“İctimai qınaq effektiv mübarizə üsuludur”
Tarix: 24.04.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Ölkəmizin durmadan dinamik inkişafı nəticəsində beynəlxalq aləmdə dostlarımızın sayı artdığı kimi, Azərbaycana qarşı antipatiya bəsləyən qüvvələrin fəaliyyətində də fəallaşma müşahidə olunmaqdadır. Belə ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün ölkəmizdəki xarici QHT-ləri və daxili antimilli qüvvələri maliyyələşdirməklə, ölkəmizlə bağlı dünyanın bəzi mətbuat orqanlarında qərəzli məlumat yaymaqla, gəncləri qeyri-qanuni aksiyalara cəlb etməklə beynəlxalq aləmdə Azərbaycanda qeyridemokratik mühitin olduğu təsəvvürü formalaşdırmaq istəyirlər.
Xüsusən məlumatsız gənclərin sözügedən istiqamətdə qanunsuz fəaliyyətlərə cəlb olunması belə halların qarşısının alınması istiqamətində ciddi addımların atılmasını tələb edir. Lakin neqativ hallara qarşı preventiv tədbirlərin görülməsini yalnız hökumətdən gözləmək düzgün olmaz. Çünki söhbət ümummilli maraqlardan gedəndə sosial statusundan, mövqeyindən asılı olmayaraq hər kəs əlindən gələni etməlidir.

“Şəffaflığı gözləyən, qanunlara riayət edən yerli və xarici QHT-lərin fəaliyyəti üçün heç bir problem yoxdur”

Qəzetimizə problemlə bağlı fikirlərini bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrrəm Zülfüqarlı diqqəti xarici QHT-lərin fəaliyyətində qanunsuz halların çoxluğuna çəkdi: “Azərbaycanda marağı olan bəzi böyük qüvvələr çox zaman öz maraqlarını missionerləri vasitəsi ilə həyata keçirməyə çalışırlar. Xarici QHT-lər öz işlərində şəffaflığı gözləyərsə, qanunla nəzərdə tutulan tələblərə riayət edərlərsə, onların fəaliyyət göstərməsində heç bir problem yoxdur. Amma çox vaxt bu gözlənilmir. Həmin QHT-lər yalnız öz donorları ilə hesablaşaraq fəaliyyətləri, pul köçürmələri ilə bağlı müvafiq nazirlikləri, digər strukturları məlumatlandırmalıdır, aidiyyəti orqanlara hesabat verməlidirlər. Belə QHT-lərin zərərli fəaliyyətinin qarşısının alınması üçün növbəti effektiv mübarizə üsulu ictimai qınaqdır. Kimliyindən və statusundan asılı olmayaraq hər bir kəs ümummilli məsələlərə həssas yanaşmalıdır, jurnalistlər də ümumi mövqedən çıxış etməlidirlər. Amma ümumiyyətlə, bütün QHT-lərin, xüsusən də xarici QHT-lərin fəaliyyəti müntəzəm olaraq yoxlanılmalıdır. Ən effektiv yol isə qanunların işləməsidir.”

“ QHT-lərin antimilli fəaliyyətinə çevik və kəskin reaksiya
verilməlidir”

YAP Xətai rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Tərlan Səfərov isə verdiyi açıqlamada gənclər arasında maarifləndirmə işinin vacibliyini vurğuladı: “Belə QHT-lərin zərərli fəaliyyətini məhdudlaşdırmaq üçün gənclərin maarifləndirilməsi işinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu yalnız hansısa təşkilatlar çərçivəsində məhdudlaşmamalıdır, həm də orta məktəblərin yuxarı sinif şagirdlərini və universitetləri əhatə etməlidir. Gənclərdə milli dövlətçilik şüuru gücləndirilməlidir ki, onlar hansısa yerli və xarici QHT-lərə, təşkilatlara qoşulmazdan qabaq onların hansı istiqamətdə fəaliyyət göstərdiklərini araşdırsınlar. Çünki araşdırmadan, dəqiq müəyyənləşdirmədən qoşulma gənclərin özlərinin də gələcək həyatları üçün böyük təhlükə mənbəyidir. Ona görə müxtəlif yollarla bütün vətəndaşların, xüsusən də cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda ictimai qınaq olmalıdır və onun formalaşdırılmasında QHT-lər çox böyük işlər görə bilər. Onlar hər hansı bir xarici QHT-nin antimilli fəaliyyətlərini gördükləri zaman buna qarşı çevik və kəskin reaksiya verməlidirlər”.

“Dövlətə zərər gətirəcək layihələrin qarşısı zamanında alınmalıdır”

"Milli Düşüncə İnstitutu" İctimai Birliyinin rəhbəri, “Milli Dövlətçilik Naminə Hərəkatı”nın həmtəsisçisi Taryel Faziloğlu isə məsələyə münasibətini belə bildirdi: “Xarici QHT-lərin Azərbaycanda fəaliyyətini bir şərtlə normal qiymətləndirirəm ki, onlar öz fəaliyyətlərini Azərbaycanın qanunlarına, onun dövlətçilik dəyərlərinə hörmətlə yanaşaraq qursunlar. Əgər bu şərtlər ödənmirsə, məncə, heç bir xarici təşkilatın Azərbaycanda fəaliyyətinə icazə verilməməlidir. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların əksəriyyəti təəssüflə deməliyəm ki, Azərbaycanın nəinki qanunlarını pozur, hətta Azərbaycanın müstəqilliyini təhlükəyə atacaq layihələr həyata keçirirlər. Buna görə də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatlara dövlət nəzarəti gücləndirilməli, onların dövlətə zərər gətirəcək layihələrinin qarşısı zamanında alınmalıdır. Amma bu zaman müdaxilə tam əsaslandırılmalıdır. İndi həqiqət odur ki, Azərbaycanda fəaliyyət göstərən bəzi xarici təşkilatlar, QHT-lər istədikləri kimi fəaliyyət göstərir, nə qanunları saya salırlar, nə də dövlətin təzyiqlərinə əhəmiyyət verirlər. Əksinə onlara tutulan iradları insan hüquqlarının pozulması, demokratiyanın boğulması kimi əllərində bayraq edirlər. Məncə, dövlət bu məsələdə qətiyyət göstərməlidir. Tərəfimizdən yeni təsis edilən “Milli Dövlətçilik Naminə Hərəkatı”nın əsas fəaliyyət istiqamətlərindən biri də budur. Belə ki, hərəkat bu məsələlərə qarşı həssas olacaq və Azərbaycan dövlətçiliyinə zədə vura biləcək hər bir prosesin qarşısında olacaq. İctimaiyyətə də açıqladığımız kimi, hərəkatın rəhbər tutduğu bütün prinsiplər Azərbaycan dövlətçiliyinin var oluşu və daha da güclənməsidir. Biz Azərbaycan dövlətinə zərər verəcək hər bir prosesə qarşı həssas olacaq və ona qarşı bütün gücümüzlə fəaliyyət göstərəcəyik. O cümlədən xarici təşkilatların Azərbaycan dövlətçiliyinə zədə vura biləcək hər hansı fəaliyyətinə qarşı da öz etirazımızı dərhal bildirəcəyik.”

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info