İşaxtaran şəxsdən iş adamına çevrilənlər
Tarix: 06.06.2017 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Muxtar İbadov: “Dövlət ən ağır günlərimdə mənə dəstək olaraq öz təsərrüfatımı qurmağa kömək etdi”

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin strateji hədəfləri sırasında əmək qabiliyyətli vətəndaşların səmərəli məşğulluğuna şərait yaradılması da yer alıb. Ümumiyyətlə, əmək bazarının inkişafı ölkə başçısı üçün daim prioritet məsələlərdən olub. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı isə dövlət məşğulluq siyasətində vətəndaşların özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi açdı. Sərəncamın aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratdığını desək, yanılmarıq. Hətta Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayeva Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirərək ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən də daim dəstəkləndiyini vurğulayıb. Artıq dövlət səviyyəsində özünüməşğulluq proqramının uğurla həyata keçirilməsi müsbət nəticələr verməyə başlayıb.
Ailə bizneslərini təşkil edənlərin təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq
Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir, bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilir. Müşahidələrimiz onu deməyə əsas verir ki, hazırda proqram uğurlu nəticələr verir, mal və materiallarla təmin olunan insanlar fərdi təsərrüfatlarını inkişaf etdirərək uğurlu ailə bizneslərini qurmaqda davam edirlər. Maraqlıdır ki, özünüməşğulluq proqramı çərçivəsində təkcə xeyli sayda işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunmayacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institusional işlər aparılacaq. Özünüməşğulluq proqramının iştirakçısı olanlardan biri Qarabağ müharibəsi əlili Əli Əsədovdur ki, onun ailəsi 7 nəfərdən, o cümlədən 2 nəfər azyaşlı uşaqdan ibarətdir. Təbii ki, sosial problemləri olan belə ailə başçıları üçün sözügedən proqramın böyük əhəmiyyəti var. Proqram Əli Əsədov kimi yüzlərlə ailə başçısının ailə gəlirlərini artırması üçün güclü dəstək olub.
Bəzi ailələr isə proqramdan yararlanaraq özlərinin fərdi heyvandarlıq təsərrüfatlarını uğurla qururlar. Onların fermer təsərrüfatlarını qurmaları üçün belə imkandan yararlanmaları gələcəkdə işaxtaran şəxsdən iş adamına çevrilmək imkanlarını da artırır. Çünki belə şəxslər, əsasən, əlində vəsaiti olmayıb rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyatda olanlardır. Kurslara cəlb edilərək fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək, eləcə də digər sahələrlə bağlı bilik və bacarıqlara yiyələnən bu şəxslər öz ailələrinin fərdi təsərrüfatlarını, hətta kiçik bizneslərini bu gün də qurmaqda davam edirlər.
“Fərdi heyvandarlıq təsərrüfatımı genişləndirib böyük fermaya çevirməyi düşünürəm”
Proqramdan yararlanaraq fərdi heyvandarlıq təsərrüfatlarını qurub inkişaf etdirmək istəyənlərdən biri də Ağsu rayonu Pirhəsənli kənd sakini Muxtar Həsənqulu oğlu İbadovdur. Bu yaxınlarda mal-qara ilə təmin olunan Muxtar İbadov deyir ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, ailə təsərrüfatını inkişaf etdirmək istəyən vətəndaşına hər cür dəstək olur, işsiz, işaxtaranlara münbit şərait yaradır: “Belə halları, adətən sosializmdə görmüşük. İş qabiliyyətin var? Əlində imkan yoxdur? Gəl dövlət sənə şərait yaradır, ya təsərrüfatla məşğul ol, ya da peşən varsa, öz peşənlə. Peşən də yoxdursa, texnikumda oxu, öyrən, imtahan ver və sosial durumunu yaxşılaşdır. İndi kapitalizmdir. Hər kəsin öz əli öz başı misalı. Amma dövlətimiz digər sahələrdə olduğu kimi, bu işdə də humanist addım ataraq sosial məsələlərə çox düzgün və həssas yanaşdı. Təsəvvür edin ki, yüzlərlə insan əlində imkan olmadığı üçün təsərrüfatını qura bilmirdi. Biri elə mən. Çox çətinliklərlə üzləşirdim. İki ilə yaxın idi ki, işsiz idim. Belə bir proqramın olması haqqında kənddə qonşulardan eşitdim. Özüm qapı-pəncərə usta kimi işləmişəm və paytaxtda işlədiyim yer fəaliyyətini dayandırdığı üçün yenidən kəndə qayıtmalı oldum. Bura qayıdandan sonra iş qurmaqla bağlı müraciət edəndə də, düzü, elə öz sahəm üzrə sex açmağı düşünürdüm. Amma mal-qaranı, fərdi heyvandarlıq təsərrüfatı yaratmağı daha məqsədəuyğun hesab etdim. Mənə 3 heyvan- yanında balası olan inək, düyə və balası olacaq inək veriblər”.
Müsahibim deyir ki, əslində, kənddə yaşayan adam üçün belə imkan göydəndüşmədir. Kənd adamının işi daha çox əkib-becərmək və maldarlıqdır. İki azyaşlı övladı olan Muxtar İbadov kurslarda da səmərəli biliklərə yiyələndiyini bildirdi: “Bizim kənddən bu proqramdan yararlanan başqa şəxslər də var. Kurslarda ikiaylıq təlim keçdik. Dərslər həftədə iki dəfə keçirilirdi. 13 nəfər idik, 10 nəfər kursları uğurla bitirdi. Hərənin öz sahəsinə görə imtahanı təşkil olundu. Proqram çərçivəsində təşkil olunan bu təlim kurslarında biznesin, təsərrüfatın təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələndik. Bizə təsərrüfatı düzgün quraraq bacarıqla idarə etmək üçün nə lazımdısa öyrətdilər. Bildiyiniz kimi, bir il mal-qaraya toxunmaq, satmaq olmaz. Təbi ki, təsərrüfatımız, işimiz nəzarətdə olacaq. Bu da müsbət amildir. Təsərrüfatı genişləndirmək imkanım və fikrim var. Belə təsərrüfatı qurmaq, onu inkişaf etdirmək o qədər də asan görünməsin. Bu bir meyvə toxumu deyil ki, onu torpağa atasan, bir neçə il sonra gəlib böyümüş ağacın barından yararlanasan. Bu işdə dəstək lazımdır, bir də gərgin əmək. Biz- kənd adamları öz əməyimizlə yaşayan insanlarıq. Dövlətin dəstəyi də yerinə düşdü və ümid edirəm ki, gələcəkdə belə yardımların miqyası daha geniş olar. Təsəvvür edin ki, dövlətimiz bizə minimum iki min manatlıq mal-qara verdi. 15 il əvvəl kimə desəydin ki, işsiz olduğun halda dövlət bu dəyərdə sənə mal, mülk verir, inanmazdı. Amma bu gün dövlət ən ağır günlərimdə mənə dəstək olaraq öz təsərrüfatımı qurmağa kömək etdi. Əgər bir qədər bacarıqlı olsaq, materiallarla təmin olunub kurs keçən və özünə sex açan ustadan tutmuş mənim kimi bir neçə mal-qara ilə təmin olunana qədər, hər birimiz üç-dörd ilə təsərrüfat və biznesimizi genişləndirə bilərik”.
Müsahibim “əvvəl işaxtaran şəxs idiniz, indi iş adamına çevrilmək istəyirsiniz. Proqramın belə uğurlu icra olunacağını gözləyirdinizmi?” sualına belə cavab verdi: “Mənim iki azyaşlı övladım var. Amma indidən övladlarıma aşılayıram ki, dövlət ən pis günümüzdə bizə bu şəkildə dəstək oldusa, belə dövlətdən hər mənada bütün müsbət layihələri və gördüyü işlərin nəticələrini gözləmək olar. Proqram işaxtaran və işsizlər üçün nəinki uğurla icra olunur, hətta, deyərdim ki, bütün dünyaya nümunə göstəriləcək səviyyədə həyata keçirilir”.
1500 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmalarına imkan yaradılacaq
Muxtar İbadov onu da vurğuladı ki, proqramdan yararlananların əksəriyyəti verilən mal-materiallar hesabına öz biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olurlar: “Yəni eşitdiyim və müşahidələrim əsasında deyə bilərəm ki, müraciət edənlər öz işlərini uğurla qura bilirlər. Mən də buna bariz nümunəyəm. Kənd yerində başqa nə məşğuliyyət ola bilərdi? İşlərin ən uyğunu elə heyvandarlıq idi. Bəlkə, əvvəlki peşəmə uyğun olaraq kənddə qapı-pəncərə sexi açsaydım, perspektivli olmazdı. Amma indiki halda heyvandarlığı inkişaf etdirmək real görünür. Təsəvvür edin ki, dünən işaxtaran biri bu gün iş adamı olmaq şansına malik olur. Artıq öz təsərrüfatını qurmaq, mal-qaranın sayını artırmaq və üç-dörd ilə kiçik ferma qurmaq imkanları haqqında düşünməyə başlayırıq. Bütün bu imkanlara görə bir daha dövlətimizə, şəxsən ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”.
Mütəxəssislər bildirirlər ki, 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təminatının həyata keçirilməsi bir çox ölkələrə nümunə ola bilər. Həmçinin araşdırmalar onu da deməyə əsas verir ki, yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əməkqabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Ekspertlər onu da vurğulayırlar ki, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır.
ƏƏSMN-in sözügedən tədbirlərlə bağlı yaydığı məlumatda isə qeyd edilir ki, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı işləri davam etdirilir. Proqram müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmalarına imkan yaradacaq.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, özünüməşğulluq proqramının icrası sahəsində uğurlu təcrübə gələcəkdə bu sahədə tədbirlərin geniş vüsətlə davam etdirilməsini şərtləndirəcək, işaxtaran və işsiz vətəndaşlar üçün yeni imkanlar açacaq.
Tural Tağıyev
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info