl, 2012-ci ildə Fransua Olland tərəfindən Yelisey sarayının baş katibinin köməkçisi vəzifəsinə təyin olunduqdan sonra çıxıb. İki ildən sonra hakim Sosialist Partiyasının daxilində növbəti böhran zamanı İqtisadiyyat Nazirliyinə başçılıq edib. Onun hökumətdə əsas nailiyyəti 2015-ci il avqustun 6-da “Makron qanunu” adlandırılan “iqtisadi artım, aktivlik və şansların bərabərliyi üçün qanun”un qəbul edilməsi olub. 2016-cı ildə proqressiv “İrəli” siyasi hərəkatını yaradıb. Özünü müstəqil siyasətçi adlandırmasına baxmayaraq, Yelisey sarayının dəstəyindən də imtina etmir. Makronun rəqibləri onu Ollandın “siyasi reinkarnasiyası” adlandırırlar. Onun strategiyası fransız cəmiyyətindəki antaqonizmlərin inkarı üzərində qurulub. Şərhçilərdən biri Makronun proqramını belə ümumiləşdirir: “Nə sol, nə də sağ - hər ikisi eyni zamanda”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info