“IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyəti böyükdür”
Tarix: 10.05.2017 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Politoloq Nəzakət Məmmədova: “Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etməklə öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək”

Artıq IV İslam Həmrəyliyi Oyunlarının startına son bir gün qalıb. Mayın 12-də Bakıda startı veriləcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman dünyası, İslam aləminin diqqətini ölkəmizə yönəltmiş olacaq.  On gün davam edəcək bu mötəbər yarışların Azərbaycana bütün istiqamətlərdə müsbət dividentlər gətirəcəyi şübhəsizdir. Elə əksəriyyət ekspertlər də belə düşünür. Politoloq Nəzakət Məmmədova ilə söhbətimizdə də IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti, onun Azərbaycan üçün verəcəyi müsbət dividentlər və s. barədə danışdıq.
 -Nəzakət xanım, məlum olduğu kimi mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarına start veriləcək. Bu öyunların əhəmiyyətini, eləcə də belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsini necə dəyərləndirirsiniz?
 -IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Bu əhəmiyyət çoxşaxəlidir, onun siyasi- diplomatik nəticələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək. İlk növbədə, qeyd etmək lazımdır ki, son illərdə ugurlu beynəlxalq iqtisadi, mədəni, idman layihələrinin təşəbbüsçüsü olan və həyata keçirilməsinə bilavasitə rəhbərlik edən Azərbaycan növbəti dəfə öz iradəsini ortaya qoymuş olur. Beynəlxalq miqyasda qəbul edilən və maraq doğuran, izlənilən hər hansı bir tədbir siyasi dairələrin, güc mərkəzlərinin, dünya ictimaiyyətinin diqqətini istər-istəməz həmin ölkəyə çevirir, bu cür mühüm hadisələr xeyli müddət müzakirə olunur, dəyərləndirilir. Azərbaycan Respublikası növbəti dəfə beynəlxalq əhəmiyyətli bir tədbirin təşkilini həyata keçirmək, ona ev sahibliyi etməklə öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, dünyada formalaşmış sivilizasiyaların dialoqu, dünyanın mədəni mərkəzlərindən biri və himayəçisi imicini artırmış olacaq. Bildiyimiz kimi beynəlxalq münasibətlərdə sərt güc və yumşaq güc anlayışları mövcuddur. İki Dünya müharibəsi, Soyuq müharibə kimi acı təcrübələr yaşamış dunyada sərt güc vasitələri və metodları artıq sivilizasiyalı, tərəqqipərvər bəşəriyyətin gündəmində öz mövqeyini itirməkdə və yerini yumşaq güc vasitələrinə ötürməkdədir.  Cunki, belə bir deyim var ki, böyuk ordular, qoşunlarla torpaqları işğal etmək olar, ancaq bu zorakı qələbələr muvəqqətidir. Mədəniyyətlə isə beyinləri, ürəkləri əbədi fəth etmək olar. Artıq, zorakılıq, işgal yolu ilə nufuz qazanmaq, hər hansı bir proseslərə təsir etmək, beynəlxalq ictimai rəyin qazanılmasına nail olmaq ənənələri ortadan qalxmaqdadır. Mədəniyyət, idman kimi yüksək, lakin daha kəsərli güc-nüfuz vasitələri ön plana çıxmaqdadır. Azərbaycan məhz bu sivil, ümumbəşəri qəbul olunmuş vasitələrdən istifadə edərək öz beynəlxalq nüfuzunun artması, beynəlxalq münasibətlərdə söz sahibinə çevrilmək, dünyanın geosiyasi güc mərkəzi olmaqla bərabər, eyni zamanda geostrateji mərkəzlərindən birinə çevrilmək istiqamətində uğurla irəliləyir. Artıq ölkəmiz vacib beynəlxalq qərarların qəbul edildiyi mərkəzlərdən birinə çevrilib. Xüsusilə, hazırda dünyada mürəkkəb siyasi, hərbi, iqtisadi-maliyyə, mədəniyyətlərarasi dərin qarşıdurmaların mövcud olduğu nəzərə alınarsa, bu tədbir olduqca əhəmiyyətli sayılmalıdır.
 
-Bununla həm də Azərbaycan Qərblə Şərq arasında bir körpü rolu oynadığı reallığını bir daha ortaya qoymurmu?
 -Azərbaycan həmişə İslam dünyasında öz yeri, mövqeyi olan ölkə olub və öz rolunu bu gün də layiqincə davam etdirməkdədir. Mənəvi varisi sayıldığımız Səfəvilər imperiyasının böyük bir hissəsi həm də bir çox Yaxın Şərq ölkələrini əhatə edib. İlkin orta əsrlərdən başlayaraq Azərbaycanın çox görkəmli ədibləri, elm adamları, filosofları xilafətin mədəni inkişafina mühüm töhfələr veriblər. İslami dəyərlər onların bütün kəşflərinin, yaradıcılıqlarının əsas mahiyyətini, özəyini təşkil edib. Biz bütün Orta əsrlər boyunca nəinki xilafət dövründə, hətta onun süqutundan sonra belə İslam dünyasının siyasi, iqtisadi-ticarət, elmi, mədəni, hərbi sistemində mühüm rol oynamış, öz sözünü deyib iz buraxmış bir xalqıq. Çox sevindirici haldır ki, Azərbaycan bu gün də bu ənənələrə sadiqlik nümayiş etdirir, müasir dünyanın çağırışlarına, tələblərinə cavab verən bir formatda - yüksək səviyyəli mədəniyyət, idman tədbirləri təşkil etməklə bir daha ümumbəşəri dəyərlərə, onun ayrılmaz bir hissəsi olan islamı dəyərlərə olan sədaqətini isbat etmiş olur. Bu gün bəzi qüvvələr Şərqi və Qərbi üz üzə qoyur, bundan öz mənafeyi naminə istifadə etməyə çalışır. Burada təbii ki, geosiyasi, iqtisadi-maliyyə və s.maraqlar mövcuddur. Bir sıra ölkələr hətta bu məqsədlə terror təşkilatlarını maliyyələşdirir, öz məqsədlərinə çatmaq üçün barbar üsullardan istifadə edir. Halbuki, onlar həm də o ölkələrdir ki, dünyada insan haqlarının, söz azadlığının  carçısı kimi çıxış edir, haqli-haqsız digər ölkələrə iradlar bildirir, iddialar irəli sürürlər. Bu ölkələr tarixən müstəmləkə əsarətində saxladıqları ölkələrə yenə də öz koloniyası kimi baxır, onları öz nüfuz dairəsindən buraxmağa imkan vermirlər. Nəinki keçmiş müstəmləkələrə, hətta bütün dünyaya, onun resurslarına hökmranlıq iddiası o qədər böyükdür ki, bu məqsədə çatmaq üçün bütün vasitələr məqbul hesab olunur. Heç kəs təmənnasız şəkildə bəşəriyyətin dialoqu işinə töhfə vermək barədə düşünmür, yalnız öz məkrli planlarının, mənafeyinin təmin olunması qayğısına qalır. Dünya bu gün çətin bir mərhələdən keçir, bugünkü proseslər və qərarlar bəşəriyyətin gələcəyi naminə çox şeyi dəyişəcəkdir. İnsanlar kimi dövlətlərin də mənəvi keyfiyyətləri, davranışı məhz indi özünü daha qabarıq büruzə verir, sınağa çəkilir. Bu sınaqdan üzü ag çıxan dövlətlər dünya tarixində şanlı bir səhifə yazacaqdir, çünki tarix hər şeyə özü qiymət verir. Bizim ölkəmiz  ədalətli, obyektiv mövqe tutmaqla yanaşı, yasadığımız bölgədə və digər regionlarda sülh və sabitliyin inkişafına çalışır, bunun üçün əlindən gələni edir. Bu tədbirin keçirilməsi də buna parlaq bir nümunədir. Bununla həm ümumbəşəri sülhə töhfə verilir, İslam dinini gözdən salmağa çalışan qüvvələrin planlarına zərbə vurulur və bütün dünyaya sübut edilir ki, müsəlman əqidəsinə etiqad edən insanlar heç də təlqin edildiyi kimi terrorçu deyil, əksinə humanist, sülhpərvər bir toplumdur.
İslam oyunlarını təşkil etməklə ölkəmiz həm də BMT və digər təşkilatların nizamnamələrinə müvafiq olaraq beynəlxalq sülhün möhkəmlənməsi işinə töhfə verir, eyni zamanda mənəvi tellərlə bağlı olduğu İslam dəyərlərinə sadiqliyini, onu uca tutduğunu nümayiş etdirir.  Bu cür tədbirlər diplomatiya ilə yanaşı, həm də mənəviyyata, mənəvi dəyərlərə sadiqlik məsələsidir.
 -Ümumiyyətlə, belə tədbirlər Azərbaycanın fonunda  İslam dünyasında birlik və vəhdəti nə dərəcədə möhkəmlədir?
 -Yaxın Şərqdə inqilablarla başlayan xaos, anarxiya və bu fonda baş verən dövlət çevrilişləri, siyasi sistemlərin yenidən bərqərar olması, ölkələrin xəritələrinin güc yolu ilə dəyişdirilməsi, dəhşətli terror aktlarının törədilməsi, miqrasiya, dövlətlərarası və beynəlxalq münaqişələr, bu fonda islami dəyərlərin bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə gözdən salınmasına yönəlmiş cəhdlər hazırda İslam dünyasını uçurumun astanasına gətirib çıxarıb.  Təəssüf ki, bir çox İslam dövlətləri birləşmək, həmrəylik göstərib münaqişədə maraqlı olan xarici qüvvələrə qarşı birgə mübarizə aparmaq əvəzinə, öz aralarında vuruşmaq, münaqişəni daha da dərinləşdirmək, ədavət yolunu seçiblər. Yaxın Şərq 100 il əvvəl olduğu kimi, yenə də bəzi məkrli xarici qüvvələrin hədəfindədir və məqsəd Birinci və İkinci Dünya müharibələrindən sonra, habelə Soyuq müharibə dövründə bərqərar olan beynəlxalq və regional siyasi sistemi yenidən şəkilləndirmək, yeni dünya nizamının yaradılması məqsədilə qlobal dəyişikliklər istiqamətində fəaliyyəti davam etdirməkdir. Lakin çox təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq zorakılıq, terror-təxribat metodları ilə həyata keçirilir. Yaxın Şərq, İslam dünyasında gedən proseslər artıq nəinki region, habelə bütün dünya üçün təhdid halına gəlib. Bir zamanlar dünyanın barıt çəlləyi Balkan yarımadası hesab olunurdusa, hazırda bu Yaxın Şərqdir. Buradakı müharibələr hibrid muharibələridir, bir çox zorakı üsulların tətbiqi ilə həyata keçirilir və dünya üçün böyük təhdiddir. Həm qonşu ölkələr, həm keçmiş sovet respublikaları, habelə Avropa və ABŞ üçün bu hadisələr olduqca mənfi təzahürlərini artıq göstərib.
 -Adətən bu kimi tədbirlər ərəfəsində və ondan sonra Azərbaycana qarşı təxribatlar, gözdənsalma kampaniyaları həyata keçirilir. Sizcə, bunun mahiyyəti nədir?
 -Biz həm müasir sivilizasiyali ölkə, eyni zamanda oz dini-mənəvi dəyərlərimizə sadiq xalq və dövlət olduğumuzu sübut edirik. Xüsusilə, cənab Prezidentin həyata keçirdiyi olduqca uğurlu, dərindən düşünülmüş siyasi strategiya nəticəsində qazandığımız uğurlar bizə dünyada çoxsaylı dostlar qazandırdığı kimi, təəssüflər olsun ki, Azərbaycanın uğurunu istəməyən qüvvələr də bəxş edib. Lakin sevindirici hal ondan ibarətdir ki, bu kimi çirkin kampaniyalar heç bir nəticəyə çata bilmir.   Xüsusilə, Azərbaycan haqqında onilliklər boyunca fəal gözdən salma kampaniyası aparan erməni diasporu və onların havadarlarının milyonlarla vəsait hesabına yaratdığı mif bu cür tədbirlər vasitəsilə puç olur. Azərbaycan nəinki onların fəaliyyətini heçə endirir, eyni zamanda öz sülhpərvər dövlət, demokratiya yolunda uğurla addımlayan tolerant ölkə olduğunu bütün dünyaya sübut edir. Bundan əvvəl də Avroviziya, Birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlər zamanı biz bu məkrli qüvvələrin əsl xislətinin şahidi olduq. Təbii ki, onlar Azərbaycan Prezidentinin ölkəmizin mənafeyini, milli maraqlarını hər şeydən öndə gorən müstəqil qərarlar qəbul etməsindən narahatdırlar və proseslərin onların nəzarətində olmamasından təşviş keçirirlər.
 -Bu kimi mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi eyni zamanda ölkəmizdə sabitliyin yüksək səviyyədə təmin olunmasının göstəricisi deyilmi?
-Dayanıqlı sülh arzusu, xoşməramlı siyasət strategiyası dünyanın movcudlugunun ən əsas şərtidir. Əks halda, dünya məhv olardı. Yer kürəsində qarşıdurmalar, müharibələrlə eyni zamanda, ona qarşı çıxan liderlər, xalqlar olmuşdur.  Onların yorulmaz fəaliyyəti bəşəriyyəti minilliklər boyu hifz edib.  Bu gün də məhz bu cür müsbət fəaliyyətlər gələcəyə olan inamı və ümidləri artırır. Dünyada artıq çox az real sabit ölkələr qalıb, onlardan biri də məhz bizim yaşadığımız məkandır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan narahat bölgədə sabitlik adasıdır. İslam oyunları kimi tədbirlərlə sivilizasiyalararası dialoqa töhfə verən, müsəlman həmrəyliyi çağırışı edən ölkəmiz bundan sonra da belə qlobal əhəmiyyətli tədbirlərin təşəbbüskarı və hamisi olacaqdır.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info