ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
Tarix: 23.05.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru, texnika elmləri namizədi, dosent Qasım Məmmədovdur. Müsahibəni təqdim edirik.
- İlk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olan yeniliklər haqqında söhbət açardız. - Universitetdə çoxlu yenilik mövcuddur. Bunları sıra ilə nəzərinizə çatdırmaq istərdim. Əvvəllər tədris bizdə rus və Azərbaycan dillərində aparılırdı. Artıq ingilis dilində də tədris təşkil olunur. Ötən il 15 ixtisas üzrə ingilis dilində qəbul aparılıb. Bu il bunun sayı 22 ixtisasa çatıb. İngilis dilində tədris alan tələbələrin müxtəlif beynəlxalq proqramlar əsasında, tələbə mobilliyi çərçivəsində digər Avropa universitetlərində təhsil almasına əlverişli şərait yaradılıb. İkinci bir yeniliyimiz isə Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında universitetimizdə Azərbaycan-Fransız Universiteti yaradılıb. Bu layihə Azərbaycan təhsilində ilkdir. Həmin layihə imkan verir ki, gənclərimiz ölkə hüdudlarını tərk etmədən Strasburq Universitetinin standartlarına uyğun təhsil alaraq, həmin universitetin diplomunu əldə etsinlər. Eyni zamanda əlavə fənlər götürməklə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu ala bilərlər. Üçüncü bir yeniliyimiz isə magistraturada təhsil alan tələbələrin dərs saatlarının saat 17:50-ə keçirilməsidir. Statistik nəticələrə əsasən qeyd edə bilərəm ki, I kursda təhsil alan magistrantların 72%-i, II kursda təhsil alan magistrantların 92%-i artıq işləyir. Onlardan 18 nəfəri nəzdimizdə fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecinə müəllim kimi göndərilib. Bir qismini tyutor və laborant kimi işə cəlb etmişik. Növbəti yeniliyimiz bakalavriat səviyyəsində təhsil alan bakalavrların ilboyu təcrübə layihələrinə cəlb olunmasıdır. Biz 40-dan çox sənaye müəssisəsi ilə müqavilə bağlamışıq və bu müəssisələr tələbələri ilboyu təcrübə layihələrinə qəbul edir. Tələbələr həftədə 2-3 dəfədən az olmayaraq dərsdən sonra və yaxud əvvəl müəssisəyə işə gedir. Onlar bir ay sınaq müddətində olurlar. Buraxılış işi üçün materiallar toplanılır və yaşayış yerinə yaxın olan müəssisələrdə yaxşı fəaliyyət göstərmiş tələbələr işlə təmin olunur. Burada məqsəd yalnız tələbələri işlə təmin etmək deyil. Həm də öyrənilmiş nəzəri bilikləri praktikada tətbiq etməkdir. Daha bir yeniliyimiz bizim yeni tədris standartına keçməyimizdir. Bunu 2018-ci ildə Təhsil Nazirliyi planlaşdırır. Bu istiqamətdə müxtəlif işlər gedir və məqsədimiz bu standartları Avropa standartları çərçivəsinə uyğunlaşdırmaqdır. Burada bizə ixtisas üzrə seçmə fənləri işəgötürən müəssisələr məlumat verməlidir. Təbii ki, bu gün işəgötürən müəssisə hansı işçinin çatışmadığını bilir.
Bütün bu yeniliklərdən əlavə, qarşımıza belə bir məqsəd qoymuşuq ki, universitetimizi Elm-İstehsalat Birliyinə çevirməyə nail olaq. Fəxarətlə deyə bilərəm ki, regionda ilk dəfə olaraq bizdə Lazer Bərpa Mərkəzi açılacaq. Bu Mərkəzin açılışı iyun ayında gözlənilir. Çox təntənəli açılış olacaq. Lazer avadanlığını Almaniyadan gətirmişik. Təsəvvür edin ki, neft avadanlığının əlçatmaz 3 metr dərinliyinə qədər yeyilmiş hissəsini bu aparat vasitəsilə təmir-bərpa etmək mümkündür. Bunun üçün Almaniyadan mütəxəssislər gələcək və müəllim-tələbə heyətini hazırlayacaqlar. Daha sonra isə istehsalata başlayacağıq. Universitetdə Transfer Texnologiyaları və Startupa start vermişik. Tələbələrimiz çox kreativ düşüncəyə malikdirlər. Hətta 24 saat ərzində işləyirlər. Onların yaratdığı protativləri neft və qaz sərgisində təqdim edəcəyik və ən azı 15-20 iş olacaq. Onların yetişdirilməsi üçün İsraildən, Rusiyadan mentorlar dəvət edirik. Rüşeym formasında olan kreativ düşüncələrini inkişaf etdirməklə tələbələr universiteti bitirdikdən sonra artıq öz müəssisələrini yaratmağa qadir olacaqlar. Beləliklə, bir çox insanı işə cəlb etməklə artıq dövlətimizə də yardım etmiş olacaq.
- Tədris prosesində tələbələrin keçirilən dərsləri mənimsəməsi hansı səviyyədədir? Bu baxımdan, tələbələr arasında problem yaranırmı?
- Ümumiyyətlə, bir söz deyim ki, tələbələr arasında müəyyən problem yaranır. Bunun da səbəbi tələbələrin universitetlərə hansı səviyyədə hazırlaşıb qəbul olması ilə bağlıdır. Deyə bilərəm ki, ötən il universitetimizə qəbul olan tələbələrin orta balı 436 bal təşkil edib. Bu kifayət qədər yüksək baldır. Bizdə bir qrup var və orada 25 tələbə təhsil alır. Həmin tələbələr arasında ən aşağı bal 603 baldır. Əlbəttə, belə tələbələrlə tədris prosesi yüksək səviyyədə təşkil olunur. Amma elə ixtisaslar da olur ki, oraya tələbələr çox aşağı balla, yəni 250 balla qəbul olurlar. Belə olduqda isə tələbələr arasında bilik səviyyəsinə görə disbalans yaranır. Buna görə də hər bir müəllim auditoriyaya tələbənin bilik səviyyəsinə görə yanaşır. Bizim məqsədimiz odur ki, istər tələbə, istərsə də müəllim tədris prosesində heç bir çətinlik çəkməsin. Təhsil alan da rahat təhsilini alsın, təhsil verən də rahat təhsilini versin. Nəticədə təhsilin yüksəlməsi istiqamətində addımlar atılsın.
- Qasım müəllim, tələbələrin sosiallaşması və təşkilatlanması istiqamətində hansı addımlar atılır? Bu gün universitetinizdə hansı tələbə təşkilatları fəaliyyət göstərir və tələbələriniz orada rahatca öz ideyalarını həyata keçirərək sosiallaşmağa çalışırlar?
- Bu istiqamətdə bir sıra nailiyyətimiz var. Universitetdə hal-hazırda Tələbə Həmkarlar Komitəsi, Tələbə Gənclər Təşkilatı və YAP Gənclər Birliyinin universitetimiz üzrə nümayəndəliyi fəaliyyət göstərir. Burada fəaliyyət göstərən tələbələr həm universitetin, həm də respublikanın ictimai həyatında yaxından iştirak edirlər. Müxtəlif dövlət proqramlarından irəli gələn məsələlərdə universitetimizi uğurla təmsil edirlər.
- Tələbələrin elmi işlərə cəlb olunmasından söz açmağınızı xahiş edirik. Bu gün tələbələr elmi iş və ya məqalələrini hansı jurnal və qəzetlərdə çap etdirirlər? Univesitetinizin daxilində belə bir imkan mövcuddurmu?
- Bizdə hər tədris ilində (bu daha çox noyabr ayına təsadüf edir) tələbələrin elmi-texniki konfransı keçirilir. Elmi-texniki konfrans respublika səviyyəli olduğuna görə ən çox bizim tələbələr iştirak edirlər. Digər ali məktəblərdən tələbələr də müraciət edəndə biz onları qəbul edirik. Konfransda iştirak etmək istəyən tələbələrin öncə Tələbə Elmi Cəmiyyətinin fakültə səviyyəsində müzakirəsi aparılır. Həmin qurumda tövsiyə olunan çıxışlar universitetin elmi-texniki konfransına göndərilir. Elmi-texniki konfransda müzakirələr müxtəlif seksiyalar üzrə aparılır və münsiflər tərəfindən tam anonim şəkildə dəyərləndirilir. Həmin münsiflər tərəfindən qiymətləndirilən məruzə və referatlar toplanaraq mətbəəmizdə toplu şəklində çap olunur. Hər bir məruzəçiyə isə pulsuz şəkildə paylanılır. Bundan başqa, magistrlərimiz SDU-da ildə bir dəfə təşkil olunan magistrlərin elmi-texniki konfransında uğurla çıxış edirlər.
- Universitetinizdə istər ölkə daxilində, istərsə də xarici təhsil müəssisələrilə tələbə mübadiləsi olurmu?
- Hal-hazırda tələbə mübadiləsi çox aktiv şəkildə həyata keçirilir. Məmnunluq hissi ilə qeyd edə bilərəm ki, bu tədris ilində Böyük Birtaniyanın Lester Universiteti, Türkiyənin Orta Doğu Teknik Universiteti və Almaniyanın Zigen Universiteti ilə tələbə mübadiləsi proqramı çərçivəsində tələbələrimiz ən azı bir semestr və ya bir tədris ili müddəti çərçivəsində təhsil almaları üçün göndərilib. Orada topladıqları kreditlər tədris planlarımıza uyğun olaraq qəbul edilir. Respublika daxilində ADPU və ATU-dan bizə kreditləri qazanmaq üçün tələbələr rektorların rəsmi müraciətləri əsasında müraciət edirlər. Onları alt qruplarda yerləşdiririk. Beləcə, onlar tədrisə cəlb olunur və istədikləri fənlər üzrə kreditləri qazana bilirlər.
- Professor-müəllim heyətinin elmi işlərindən söz açardız.
- 2015-ci ildən professor Mustafa Babanlı universitetimizə rektor təyin olunandan sonra universitetin həyatında yeni bir dönəm başlayıb. Artıq müəllimlərə elmi nöqteyi-nəzərdən yanaşma metodu ortaya qoyulub. Hətta müəllimlərin stimullaşdırılması üçün belə bir məsələ də ortaya qoymuşuq: “Əgər müəllim tədris ili ərzində öz nəşrləri ilə müəyyən bal toplayarsa, bunlar “Tomsomreytrs”, “Skops” kimi jurnallarda nəşr olunarsa və müvafiq bala uyğun olduğu halda, professorlar maaşlarından əlavə tədris ili ərzində 400 manat, dosentlər 300 manat, baş müəllim və assistentlər isə 200 manat əlavə maaş ala bilirlər”. Bir məsələni də qeyd edim ki, təqvim ili ərzində həmin jurnallarda iki məqaləsi çap olunan müəllimlərə 500 saatdan ibarət dərs yükü planlaşdırılır. Halbuki dərs yükü bizdə 650 saatdan ibarətdir. Burada məqsəd professor-müəllim heyətinin geniş elmi fəaliyyəti üçün imkanların yaradılmasıdır. Qeyd edim ki, bizdə “Qiymətləndirmə şkalası” fəaliyyət göstərir. Həmin şkalanın meyarlarına uyğun gələn müəllimlər təzədən beş il müddətinə müəllim kimi fəaliyyət göstərirlər. Şkalanın meyarlarına uyğun gəlməyən müəllimlər isə əmr əsasında fəaliyyət göstərirlər.
- Tələbə təqaüdü tələbələrə hansı şərtlərlə verilir? Bundan əlavə, hansı tələbə təqaüdləriniz mövcuddur?
- Ötən ilin fevral ayından Prezidentin sərəncamı ilə təqaüdlər semestr ərzində tələbənin sessiyada göstərdiyi ümumi orta müvəffəqiyyət göstəricisinə görə müəyyən edilir. Bu təqaüdlərdə dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla təhsil alan tələbələr bərabərhüquqludurlar. Hansı tələbənin orta müvəffəqiyyət göstəricisi yüksək olursa, onlara təqaüd verilir. Orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrin sayı dövlət sifarişi ilə oxuyan tələbələrin sayına bərabər olmalıdır. Bu sıralara ödənişli tələbələr də düşə bilər. Bunlar dövlət tərəfindən verilən təqaüdlərdir. Biz Elmi Şuranın qərarı ilə adlı təqaüdlər təsis etmişik. Bunlar Xoşbəxt Yusifzadə, İsmayıl İbrahimov və Ağa Axundov adına təqaüdlərdir. Bu yaxınlarda isə iki qardaşın adına da təqaüd təsis edilib. Bunlar akademik Məmmədpaşa Quluzadə və professor İsrafil Quliyevdir. Ümumilikdə bizdə çox sayda təqaüd təsis edilib. Bunlardan bakalavr və magistrlər bəhrələnir. Təqaüdlər tələbələrə orta müvəffəqiyyət göstəricisinə görə və xüsusi komissiyanın qərarı ilə verilir.
- Bəs universitetinizdə təhsil alan doktorantlar haqqında nə deyə bilərsiz?
- Çox gözəl bir məsələyə toxundunuz. Ötən tədris ilində doktoranturaya cəmi 21 yer verilib. Bu tədris ilində isə 71 ixtisas üzrə doktorant qəbul eləmişik. Növbəti tədris ilində isə bunun sayını 100-dən yuxarı qaldırmağı planlaşdırırıq. Bizdə universitet üzrə professor-müəllim heyətinin orta yaş həddi 65-dir. Həqiqətən də kollektivin cavanlaşmağa ehtiyacı var. Kreativ düşüncəli gənc müəllimlərə ehtiyac duyulur. Həmin doktorantlar vasitəsilə yaşlı müəllimləri cavanlarla əvəzləməyi düşünürük. Əminliklə deyə bilərəm ki, doktoranturaya qəbul tam şəffaf həyata keçirilir. Artıq gənclər arasında elmə böyük maraq var. Buna görə də onlara hər cür şərait yaradılıb.
- Ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərdə tələbələriniz iştirak edirlərmi və bu sizi qane edirmi?
- Bəli, iştirak edirlər və qane edir. Sizə deyə bilərəm ki, İslam Oyunlarında BDU və ADİU-dan sonra ADNSU tələbələri üçüncü yerdədirlər. İslam Oyunlarında 1400-dən çox könüllümüz aktiv iştirak edir. Bu oyunlardan əvvəl keçirilən digər beynəlxalq tədbirlərdə də könüllülərimiz say baxımından üçüncü olub.
Söhbəti qələmə aldılar:
Mahmud Əyyub
Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info