“ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar münasibətlərin inkişaf səviyyəsinə adekvat deyil”
Tarix: 19.05.2017 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Əliməmməd Nuriyev:
“Bu qərar Rusiyanın həmsədrlik missiyasının obyektiv həyata keçirilməsini şübhə altına alır”
Rusiya ilə Azərbaycanın siyasi, iqtisadi, mədəni münasibətlərində körpü rolunu oyanayan, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhni olan Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məlum qərar Azərbaycan cəmiyyətində narahatlıq doğurub. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Palitra”ya verdiyi açıqlamada bu məsələlər ətrafında söz açıb.
Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar hüquqa söykənən qərar deyil: “Bu siyasi xarakterli bir qərardır. Hansı hallarda Rusiya Konstitusiyasında, həm də ictimai birliklər haqqında Rusiya Federasiyasının qanununda belə qurumların ləğvinin əsasları göstərilir? Birincisi, Rusiya konstitusiyasının 30-cu maddəsində hər kəsin başqaları ilə birləşmək azadlığı təsbit edilir. Eyni zamanda bu hüquq qorunan hüquqlar sırasındadır və fundamental hüquq sayılır. İctimai birliklər haqqında qanunda bəzi əsaslar olduqda hüquqi şəxsin, yəni ictimai birliyin ləğvindən bəhs edilir. Bunlar hansı əsaslardır? İnsan hüquq və azadlıqlarını kobud surətdə pozduqda, nizamlanma məqsədlərindən kənara çıxdıqda və qaydaları dəfələrlə pozduqda, ekstremist fəaliyyətlə məşğul olduqda, zorakılıq və digər çağırışlar etdikdə və s. kimi məqamlar. Bu və digər belə məqamlara əməl etmədikdə birləşmə azadlığını məhdudlaşdırmaqdan söhbət gedə bilər. Rusiya bu məsələlərlə bağlı beynəlxalq konvensiyalara da qoşulub. Lakin göstərilənlərə aid heç bir halda ÜAK-ın fəaliyyətində qanunazidd hərəkətlər olmayıb. Sadalanan əsasları yarada biləcək bir fəaliyyət olmayıb. Burada yalnız kiçik, texniki, hüquqi, prosedur xarakterli qaydaların pozulması ilə bağlı məsələlər var idi. Onların irəli sürdüyü iddiada belə fikir ortaya atılmışdı ki, ÜAK-ın adı onun məqsədləri ilə ziddiyyət təşkil edir. Bu da yanlış yanaşmadır. Digər məqamlarda da yanlış yanaşma olub”.
Ekspert deyir ki, bu qərar çox ağır bir cəza oldu. Əslində məhkəmə bu qərarı qəbul etməklə cəza tətbiq etdi və fundamental hüququn pozulması istiqamətində addımlar atdı. Digər tərəfdən isə məsələ daha çox siyasi qərar kimi göründü: “Bu, bütövlükdə Rusiyada yaşayan bir neçə milyon azərbaycanlının yaratdığı təşkilatdır. ÜAK öz fəaliyyətində humanitar, iqtisadi və mədəni xarakterli işlər görüb. Təşkilatın fəaliyyətdə olduğu dövrlərdə hər zaman qurultay keçiriləndən sonra müvafiq orqanlara məlumatlar təqdim olunurdu, bu qurumun rəhbərliyində olan bir çox şəxslər isə, Rusiya prezidenti və dövlət orqanları tərəfindən dəfələrlə mükafatlandırılıblar. Ən ümdə məsələ isə odur ki, ÜAK-ın yaranmasına xeyir-duanı ümummilli lider Heydər Əliyev və Vladimir Putin vermişdi. Bu, həm də xalqlar arasında əməkdaşlıq, mədəni əlaqələrin daha da dərinləşməsinə xidmət edən bir təşkilat olub. ÜAK-ın rəhbərliyində fəaliyyət göstərən şəxslər, həmçinin Rusiya siyasi, mədəni elitasında iştirakı olan və bu ölkənin ərazi bütövlüyü, suverenliyinin möhkəmlənməsində xidmətləri olan şəxslərdir”.
Əliməmməd Nuriyev deyir ki, indiyə kimi ÜAK hər hansı bir siyasi fəaliyyətlə də məşğul olmayıb. Seçkilər zamanı Rusiya prezidentini dəstəkləyən bir qurum olub. Yəni hər hansı arzuolunmaz siyasi proseslərə də müdaxilə etməyib: “Belə olan halda sual yaranır-nədən Ədliyyə Nazirliyi bu yoxlama tədbirlərini həyata keçirməyi birdən-birə yadına saldı, rəvac verdi. Əgər prosedur pozuntuları baş verirdisə, bununla bağlı təqdimat olurdusa, nədən bunu qeydə almayıblar? İkinci bir tərəfdən Ədliyyə Nazirliyi, hətta prosedur pozuntuları ilə bağlı xəbərdarlıqlar yerinə yetirilməyibsə də həmin təşkilatın fəaliyyətinin 6 ay müddətinə dayandırılması haqqında qərar qəbul edə bilərdi. Bunu da etməyib. Yəni buna qədər də bir aralıq qərar ola bilərdi. Birbaşa radikal addım atıldı. Bu həm də Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin dövlət orqanlarına inam və etimadına kölgə salınmasına da xidmət etdi. Bu qərar, həmçinin bütövlükdə Rusiyadakı azərbaycanlıların etnik ayrı-seçkiliyə rəvac verə biləcək bir addım oldu. Deməli, sən azərbaycanlı olduğun üçün sənin birləşdiyin belə bir nəhəng təşkilat bu cür formada ləğv edilir və bu digər Rusiyada yaşayan xalqların düşünməsi üçün əlavə imkan oldu. Onlar da istənilən vaxt etnik mənsubiyyətinə və ya hansısa qüvvələrin onlara qarşı düşmənçiliyinə görə belə halla rastlaşa bilərlər. Digər vacib məqam və təəssüf doğuran hal odur ki, bu proseslərdə erməni lobbisinin də güclü təsiri hiss edilir. Məlum olaydan belə bir nəticəyə gəlmək olur ki, erməni lobbisi Rusiyanın daxili və xarici siyasətində bu dərəcədə təsir imkanlarına malikdirsə, onda nonsens yaranır. Bu, eyni zamanda Rusiyanın Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış böyük problemdə həmsədrlik kimi missiyanın obyektiv həyata keçirilməsini şübhə altına alır. Qərar Rusiyanın buna qədər gördüyü müsbət işlərə də kölgə salır”.
Ekspertin sözlərinə görə, qərar Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsinə adekvat deyildi. Yəni, zamanla bu, Rusiya üçün bir sıra mənfi nəticələrə də səbəb ola bilər: “Bunlar, ilk olaraq, yuxarıda da qeyd etdiyim kimi, azərbaycanlıların dövlət orqanlarına olan inam və etimadı məsələsidir. Digər məsələ etnik qruplardır ki, təbii ki, bu qərardan onlar da məyus oldular. Üçüncü məqam, Rusiyada çoxsaylı azərbaycanlılar var ki, buraya sərmayələr qoyublar. Eləcə də Azərbaycanda yaşayan iş adamları, dövlət də bu ölkəyə sərmayələr qoyub. Sərmayələrin azalmayacağına kim təminat verəcək? Çünki etibarlı hüquqi mühit yoxdur, müdafiə elementləri ilə bağlı şübhələr yarandı. Axı Azərbaycan hər zaman Rusiyanın legitim maraqlarını tanıyıb və bu istiqamətdə addımlar atıb. Rusiya üçün qırmızı xətləri görüb, anlayıb, hörmətlə yanaşıb və bu xəttə uyğun hərəkət edib. Biz göstərdiyimiz sıx qardaşlıq münasibətində adekvat mövqe də gözləyirdik ki, Qarabağ məsələsində ədalətli mövqe sərgiləsinlər. Amma ÜAK kimi arzuolunmaz ədalətsizliklə rastlaşdıq. Bu Rusiyanın izolyasiyasına da əlavə imkanlar yaradan qərar ola bilər. Çünki onsuz da Rusiyaya qarşı bəzi dövlətlərin etimadsızlığı məsələsi var. Sanksiyaları xatırlamaq kifayətdir. Belə bir dövrdə keçmiş SSRİ-də bir arada olan xalqlar kimi, hələ də mehriban yaşayan xalqlar arasına niyə bu nifaqı ortaya atırlar? Biz axı bir-birimizə çox sıx şəkildə mədəni, iqtisadi eləcə də siyasi cəhətdən bağlı olan xalqlarıq, Azərbaycan Rusiyanın cənub qapısı da sayılır. Rusiyanın nəqliyyat dəhlizi, bir sıra vacib hərbi fəaliyyətlərin həyata keçirilməsi və sadalamadığım yüzlərlə vacib amillərdə bu ölkə üçün dəyərli qonşu sayılırıq axı. Son illərdə, hətta çox geniş ticari, hərbi siyasi əlaqələr də qurmuşuq. Hətta hər iki ölkənin prezidentləri arasında şəxsi dostluq münasibətləri də var. Bütün bu proseslərin fonunda anlamaq olmur ki, nədən bu qərar meydana çıxdı, hansı qüvvələr bu oyunu ortaya atdılar. Azərbaycanda böyük Rusiya icması və təşkilatlarının fəaliyyətini də xatırlatmaq lazımdır. Onlar birbaşa Rusiya dövlət büdcəsindən maliyyələşirlər. Azərbaycan hər zaman bunu anlayışla qarşılayıb, təşkilatların fəaliyyətini dərindən araşdırmayıb, əksinə, bu təşkilatlar üçün hərtərəfli şərait yaradıb.İndiki halda isə bütün bunlar suallar doğurur. Ümid edirəm ki, apelyasiya şikayətindən sonrakı instansiya məhkəməsi öz səhv qərarını düzəldəcək və inanıram ki, Rusiyanın siyasi elitasında bu qərara mənfi münasibət mövcuddur”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info