“Azərbaycanda Suriyadakı hadisələrin baş verməsini istəyənlər siyasətdən getməlidir”
Tarix: 24.04.2013 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


ABŞ-ın Suriya müxalifətinə 123 milyon dollar vəsait ayırması radikal müxalifəti hərəkətə gətirib. Onlar ABŞ-ın Azərbaycan müxalifətinə eyni dərəcədə yardım göstərəcəyi ümidilə yaşayırlar. Müsavatın “siyasi eksperti” “ABŞ ərəb müxalifətinə dəstək verdi, bəs bizimkinə?” başlığı altında ABŞ-ın Azərbaycandakı radikal müxalifətə yardım göstərməməsinin səbəblərini araşdırır.
Əslində burdan xalqımıza tanış olan, radikal müxalifət partiyalarının məqsədlərinin siyasi hakimiyyətə gəlmək yox, böyük məbləğdə pulları əldə etmək olduğu mənzərəsi meydana çıxır. Sadə insanlar arasında olduğumuzdan tam əminliklə sadə vətəndaşların “ərəb baharı”nın ərəb ölkələrinə fəlakətdən, səfalətdən başqa bir şey gətirmədiyi qənaətində olduqlarını tam əminliklə deyə bilərik. “Ərəb baharı” sözügedən ölkələrə bahar yox, 20 il, 50 il davam edəcək qışı gətirib. Dəhşətverici məqam isə budur ki, radikal müxalifət nümayəndələri bu fəlakətləri, yüz minlərlə, milyonlarla insanların faciələrini gözləri ilə görə-görə Azərbaycana da “ərəb baharı”nı, Suriya ssenarisini arzu edirlər. Bəs radikal müxalifət nümayəndələrinin belə düşünmələrinin səbəbləri nədir? Bu səbəblərdən birincisi siyasi baxımdan korluq, siyasi savadsızlıq, dünyada gedən qlobal geosiyasi proseslərdən baş çıxarmamaq, ikincisi isə hakimiyyət hərisliyinin hakimiyyətə gəlmək üçün ölkənin dağılmasını istəyəcək qədər güclü olmasıdır.

Elxan Şahinoğlu: “Siyasi partiya xarici qüvvəyə yox,
xalqın gücünə arxalanmalıdır”


Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirlərini öyrəndik: “Heç bir ağlı başında olan insan ərəb ölkələrində olan hadisələrin Azərbaycanda təkrarlamasını istəməz. Mən də ölkəmizdə belə hadisələrin olmasını istəmirəm. Çünki bunlar qanlı hadisələrdir, ölkələri vətəndaş müharibəsinə sürükləyir. Bu bizim yolumuz deyil. Azərbaycan mürəkkəb coğrafi ərazidə yerləşən ölkədir. Ərəb dünyasında baş verən prosesləri bu gün də diqqətlə izləyirik. Bu ölkələr hələ də normal bir yola qədəm qoya bilmirlər. Xaricdən hansısa yardım almaq Konstitusiyamıza ziddir. Siyasi partiya xalqın gücünə arxalanmalıdır. Hər hakimiyyət uğrunda mübarizə aparan partiyaya pul ayrılsa, onda ölkələrdə didişmə olar. Müxalifətin seçkiqabağı hazırlığına gəldikdə isə burada təmsil olunan partiyalar arasında fikir ayrılıqları çoxdur. Vahid namizəd haqqında hələ heç bir razılıq əldə olunmayıb. “Milli şura”nın yaradılmasından söhbət gedir, amma hansı formada bu olacaq hələ bilinmir. Çünki 6 ay kimi çox az müddət qalıb, lakin çoxlu nəticəsiz danışıqlar gedir, amma konkret bir qərar hələ də qəbul olunmayıb.”

“Ağlı başında olan kəs dövlət üçün zərərli olan oyunlarda
iştirak etməməlidir”


Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının isə məsələyə münasibəti belə oldu: “Biz Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunuruq və ölkədə sivil yolla demokratik seçki mühitinin yaradılması, cəmiyyətin maariflənməsi, seçkilərə hazırlanması və seçkilərdə vahid namizədlə iştirak etməsinin tərəfdarıyıq. Bu halda biz heç bir radikal düşüncənin, radikal mövqeyin tərəfdarı deyilik. Əslində biz “ərəb baharı”nın olduğu ölkələrdə nələr baş verdiyinin yaxın keçmişdə şahidi olmuşuq. Bunlar kimlər tərəfindən törədilir və hədəfləri nədir? Bu hədəflər ölkələrin iqtisadiyyatını məhv etmək, dövləti dağıtmaq, vətəndaşları didərgin salmaq, kapital asılılığı, silah satışıdır. Eyni zamanda bu ölkələrdə hakimiyyətə yeni gələn siyasi hakimiyyətin xalqdan asılı olmaması da sözügedən hədəflərə daxildir. Yəni hakimiyyət xalqa xidmət etməsin. İstər müxalifət, istərsə də iqtidar düşərgəsində olsun, millətə, dövlətə zərərli olan radikal baxışların olmasını istəməzdik. Mənə elə gəlir ki, belə bir həssas vaxtda ağlı başında olan heç bir kəs dövlət üçün zərərli olan oyunlarda iştirak etməməlidir. Müsəlmanların problemlərini qeyri-müsəlmanların həll etməsini istəmirik. “Ərəb baharı”nın növbəti ünvanı Ermənistan ola bilər. Təbii ki, Gürcüstanda bir neçə il bundan qabaq xoşagəlməz hadisə bu ölkənin ərazisinin kiçilməsi ilə nəticələndi. Belə fəlakətlə nəticələnən hadisələri Azərbaycan 20 il bundan əvvəl yaşayıb. Müxalifət və iqtidarda olmasından asılı olmayaraq Azərbaycanda Suriyadakı hadisələrin baş verməsini istəyənlərin yeri həbsxanadır. İstər atam olsun, qardaşım olsun, heç kimə ölkəmiz, dövlətimiz üçün zərərli olan fəaliyyətlə məşğul olmağa izin verilməməlidir. Belə insanlar ya siyasətdən getsinlər, ya da gedib həbsxanada istirahət etsinlər. Harada təmsil olunmağından asılı olmayaraq siyasətçi gərək xalqın dəyərlərinə, milli təfəkkürünə sadiq olsun. Xalqın yükünü çəkib gələcəyə aparmaq çox önəmlidir. Ailə, məhəllə təfəkküründən irəli gedə bilməyən adamlar bunu edə bilməz. Radikallığa meyil edənlərin ölkədə dövlətçiliyi möhkəmləndirəcəyinə inanmıram. Bu son 20 ildə görülən fəaliyyətin nəticəsi kimi özünü təsdiq etmək istəyi ola bilər”.

Vəli Vəliyev: “Radikal müxalifət adlanan qrup
20 ildir ki, Azərbaycana yalnız ziyan vurmaqla məşğuldur”


“SİA”nın icraçı direktoru Vəli Vəliyev isə məsələyə aşağıdakı kimi fikrini bildirdi: “Xaricdən ixrac olunan, daha çox enerji qıtlığı ilə üzləşən ölkələrin sifarişi ilə həyata keçirilən, ölkə daxilində heç bir sifarişçisi olmayan “ərəb baharı” adını almış vətəndaş müharibəsini Azərbaycana gətirmək istəyən qüvvələr yox deyil. Bu “bahar”da öz çiçəyinin açacağını gözləyən daxili qüvvələr əslində bulanıq suda balıq tutmaq istəyində olanlardır. Onlar bəlli şəxslər və qruplardır. Daha çox radikallaşmış, uduzduqca vəhşiləşmiş, vəhşiləşdikcə ən müqəddəs amalları hərraca çıxarmış bu məxluqlar Azərbaycanın sabahını düşünmək iqtidarında deyillər. Bunlar həm də çox ustalıqla maskalana bilirlər. Həmişə haqdan, ədalətdən danışırlar, problemlə üzləşmiş adamların qayğısını çəkirmiş kimi görünməyə çalışırlar, vaxtı çatanda isə maskalarını çıxarıb fəaliyyətə keçirlər.
Radikal müxalifət adlanan bir qrup insan 20 ildir ki, Azərbaycana yalnız ziyan vurmaqla məşğuldurlar. Onlar həm partiyalarda, həm QHT-lərdə, həm müxtəlif istiqamətli təşkilatlarda birləşiblər. Bunlar, təbii ki, bəlli dairələrin maliyyə “yardımları” hesabına ortadadırlar. Bircə işarəyə bənddirlər ki, hərəkətə başlasınlar. Amma onlar bir məsələni unudurlar ki, xalqımız ən azından pisi yaxşıdan ayırmağı bacarır, ərəb ölkələrinin indi hansı vəziyyətdə olduğundan, bu inqilabların ölkələrə hansı bəlalar gətirdiyindən də xəbərdardırlar. Ona görə də adlarını müxalifət qoymuş dağıdıcı məxluqlar heç də arxayın olmasınlar ki, onlara dəstək verən olacaq”.

Liviyada yeni terror aktı

Sonda Azərbaycanda “ərəb baharı”nın yaşanmasını istəyənlərə mənzərəni daha aydın təsəvvür edə bilsinlər deyə daha bir misal gətirmək istəyirik. Belə ki, xarici mətbuat orqanlarının verdiyi məlumata görə, Fransanın Liviyadakı səfirliyi qarşısında partlayış törədilib. Terror aktını heç bir qruplaşma öz üzərinə götürməyib. Ekspertlər Qəzzafinin ölümündən sonra Liviyada vəziyyət tam sabitləşənədək Britaniya və Fransa səfirliklərinin Qəddafinin tərəfdarlarının hədəfinə çevriləcəyini bildirirlər. Bu gün Suriyada daha 80 nəfər toqquşmaların qurbanı olub. Bütün bu hadisələrin fonunda ölkəmizə “ərəb baharı” arzulayanlar, sizə sual verirəm: “Bəlkə 20 illik qəflət yuxusundan artıq oyanasınız? Oyanmaq vaxtıdır!”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info