Heydər Əliyev və müstəqillik illərinin elmi-ədəbi prosesi
Tarix: 23.04.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə edəndən sonra ictimai, siyasi və elmi-ədəbi mühit də yeni bir dövrə, eraya qədəm qoydu. Keçmiş sovet totalitar rejiminin dağılması, yeni azad düşüncənin, azad milli şüurun formalaşması prosesi zamanın bir nömrəli məsələsi kimi gündəmə gəldi. Əslində müstəqillik uğrunda mübarizə ideyası Azərbaycanda 50-ci illərin ortalarından başlayıb. Bu illərdə bütün sovetlər birliyində olduğu kimi, Azərbaycanda da özünəqayıdış, öz milli dərkinə sahiblik hissləri yavaş-yavaş baş qaldırmaqda idi.
Xüsusilə Azərbaycanın Xalq yazıçısı, milli düşüncə adamı olan və 1956-1958-ci illərdə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan Mirzə İbrahimovun 1956-cı ilin avqustunda xüsusi olaraq “Dövlət dili haqqında” qanun qəbul etməsi Azərbaycan ictimai şüurunda böyük canlanmaya səbəb oldu. O dövr ədəbi prosesində xalqı özünə, milli dəyərlərinə sahib çıxmağa çağıran bir sıra qələm sahibləri, xüsusilə Bəxtiyar Vahabzadə, yaradıcılığının ilk addımlarını atan Məmməd Araz, Xəlil Rza kimi şairlərin yaradıcılığında və yaradıcılığa 30-cu illərdən başlayan Rəsul Rza ədəbi fenomeninin 60-cı illər poeziyasında müstəqil düşüncə, müstəqil ideologiya meyilləri güclənməyə başladı. B.Vahabzadənin məşhur “Gülüstan” poemasını, X. Rzanın “Afrikanın səsi”, M.Arazın “Məndən ötdü, qardaşıma dəydi”, R.Rzanın “Rənglər” silsiləsi və s. kimi onlarla poetik nümunələr yeni dövr ədəbiyyatının, müstəqillik duyğusunun təzahürləri idi. X.Rza “Ədəbiyyat və incəsənət” qəzetinin 24 dekabr 1960-cı il sayında dərc etdirdiyi “Afrikanın səsi” şeirində sanki 90-cı illərin müstəqillik platformasını bəyan edib:
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,
Qı-ram!
Qı-ram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm Günəş kimi!
Səma kimi!
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar! Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq! Mən ümmanlar təşnəsiyəm!
B.Vahabzadə isə hələ 1954-cü ildə yazdığı “Ana dili”, sonralar 60-cı illərdə qələmə aldığı və bu gün də poetik təravətini, siyasi durumunu itirməyən “Latın dili” şeirlərində xalqı dolayısı ilə dilinə, Vətəninə sahiblənməyə çağırırdı. M.Araz da B.Vahabzadəyə ünvanladığı “Məndən ötdü, qardaşıma dəydi” şeirində
...Dibək oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma əkiz qardaşınla.
Səndən ötən mənə dəydi.
Məndən ötən sənə dəydi,
Səndən, məndən, ötən zərbə
Vətən, Vətən, sənə dəydi! -deyə yazmaqla vətəndaş narahatlığını dilə gətirirdi.
Təbii ki, poeziyamızda başlamış belə uğurlu irəliləyişlər M.İbrahimovun “Böyük dayaq”, İ.Şıxlının “Dəli Kür”, F.Kərimzadənin “Qarlı aşırımlar”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” kimi nəsr əsərlərində də geniş planda öz əksini tapmaqda idi.
Xüsusilə ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ilin iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ədəbi-ictimai, siyasi həyatımızda müstəqil düşüncəyə, milli dövlətçilik hisslərinə sahiblənmək yolunda çox mühüm addımlar atıldı. Azərbaycan Yazıçılar Birliyinin mütəşəkkil şəkildə qurultayları keçirildi, milli düşüncəsi, məslək və əxlaqı olan qələm adamları totalitar rejimin qadağalarından qorundu, onların hər cür maddi və mənəvi təminatı ön plana çəkildi. Bu uzaqgörən siyasətçi, dövrün və zamanın bütün kəsişən və kəsişməyən nöqtələrini vaxtında və gərəyincə qiymətləndirən Heydər Əliyev yaxşı bilirdi ki, gec-tez Azərbaycan öz müstəqilliyinə qovuşacaq, xalq öz vətəninin, sərvətinin sahibi olacaq. Xalqın Vətəninə, geniş mənada özünə sahib çıxması üçün birinci növbədə xalqda milli oyanış yaratmaq, keçmişinə sahib çıxmaq amirliyi əldə etmək lazımdır ki, bunun da yolu yalnız bədii təfəkkürdən keçir. Ona görə də Heydər Əliyev hələ 1981-ci il iyun ayının 12-də keçirilən yazıçıların VII qurultayındakı məruzəsində təkcə Azərbaycan yazıçılarının yox, Azərbaycan Yazıçılar Birliyinin sırasında çiyin-çiyinə fəaliyyət göstərən Cənubi Azərbaycandan gəlmiş qələmdaş qardaşların taleyi ilə də maraqlanmağı, onlara kömək əlinin uzadılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daima diqqət yetirməli, onların əsərlərini respublikada və respublika hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, bizdə toplanmış zəngin bədii estetik təcrübəni qələm yoldaşlarına vermək barəsində düşünmək lazımdır.
50-ci illərin ortalarında ədəbi mühitdə və ictimai-siyasi şüurda səpilmiş müstəqillik toxumları 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində nəinki cücərməyə, hətta bar verməyə başladı. Və bu düşüncənin nəticəsi olaraq ədəbi prosesin yeni yön və istiqaməti müəyyənləşdi. Baş memarı Heydər Əliyev olan azərbaycançılıq məfkurəsi meydana gəlib ideologiya səviyyəsində formalaşdı. İllərlə dalğalanması yasaq olmuş və müstəqilliyimizin rəmzi Azərbaycan bayrağı poeziyamızın, bədii nəsrimizin baş mövzusuna çevrildi, Azərbaycan Dövlət Himni yenidən xalqımızın dillər əzbəri oldu.
Böyük şəxsiyyət və zəka sahibi olan Heydər Əliyevin xalqın tələbi ilə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi və bu günün sonradan xalq tərəfindən Milli Qurtuluş Günü kimi əbədiləşdirilməsi bütün sahələrdə olduğu kimi, ədəbi prosesdə də yeni bir canlanma yaratdı. Azərbaycanın bir sıra bölgələrində Yazıçılar Birliyinin filialı, şöbə və birlikləri yaradıldı, yaşlı nəsil qələm sahiblərinə Prezident təqaüdü, istedadlı gənc müəlliflərə isə Prezident mükafatları verildi və müdrik şəxsiyyətin ədəbi mühitə diqqəti və qayğısı sayəsində həyata keçirilən bu mütərəqqi ideyalar bu gün də dönmədən cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilir ki, bu da ədəbi prosesin inkişafı üçün öz töhfəsini verməkdədir.
Ümummilli liderimiz 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı etdiyi məruzəsində dünənimizə işıq salmaqla yanaşı, müstəqillik əldə etməyimizin tarixi nailiyyətlərindən danışarkən deyirdi: “Müstəqil dövlət olmaq üçün xalqın gərək müstəqil mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil. Bir çox nəsillərin işidir, bununla məşğul olmaq lazımdır. Xalqımızın böyük şəxslərinin həm yaradıcılığı, həm də Azərbaycan xalqı qarşısındakı xidmətlərini daim tədqiq etmək, şübhəsiz ki, mühüm vəzifələrdən biridir”. Və natiq fikrinə davam edərək ədəbiyyat tariximizdə şərəfli yer tutan bir sıra tarixi, ədəbi simaların yaradıcılıqlarına toxunaraq onların xalq təfəkkürünün formalaşdırılmasındakı müstəsna rolunu yüksək qiymətləndirir: ”İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu? Hüseyn Cavidi “Şərqin Şekspiri” adlandırırlar. Ancaq onu Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə ola bilsin, Cavidin “İblis” əsəri heç də “Faust”dan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik”.
Daim ədəbi simalara hörmət və qayğı ilə yanaşan Heydər Əliyev Xalq şairi Məmməd Arazın 60, Xalq yazıçıları İlyas Əfəndiyevin 80, Hüseyn İbrahimovun 75, İsmayıl Şıxlının 75, Hüseyn Abbaszadənin 75, Anarın 60 illikləri ilə əlaqədar təbriklərində hər birinin yaradıcılığına zərgər dəqiqliyi ilə qiymət verir. Onların ədəbiyyatda və ədəbi prosesdəki rol və xidmətlərini müəyyənləşdirir. Məsələn, Məmməd Araza ünvanlanmış təbrik məktubunda “...Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə yol taparaq özünə və sizə əbədi yaşamaq hüququ qazandırıb” deyirdisə, Xalq yazıçısı Anara təbrikində isə “...Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olub. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət edib” kimi dəqiq nüanslarla şərtləndirirdi.
Ömrünü məşəl kimi xalqının yolunda yandıran bu dahi fikir və düşüncə adamının Xalq şairləri Nəbi Xəzriyə, Mirvarid Dilbaziyə, Xəlil Rzaya, Zəlimxan Yaquba, Xalq yazıçısı Yusif Səmədoğluna ünvanladığı ürək sözlərində də çağdaş ədəbi prosesin inkişafını və bu inkişafda onların oynadığı əvəzsiz rol və xidmətləri yüksək qiymətləndirir.
1993-cü illərin əvvəllərindən başlayaraq Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi nəticəsində birbaşa Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bir sıra yazıçıların yubiley və anım tədbirləri bütöv Azərbaycan elmi və bədii düşüncəsinin parlaq göstəriciləri idi. M.Füzulinin, H.Cavidin, C.Məmmədquluzadənin, İ.Şıxlının, M.Arazın, X.Rzanın, B.Vahabzadənin, M.H.Şəhriyarın, Z.Yaqubun və başqa qələm sahiblərinin adı ilə bağlı olan tədbir və mərasimlərdə bu dahi şəxsiyyətin hər bir çıxışı ayrıca bir tədqiqat əsəri idi.
Beş yüz ilə yaxındır ki, böyük Füzuli türk və müsəlman dünyası ədəbiyyatı tarixində əvəzolunmaz söz mülkünün sultanıdır. Bu illər ərzində M.Füzuli ilə bağlı istər Azərbaycan, istərsə də dünya ədəbiyyatşünaslığında müxtəlif dəyər və elmi miqyasına görə seçilən araşdırmalar, tədqiqatlar aparılıb. Lakin 1994-cü ildən başlayaraq bu böyük sənətkarın Azərbaycanda, Türkiyədə, Moskvada keçirilən yubiley tədbirlərində ulu öndərimizin etdiyi təkrarsız və bənzərsiz çıxışları onun öz xalqının ədəbiyyatına, mədəniyyətinə nə qədər qırılmaz tellərlə bağlı olduğundan xəbər verir.
Ulu öndərin Füzuliyə verdiyi qiymət əbədi və bəşəri düşüncənin təzahürüdür. Heydər Əliyevə görə, M.Füzuli “Türk dünyasının, Azərbaycan xalqının, türk xalqlarının böyük şairi, mütəfəkkiri, filosofudur”. “Füzuli irsinin qiyməti əvəzsizdir” deyən siyasi mütəfəkkir onun yaradıcılığının təsir gücündən danışarkən deyir: “...Bəli Füzulinin 500 il öncə yazdığı “Leyli və Məcnun” poeması əsasında Azərbaycanın böyük bəstəkarı, dahi insanı Üzeyir Hacıbəyov Şərq aləmində, türk dünyasında ilk professional opera yaratmışdır. Füzulinin əsərlərinin təsiri altında Azərbaycan yazıçıları, alimləri, bəstəkarları, rəssamları böyük əsərlər yaratmış, respublikamızın mədəniyyətini inkişaf etdirmiş, dünya mədəniyyətinə böyük töhfələr vermişlər. Bunların hamısı Məhəmməd Füzulinin bizə bəxş etdiyi böyük irsdir, Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnəkdir”.
Milliliyin və bəşəriliyin ecazkar nümayəndəsi olan Heydər Əliyev üçün Vətənin bir çınqılı, quru otu əziz və əvəzolunmaz olduğu kimi, bir qeyrətli misra, cümlə yazan fikir və düşüncə adamları da əziz və əvəzolunmazdır. Heydər Əliyev üçün əvəzolunmaz böyük yazıçı və şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir. Vaxtilə ulu öndərə verilən 21 sualın içərisindən ikisi bilavasitə Mirzə Cəlil yaradıcılığı ilə bağlı idi ki, bu da onun Mirzə Cəlil şəxsiyyətinə, yaradıcılığına olan böyük sevgisindən, məhəbbətindən irəli gəlirdi:
- Ən çox sevdiyiniz pyes?
- Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi.
- Ən çox sevdiyiniz jurnal?
- “Molla Nəsrəddin”.
Bir həqiqətdir ki, Azərbaycan müstəqillik qazanandan sonra dünənimizə, uzaq keçmişimizə daha aydın, məntiqli və mənalı şəkildə bir qayıdış oldu.

Keçmiş totalitar rejimin qarşıya qoyduğu bir sıra qadağaların doğurduğu stereotiplər aradan qaldırılmağa, hər bir sənətkara, tarixi hadisəyə yenidən qiymət verilməyə başlandı ki, belə sənətkarlardan biri də yuxarıda adını çəkdiyimiz və 100 ilə yaxın elmi-ədəbi fikrin diqqətində olan C.Məmmədquluzadədir. C.Məmmədquluzadənin 125 illik yubileyində ümummilli liderimizin etdiyi nitq istisnasız demək olar ki, cəlilşünaslığın çağdaş dövrümüzdə daha geniş miqyaslı tədqiqat istiqamətlərini müəyyənləşdirdi. C.Məmmədquluzadə yaradıcılığını böyük mütəxəssis alim, fikir və düşüncə adamı kimi təhlil və təbliğ edən Heydər Əliyev C.Məmmədquluzadə yaradıcılığında daha çox önəm verdiyi dil məsələsinə toxunaraq deyirdi: “C.Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi “Vətən, Vətən,Vətən! Millət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə-Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi insanların hamısını ana dilini bilməyə səsləməsi və ana dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır”.
Daim tarixi gerçəkliyi dəqiq qiymətləndirən ulu öndər 16 aprel 1985-ci ildə istiqlal şairi Məmməd Arazın yaradıcılıq gecəsindəki çıxışında M.Arazın yaradıcılığı simasında çağdaş ədəbi ictimai fikrimizin inkişafına münasibət bildirərək M.Araza xitabən deyirdi: “Doğrudur, bəzən bu yazdıqlarınıza görə siz sıxılmısınız da, təqib olunmusunuz da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə elə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı (mən bu sözü tam cəsarətlə deyirəm) elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıb. Onların qarşısını heç bir şey kəsməyib. Onlar öz işlərini görüblər. Xırda-xırda çox incə, çox zəif görüblər və məhz bu incəliyə, zəifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıb”.
Ümummilli liderimiz milli varlığımızla, tariximizlə bağlı yazılmış hər bir bədii əsəri xalqımızın əvəzsiz incisi, milli sərvəti hesab edirdi. Çünki ədəbiyyat, bədii təfəkkür xalqın minillik tarixi yaddaşından süzülüb gələn elə bir mənəvi, əxlaqi dəyərdir ki, onu heç bir şeylə əvəz etmək olmaz. Xüsusilə, Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına tarixilik baxımından münasibət daha çox diqqəti cəlb edir. 12 aprel 1998-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrında şairin “Özümüzü kəsən qılınc” (“Göytürklər”) pyesinin uğurlu tamaşasından sonra ədəbiyyatın və sənətin böyük hamisi Heydər Əliyev çıxış edərək tamaşaya yüksək qiymət verib: “Biz yeni bir əsər almışıq. Ədəbiyyatımızın tarixinə yeni, dəyərli əsər daxil olub. Bu, böyük hadisədir. Mən bunu, birinci növbədə, xüsusi qiymətləndirmək istəyirəm. İkincisi, əsərin mövzusu, məzmunu və mənası da çox böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir ədəbiyyat əsəri, o cümlədən səhnə əsəri bizim üçün əzizdir. Çünki mədəniyyətimiz, incəsənətimiz indiyə qədər, güman edirəm, gələcəkdə də məhz bu əsərlərlə yaşayacaqdır”.
6 avqust 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərmanda deyilirdi: “Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir”.
Bu tarixi fərmandan sonra elmi-ədəbi fikirdən, geniş mənada, mətbuatdan senzura götürüldü, müstəqil və mütərəqqi düşüncənin, azad fikrin inkişaf və formalaşması üçün geniş üfüqlər açıldı ki, bunun da uğurlu bəhrəsini çağdaş elmi-ədəbi prosesin inkişafında aydın şəkildə görmək olar. Təbii ki, böyük bir tədqiqat işi tələb edən bu mövzunu bir məqalə daxilində əhatə etmək imkansızdır. Lakin nəticə olaraq onu deməliyik ki, müstəqilliyimizin yaratdığı sağlam şərait bir çox maddi-mənəvi dəyərlərimiz kimi elmi-ədəbi dəyərlərimizin də yeni forma və məzmunda inkişafına geniş şərait yaratdı. Ədəbi-elmi düşüncəmizin ideya müəllifi olan Heydər Əliyev zəkası bundan sonra da həyatımızın ayrılmaz parçası olan elmi-ədəbi mühitimizin inkişafında mühüm rol oynayacaq. Bu gün elə bir ciddi elm və ədəbi əsər tapmaq olmur ki, o, bütün məziyyətləri ilə azərbaycançılıq ruhunda yazılmamış olsun. Çünki dönməz və əbədi yaşamaq haqqı qazanmış müstəqilliyimiz kimi, elmi-ədəbi düşüncəmiz də Heydər Əliyev ideyaları ilə əbədi yaşamaq haqqı qazanmaqdadır.

Xanəli KƏRİMLİ
filologiya üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info