Azərbaycanın uğurları Kanada elmi jurnalında
Tarix: 05.06.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Kanada Elm və Təhsil Mərkəzinin nüfuzlu beynəlxalq "Davamlı inkişaf" jurnalının bir neçə gün öncə işıq üzü görən iyun nömrəsində ölkəmizin innovativ iqtisadi və sosial-inkişaf sahəsində uğurlarına həsr olunmuş "Enerji səmərəliliyi davamlı inkişaf siyasətinin göstəricisi kimi: Azərbaycanın təcrübəsi" adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Con Lorensdir.
Məqalə beynəlxalq cəmiyyət tərəfindən XXI əsr və üçüncü minillik üçün prioritet kimi müəyyənləşdirilən davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində siyasətdən bəhs edir. Davamlı inkişafın prioritet olması barədə qərar 2015-ci ilin sentyabrında BMT Baş Məclisinin Nyu-Yorkda keçirilmiş 70-ci yubiley sessiyasında və eyni zamana təsadüf edən və tarixə Davamlı İnkişaf Sammiti kimi düşən Dünya liderlərin toplantısında qəbul olunub. Sözügedən qlobal forumlarda xüsusi sənəd - Davamlı İnkişaf Məqsədləri qəbul edilib. Qeyd olunan sənəd dünya ölkələrinin indiki və gələcək nəsillərin uğurlu inkişafını təmin etmək məqsədilə 2015-2030-cu illərdə reallaşdırmalı olduqları vəzifələri müəyyənləşdirib. Məqalədə vurğulanır ki, bu vəzifələrin həlli bəşəriyyətin indiki inkişaf mərhələsində müəyyənləşdirilən 17 məqsədə nail olunmasına yol aça bilər.
Müxtəlif ölkələrin davamlı inkişaf məqsədlərinə hazırlıq səviyyəsi fərqlidir. Məqalədə Dünya Bankı, BMT, digər beynəlxalq təşkilatların bilgilərinə əsaslanaraq Azərbaycan Respublikasının bu sahədə uğurları dəyərləndirilib. Azərbaycanın göstəriciləri digər ölkələrin göstəriciləri ilə müqayisədə qiymətləndirilib. Onlar arasında "Böyük yeddilik" (G7), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (İİƏT), Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və s. var. Davamlı inkişaf sahəsində səmərəliliyin göstəricisi kimi müəlliflər tərəfindən alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, müxtəlif ölkələrdə 1000 ABŞ dolları dəyərində məhsul və xidmətlərin istehsalına xərclənən enerji sərfi götürülüb. Bu göstəricinin seçimi onunla əsaslandırılıb ki, eyni məqsədlər üçün daha az enerji sərfi iqtisadi səmərəlilikdən xəbər verir. Müasir şəraitdə daha az enerji sərfi, eyni zamanda, gələcək nəsillər üçün resursların qorunması deməkdir. Nəhayət, daha az enerji sərfi qlobal iqlim dəyişikliklərinə yol açan atmosferə istixana qazlarının atılmasının azalması kimi dəyərləndirilə bilər. Məqalədə Dünya Bankının hesabatlarına əsasən qeyd edilir ki, inkişaf proseslərinin innovativ idarə edilməsinə yönəlik ardıcıl siyasət nəticəsində son on ildə Azərbaycanda məhsul və xidmətlərin istehsalına enerji sərfi üç dəfədən artıq azalıb. Bu, indi, həmçinin Avropa İttifaqının üzvü olan bütün postsovet ölkələri arasında da ən yaxşı göstəricidir. Məqalədə təqdim edilən göstəricilərdən aydın olur ki, eyni iqtisadi effektə nail olmaq üçün digər keçmiş sovet respublikaları Azərbaycanla müqayisədə 1,5-3,5 dəfə artıq enerji sərf edir. Bu isə o deməkdir ki, mövcud halda müvafiq olaraq qlobal iqlim dəyişikliklərinə yol açan atmosferə tullantılar artır, təbii resurslar daha çox "xərclənir" və iqtisadi səmərəlilik azalır.
Məqalədə Dünya Bankının 2017-ci ilin martına olan məlumatları işıqlandırılıb. Həmin məlumatlarda göstərilir ki, Azərbaycanda enerji istifadəsi səmərəliliyi "Böyük yeddilik" (G 7) ölkələrinin orta göstəricisindən 22 faiz, həmçinin Kanada, ABŞ, Fransa və Yaponiya kimi dövlətlərdəkindən yüksəkdir.
Qeyd edilir ki, bəhs olunan effekt neft amilinin təsiri ilə də əlaqələndirilə bilər. Belə olan halda, analoji göstəricilər digər neft və qaz ixrac edən ölkələrdə də müşahidə edilməli idi. Bu cür təsirin olması imkanını dəyərləndirmək üçün məqalədə enerji istifadəsi səmərəliliyi üzrə Neft İxrac edən Ölkələr Təşkilatının üzvlərinin, həmçinin bu fəaliyyəti həmin təşkilatdan kənar gerçəkləşdirən dövlətlərin göstəriciləri təhlil edilib. Təhlil nəticəsində bəlli olub ki, Azərbaycan neft ölkələri arasında da enerji istifadəsi səmərəliliyinə görə son on beş ildə olduqca yüksək inkişaf tempinə malikdir. 2003-cü ildə ölkəmiz bu göstəriciyə görə Norveç, Küveyt, Meksika, Venesuela, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, Bəhreyn, Qazaxıstan və başqalarından xeyli geridə idi. Dünya Bankının 2017-ci ilin martında dərc olunan bilgilərinə görə, Azərbaycan bütün sadalanan dövlətləri qabaqlayaraq ilk yerləri Norveç və Venesuela ilə bölüşür. Bu bilgilər enerji istifadəsi səmərəliliyi ilə neft ölkələri iqtisadiyyatlarının xüsusiyyətləri arasında əlaqənin olmamasını sübut edir.
Məqalədə göstərilir ki, davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində qazanılan yüksək uğurlar dövlət idarəçiliyində innovativ texnologiyaların geniş istifadəsinin nəticəsidir. Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə Dünya Sammitindəki və 2016-cı ildə Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışlarında innovativ inkişaf strategiyasının əsas məqamları işıqlandırılıb.
Ölkədə davamlı inkişaf sahəsində reallaşdırılan siyasətin uğuru kimi məqalədə sosial inkişaf indekslərinin müqayisəli təhlili də aparılıb. BMT-nin məlumatlarına əsasən məqalədə vurğulanır ki, Cini İndeksi - gəlirlərin əhali arasında ədalətli paylanması göstəricisi Azərbaycan Respublikasında "Böyük yeddilik" ölkələrinin orta göstəricisindən yüksəkdir və onlar arasında yalnız Almaniyadan geri qalır.
Məqalədə, həmçinin digər sosial göstərici - Kvintil nisbətini xarakterizə edən bilgilər də əksini tapıb. Azərbaycanın göstəriciləri İİƏT-ə üzv ölkələrin göstəriciləri ilə müqayisə edilir. Qeyd edək ki, bu qrupa dünyanın 35 aparıcı iqtisadiyyata malik ölkəsi daxildir. Məqalədə əks olunan təhlilə əsasən, bu göstəriciyə görə, Azərbaycan yalnız Şimali Avropa və bəzi digər ölkələrdən geridədir. Əhali gəlirlərinin bölgüsünün Kvintil təhlili göstərir ki, Azərbaycanda bu göstərici İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ölkələrinin orta göstəricilərindən, həmçinin qrupdakı bir çox dövlətlərdəkindən daha yüksəkdir. Sosial komponent davamlı inkişaf sahəsində ümumi siyasətin vacib elementidir.
Kanadada nəşr olunan beynəlxalq elmi jurnalda Azərbaycanda davamlı inkişaf proseslərinin uğurlu idarə edilməsi təcrübəsinə dair məqalə ölkədə bu istiqamətdə baş verənlərlə bağlı məlumatlandırma səviyyəsinin yüksəlməsinə, həmçinin bu təcrübənin qlobal inkişaf məqsədilə yayılmasına yol açır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info