“ASAN xidmət” korrupsiya sahəsindəki problemlərin aradan qaldırılmasına ciddi təsir edib”
Tarix: 24.04.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı suallarımızı cavablandırıb.


- Əhməd müəllim, rəhbəri olduğunuz təşkilat korrupsiyaya qarşı mübarizə istiqamətində hansı işlər həyata keçirib?

- Təşkilatımız 7 ildən çoxdur ki, ölkədə şəffaflığın bərqərar olması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirir. Bununla əlaqədar ölkə ərazisində müxtəlif istiqamətlər üzrə sosioloji-tədqiqatlar, monitorinqlər aparmış, dəyirmi masalar keçirmiş, ictimai müzakirələr təşkil etmiş, müxtəlif növ çap məhsulları hazırlamışıq. Təşkilatımızın təşəbbüsü ilə müxtəlif vaxtlarda yerlərdə vətəndaşlara hüquqi yardım, ərizə və şikayətlərin müvafiq strukturlara çatdırılması məqsədi ilə məsləhət otaqları fəaliyyət göstərib.
Uğurlu işlərimizin biri də elə ötən il Bakıda təşkil olunmuş “Korrupsiyaya qarşı mübarizə: yeni ideyalar, yeni qüvvələr” mövzusunda beynəlxalq konfrans oldu. Konfransın işində xarici ekspertlər, dövlət qurumlarının nümayəndələri, səfirliklərin və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli QHT-lər, KİV və s. iştirak edirdi. Konfransın nəticəsi olaraq Azərbaycanın, Rumıniyanın, Ukraynanın, Gürcüstanın vətəndaş cəmiyyəti institutları “Qara dəniz Ölkələri QHT-lərinin Antikorrupsiya Şəbəkəsinin” yaradılması təşəbbüsü ilə çıxış etdilər. Həqiqətən, bu, maraqlı, səmərəsi ola biləcək bir təşəbbüsdür. Hal-hazırda da bu istiqamətdə işlər davam edir. Biz bu təşəbbüsə qoşulmaq üçün Qara dəniz hövzəsində olan digər ölkələrin vətəndaş cəmiyyəti institutlarına da müraciət etmişik. Moldovadan olan həmkarlarımız da bizə qoşulmaq istəklərini bildiriblər. Amma etiraf edim ki, proses gözlədiyimizdən zəif gedir. Bunun da bir neçə səbəbi var.Amma inanıram ki, bu fikri tam mənada reallaşdırmaq mümkün olacaq.
- Əsasən hansı sahələrdə korrupsiya halları müşahidə olunur?
- Məqsədimiz, ilk növbədə, ölkədə bu sahədə olan nöqsanları aradan qaldırmaq, korrupsiyaya qarşı aparılan mübarizəni intensivləşdirmək, köklü dəyişikliklərə nail olmaq və bu mənada bir vətəndaş cəmiyyəti institutu olaraq dövlətin həyata keçirdiyi tədbirlərdə fəal iştirak etməkdir. Vətəndaş cəmiyyəti institutu olaraq biz həmişə prosesin içində olmağa çalışırıq, ayrı-ayrı sahələr üzrə araşdırmalar aparırıq, real vəziyyəti öyrənirik, əldə etdiyimiz nəticələri isə ictimaiyyətin və müvafiq dövlət strukturlarının diqqətinə çatdırmağa çalışırıq. Belə ki, apardığımız araşdırmalar (əhali arasında aparılan sorğular, vətəndaşların şikayətləri, dövlət strukturlarına göndərilən sorğulara verilən cavablar, mətbuat orqanlarında verilən məlumatların monitorinqi, qaynar xətlərə müraciətlər və bu barədə verilən məlumatlar, korrupsiyaya qarşı mübarizə ilə bağlı müvafiq strukturların hesabatları və s.) zamanı aydın olur ki, son illər bu istiqamətdə ciddi islahatlar aparılmasına və ciddi addımlar atılmasına baxmayaraq, ölkədə bu sahədə müəyyən problemlər var.
Ancaq xüsusilə vurğulamaq istərdim ki, həqiqətən də, ölkədə kifayət qədər dövlət qurumları var ki, oranın əməkdaşları şəxsi mənfəət güdmür, vətəndaşlara vicdanla xidmət edirlər.
Başqa bir məsələ isə bəzi sahələrdə bir neçə il əvvəlki vəziyyətlə müqayisədə xeyli fərqli mənzərənin olmasıdır.
- Son illər korrupsiyaya qarşı aparılan tədbirlər öz müsbət nəticəsini verirmi?
- Bilirsiniz, biri var məişət səviyyəsində rüşvətxorluq, biri də var korrupsiya. Son illər atılan addımlar, aparılan bir sıra islahatlar bu sahədə müsbət dəyişikliyə səbəb olub. Məsələn, lap elə bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət” mərkəzi) yaradılması bu səviyyədə olan bir sıra problemlərin aradan qaldırılmasına ciddi təsir edib. Dəfələrlə orada iş prosesini müşahidə etmişik, ora gələn vətəndaşlar arasında sorğu keçirmişik, hələki həmin strukturu və onun əməkdaşlarını kompromat edən fakta rast gəlməmişik. Bu mənada daha bir neçə qurumun adını inamla çəkmək olar, Dövlət Qulluğuna Qəbul Məsələləri ilə bağlı Komissiya, ölkədə gənclər və idman siyasətini həyat keçirən müvafiq qurumlar və s. Mən əminliklə deyə bilərəm ki, (Niyə əminliklə? Ona görə ki, əvvəla, bu istiqamətdə də ciddi araşdırmalar aparmışıq, müsabiqə prosesini müşahidə etmişik, həm də prosesi daha dərindən öyrənmək üçün özüm bir namizəd kimi sənəd vermişəm və bütün prosesləri adi iddiaçı kimi keçmişəm.) DQMK ölkədə gənclərin işə qəbulu məsələlərini reallaşdıran və bunu obyektiv həyata keçirən bir strukturdur. Bunun nəticəsidir ki, məhz son dövrlər 2000-dən artıq savadlı və bacarıqlı gənc dövlət qulluğuna qəbul edilib. Bunun nəyi pisdir ki, həm gənclərimizin işədüzəlmə problemi həll olunur, həm də dövlət qurumlarına savadlı, vicdanlı məmurlar cəlb edilir. Lakin təəssüf ki, bəzi qurumlar bu işə mane olmağa, yaxud da prosesə əngəl törətməyə çalışırlar.
Gənclər siyasətinin həyata keçirilməsi prosesində də son dövrlər xeyli müsbət işlər görülür. Belə ki, bu istiqamətdə xeyli uğurlu layihələr həyata keçirilib, gənclərin fiziki və mənəvi sağlamlığı, onların dövlətimizə layiqli vətəndaş kimi yetişməsi üçün tədbirlər görülür, kifayət qədər gənclər təşkilatları yaradılır və onlara dövlət dəstəyi göstərilir, həm də bu proseslər şəffaf həyata keçirilir.
Bu gün ölkədə daha çox diqqət mərkəzində olan və müzakirə olunan strukturlardan biri də məhkəmələrdir. Ölkədə fəaliyyət göstərən hakimlər barədə fərqli fikirlər mövcuddur. Amma ədalət naminə qeyd etmək lazımdır ki, bu sahədə müsbət dəyişiklər baş verməkdədir. Bura hakimlərin seçilməsi prosesindən tutmuş, ayrı-ayrı məhkəmələrin işlərində müşahidə olunan mütərəqqi dəyişikliklər daxildir. Bizim üçün bütün ölkə üzrə qiymət vermək çətin olsa da, Bakı şəhəri üzrə apardığımız müşahidələrin nəticələri barədə onu qeyd etmək olar ki, bir sıra rayonların məhkəmələri işində son aylar ciddi dəyişikliklər hiss olunur, bura vətəndaşların sənədlərinin qəbulu, onlara münasibət, sənədləşdirmə, məlumatların verilməsi və s. aiddir. Qeyd etmək lazımdır, məhz bu cür addımlar ölkədə məhkəmələrin hakimiyyətin bir qolu kimi tam müstəqil, ədalətli və peşəkar bir institut kimi nüfuzunun artmasına xidmət edir.
- Korrupsiya ilə mübarizəyə mane olan nədir?
- Bəzi adamlar özünü qanunların fövqündə görür. Məncə, ilk növbədə, bu problemi həll etmək lazımdır. Ölkə Prezidentinin son zamanlar etdiyi çıxış da bu mənada çox diqqətəlayiqdir.
- Hazırda ölkədə korrupsiyaya qarşı aparılan mübarizə gələcək üçün hansı ümidlər verir?
- Biz kiçik bir qurumuq, vətəndaş cəmiyyətini təmsil edirik və gələcəyə ümidlə baxırıq, çünki əvvəla, bizim kimi korrupsiya ilə mübarizə sahəsində xeyli sayda QHT-lər fəaliyyət göstərir və bu istiqamətdə əməkdaşlıq edirik. Bu mənada Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin əməkdaşlıq şəbəkəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. İkincisi, şükürlər olsun ki, ölkədə vicdanlı, Vətənini, millətini sevən minlərlə insan var, o cümlədən öz işinə, öz vəzifəsinə vicdanla yanaşan yüzlərlə məmur var. Və nəhayət, dövlətimiz və siyasi rəhbərlik də bu istiqamətdə qəti mövqe bildirir.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info