Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə diplomatik münasibətləri kəsirlər
Tarix: 05.06.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər dövləti ilə diplomatik münasibətləri kəsdiklərini elan ediblər.
Bəhreyn XİN tərəfindən yayılmış bəyanatda bildirilir ki, müvafiq qərar Qətər dövləti tərəfindən Bəhreyndə təhlükəsizliyin pozulmasına yönəlmiş hərəkətlərin, Bəhreynin daxili işlərinə qarışmağın, KİV-lərdə araqızışdırıcı hərəkətlərin davam etməsi, habelə terrorizmin dəstəklənməsi və İran ilə əlaqədar qruplaşmalara maliyyə yardımı göstərilməsi, Bəhreyndə hərc-mərclik yaradılması ilə əlaqədar qəbul edilib.
Bəyanatda qeyd edilir ki, bununla əlaqədar yaxın bir gün ərzində Qətər ilə dəniz və hava yolları bağlanacaq. Bəhreynin Xarici İşlər Nazirliyi Qətərin diplomatik nümayəndələrindən yaxın 48 saat ərzində bu ölkəni tərk etmələrini tələb edib. Bundan əlavə, Bəhreyn Krallığının təbəələrinin bundan sonra Qətərə səfər etmələri qadağan olunub. Bəhreyndə olan qətərlilər 14 gün ərzində bu ölkəni tərk etməyə borcludurlar və bundan sonra onların Bəhreynə gəlməsinə və Bəhreyn ərazisindən tranzit səfərlər etməsinə icazə verilməyəcək.
Ər-Riyadda onu da bildiriblər ki, bu qərar təhlükəsizlik mülahizələrinə əsasən qəbul edilib. Səudiyyə Ərəbistanının xəbər agentliyi ölkə XİN-in rəsmi məlumatından aşağıdakı sözləri sitat gətirir: “Səudiyyə Ərəbistanının hakimiyyət orqanları öz ölkəsinin beynəlxalq qanunvericiliklə təmin edilən suveren hüququndan istifadə edərək onu terror və ekstremizm təhdidindən qorumaq üçün Qətər dövləti ilə diplomatik münasibətləri kəsməyi qərara alıblar”. Xüsusi olaraq qeyd edilir ki, hava, dəniz və quru sərhəd terminallarının bağlanması, habelə tranzitin, aviasiya əlaqəsinin və Krallığının ərazi sularından Qətərin istifadə etməsinin qadağan olunması barədə qərar qəbul edilib. Nazirlikdə bildirilib ki, qonşu qardaş ölkələrin dövlət təhlükəsziliyi maraqları əsas götürülərək bu tədbirlərin onlarla əməkdaşlıq şəraitində mümkün qədər tezliklə həyata keçirilməsi proseduru başlanıb. XİN-də qətərli diplomatlardan Krallığı tərk etmələri tələb olunub və Krallığın Dohadakı nümayəndələrinin geri çağırılması elan edilib. Səudiyyə təbəələrinin bundan sonra Qətərə getməsi qadağan edilib, orada olan rezidentlər isə yaxın 14 gün ərzində Qətəri tərk etməlidirlər. Analoji tələblər Krallıqda yaşayan Qətər təbəələrinə də aiddir.
Misir XİN-in məlumatında bildirilir ki, diplomatik əlaqələrin kəsilməsi barədə qərar Qətər tərəfindən “Əl Qaidə” və “İslam dövləti” qruplaşmalarının ideologiyasının yayılması, Sinayda terror aktlarının dəstəklənməsi, Qətər tərəfindən Misirin və region ölkələrinin daxili işlərinə qarışmağın davam etməsi, bununla da ərəb ölkələrinin milli təhlükəsizliyi üçün təhdid yaranması və ərəb cəmiyyətində nifaq toxumu səpilməsi ilə əlaqədar qəbul edilib. İdarədə həmçinin bildirilib ki, Qətəri terror qruplaşmalarını, ilk növbədə Misirdə qadağan edilmiş islamçı “Müsəlman qardaşlar” assosiasiyasını dəstəkləməkdən çəkindirmək cəhdləri nəticəsiz qalıb.
Abu-Dabidə də Qətər ilə dəniz və hava yollarının bağlanması qərara alınıb. Bu barədə WAM dövlət informasiya agentliyi məlumat verib. Bəyanatda deyilir: “Birləşmiş Ərəb Əmirlikləri Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (FKƏDƏŞ) üzvü olan ölkələrin sabitliyinin və təhlükəsizliyinin dəstəklənməsi məsələsində bu sistemə sadiq olduğunu təsdiq edir. Qətərin region ölkələrində sabitliyi pozan və onların təhlükəsizliyinə təhdid yaradan siyasətinin davam etməsinə görə FKƏDƏŞ-in mənafeyi naminə Qətər ilə diplomatik münasibətlərin pozulması və Qətərin diplomatik nümayəndələrinin 48 saat ərzində ölkədən çıxarılması haqda qərar qəbul edilib. BƏƏ-nin hakimiyyət orqanları Qətər təbəələrinin 14 gün ərzində Əmirlikləri tərk etmələrini tələb ediblər. Analoji göstərişlər Əmirliklərin Qətərdə olan sakinlərinə də aiddir.
Bundan əlavə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən ərazisinin xeyli hissəsi üzərində nəzarət edən qiyamçılara qarşı birgə hərbi əməliyyatda Qətərin iştirakına xitam verildiyini elan edib. “Əl-Ərəbiyyə” telekanalı bu barədə öz mənbələrinə istinadla məlumat verib.
Ərəb KİV-ləri bildirirlər ki, Qətər ilə onun qonşuları arasında münaqişə Fars Körfəzi Ölkələri ilə ABŞ-ın Ər-Riyadda keçirilmiş sammitindən bir həftə sonra baş verib. Qətər xəbər agentliyi Əmirin adından İran ilə münasibətləri dəstəkləyən nitqi yayıb. Ər-Riyad sammitində Səudiyyə Ərəbistanı həmin görüşün bütün qonaqları adından İranı düşmənçilik siyasətinə görə qınayıb və adekvat cavab veriləcəyi ilə hədələyib. Qətər XİN nümayəndəsi sonradan elan edib ki, agentliyin saytı hakerlər tərəfindən dağıdılıb, Əmirin adından nitq hakerlər tərəfindən dərc edilib və bu nitqin Qətər liderinə aiddiyyəti yoxdur.
Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi inandırıcı hesab etməyiblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info