İdris İsayev: “Azərbaycanda bütün sosial təminat növləri üzrə ödənişlər nağdsız formada həyata keçirilir”
Tarix: 16.05.2017 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərkəzi Bankın nümayəndələri və “MasterCard Worldwide” beynəlxalq kart şirkətinin ekspertləri ilə görüş olub. Görüş əmək və sosial müdafiə sahələrində həyata keçirilən islahat tədbirlərinin nağdsız ödənişlərin genişləndirilməsi prosesində rolunu təhlil etmək və bu sahədə gələcək fəaliyyət istiqamətlərinə dair məlumat və fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nağdsız ödənişlərin müasir dövrdə hər bir ölkənin iqtisadiyyatında şəffaflığın artırılması üçün vacib vasitələrdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində, xüsusən ABŞ və Avropa Birliyi ölkələrində ödənişlərin nağd formada dövriyyəsinin azaldılaraq, nağdsız ödənişlərlə əvəzlənməsi prosesi sürətlə gedir. İqtisadiyyatda nağdsız ödənişlərin artırılması üçün müxtəlif tənzimləyici vasitələr mövcuddur və bunların sırasında ödənişlərdə plastik kartlardan istifadə praktikasının tətbiqi daha səmərəli və mütərəqqi olması ilə seçilir: “Qeyd edim ki, Azərbaycanda ilk dəfə plastik kartlardan istifadəyə keçid edilən sahələrdən biri də sosial müdafiə sahəsi olub. Ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri kimi pensiyaların ödənişində plastik kart sisteminin tətbiqi həyata keçirilib. Hələ 2004-2006-cı illərdə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması uğurla başa çatdırılıb. Əhalinin maarifləndirilməsi istiqamətində də lazımi izahat işləri aparılıb və pensiyaların plastik kartlarla ödənişi sferası ildən-ilə genişlənib. Artıq bütün sosial təminat növləri üzrə ödənişlər nağdsız formada həyata keçirilir. Yəni hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailə ünvanlı dövlət sosial yardımı alır ki, istisnasız olaraq onların hər birinə həmin vəsaitlər plastik kartlarla bankomatlar vasitəsilə çatdırılır”.
İ.İsayev son illərdə əmək və sosial müdafiə sahələrində elektron texnologiyaların tətbiqi işlərini, yeni yaradılan elektron sistemləri diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, əmək müqavilələrinin elektron qeydiyyat sistemi əmək hüquqlarının təminatına çevik və səmərəli nəzarət imkanı verməklə, qeyri-leqal əməyə cəlb olunma hallarının qarşısının alınmasında da önəmli rola malikdir: “Ümumilikdə, qeyri-leqal məşğulluq halları işçi hüquqlarının pozulmasına yol açmaqla yanaşı, əməyin ödənilməsinin nağd formada həyata keçirilməsini də şərtləndirir ki, bu da nağdsız ödənişin genişləndirilməsinə mane olur. Belə halların aradan qaldırılması bu gün dövlət əmək siyasətinin əsas hədəflərindəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyətində də qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi mühüm yer tutur”.
Nazir müavini qabaqcıl dünya praktikası əsasında ölkəmizdə işsizlikdən sığorta sisteminin qurulmasının da qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsində işçilərin stimullaşdırılması baxımından xüsusi rol oynayacağını vurğulayıb: “Yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Həmin Qanunun qəbul edilməsi işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına, maddi təminatına imkan verəcək. Təbii ki, bu da qeyri-rəsmi əmək fəaliyyətində olan işçilərdə işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirməyə marağı xeyli artırır. Qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi isə nəticə etibarilə əməyin ödənişi prosedurunun da plastik kartlar vasitəsilə həyata keçirilməsinə və beləliklə, nağdsız ödənişlərin dövriyyəsinin genişlənməsinə şərait yaradır”
Mərkəzi Bankın nümayəndələri (Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin müdiri Ramil Mahmudov) ölkədə nağd iqtisadiyyatın azaldılması üçün təmsil etdiyi təşkilatın gördüyü işləri diqqətə çatdırıblar. Bildirilib ki, bu istiqamətdə növbəti addım kimi, “MasterCard Worldwide” beynəlxalq kart şirkəti ilə əməkdaşlıq edilməsi və bu çərçivədə yeni strateji sənədin hazırlanması nəzərdə tutulur. Layihənin əsas komponentləri barədə məlumat verən Mərkəzi Bankın nümayəndələri bu sahədə strateji platformanın hazırlanması üçün aidiyyəti dövlət qurumlarında, habelə biznes strukturları və istehlakçılarla görüşlər keçirilməsinin, sahəvi yanaşmalar əsasında müvafiq təhlillər aparılmasının məqsədəuyğun olduğunu vurğulayıblar.
Görüşdə yüksək nağdlaşmanı şərtləndirən amillərin diaqnostikası, nağd puldan istifadə motivlərinin müəyyənləşdirilməsi və azaldılması, nağdsız dövriyyənin artırılması üçün institusional islahatların aparılması və s. ilə bağlı müzakirələr aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info