“Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşdırılıb”
Tarix: 07.06.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilib.
Yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir: “Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi də mühüm hadisədir. Azərbaycan dayanıqlı inkişafa nail olan müasir ölkədir. Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu tədbiri əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.

Baş prokuror:
"Korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur"

Baş prokuror Zakir Qaralov iclasda çıxış edərək dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Zakir Qaralov bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korrupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fəaliyyət göstərir.
"İqtisadi Əməkdaşlıq Təşkilatı müxtəlif mədəniyyətləri birləşdirən bir körpüdür. Azərbaycan təşkilatın tədbirlərində aktiv iştirak edir, iki dəfə tədbirlərə ev sahibliyi edib. Azərbaycan iki dəfə bu təşkilata sədr seçilib". Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet sahədir və İƏT-in bu tədbirin Bakıda keçirilməsi mühüm hadisədir: "Ermənistanın işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün durumuna düşüb. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olunub, hüquqi islahatlar yolu seçilib. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Z. Qaralov qeyd edib ki, korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır: "Azərbaycan beynəlxalq və regional səviyyədə bütün konvensiyalara qoşulub, bu sahədə qanunvericilik təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Bu sahədə 3 milli fəaliyyət planının icrası başa çatdırılıb. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu sahədə uğurla fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə "Asan xidmət"in rolunu xüsusi vurğulamaq istəyirəm, burada fəaliyyət korrupsiyanı tam istisna edir. "ASAN xidmət" beynəlxalq səviyyədə digər ölkələrə tövsiyə edilməkdədir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur".

"QHT və partiyalar digər ölkələrdə hesablar açmaqla, Azərbaycana qanunsuz maliyyə gətirmək istəyir"
Baş prokuror bildirib ki, uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub".
Baş prokuror qeyd edib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir: "Onlar uzun illərdir bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək. Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın".

Ombudsman:
"ASAN xidmət" korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır"

İnsan haqları üzrə müvəkkili Elmira Süleymanova bildirib ki, korrupsiyaya qarşı mübarizə siyasi iradə tələb edir, Azərbaycanda bu sahədə iradə güclüdür. E. Süleymanova deyib ki, "ASAN xidmət"in korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır: "Korrupsiya ilə əlaqədar şikayətlərin azalması bunu təsdiqləyir. İcra orqanlarında apelyasiya şuralarının yaradılması da korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır. Hər bir ölkədə korrupsiyaya qarşı mübarizədə uğurlar var. Ancaq sərhədləri aşan narkoticarət, qaçaqmalçılıq kimi əməllərdə də korrupsiya müşahidə olunur. Mən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri fəal əməkdaşlığa dəvət edirəm".
İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Ələvi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək Azərbaycanın ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. ECO-nun tarixindən və keçdiyi inkişaf yolundan danışan Ə.Səbzivari deyib ki, təşkilatın üzvləri olan ölkələrin ərazisi 8 milyon kvadratkilometrdən çoxdur. Qlobal cəmiyyətin inkişafına təkan verən ECO növbəti 25 il üçün öz qarşısına bir sıra mühüm məqsədlər qoyub. Təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı işbirliyinin genişləndirilməsinə çalışır. Antikorrupsiya tədbirləri məhz bu prosesdə mühüm rol oynayır. Buna görə də antikorrupsiya fəaliyyəti ECO-nun işində vacib istiqamətlərdən birini təşkil edir. Üzv dövlətlər arasında bu sahədə sürətli inkişaf müşahidə olunur. Azərbaycan da, bu baxımdan, xüsusilə seçilir. Bu ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində vahid və qətiyyətli məram nümayiş etdirilir.
Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) dekanı və icraçı katibi Martin Kreutner bildirib ki, Bakıya beşinci dəfədir gəlir: “Bizim Akademiya beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir, 71 ölkəni bir araya gətiririk. Çox şadam ki, Azərbaycan bu təşəbbüsdə iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvündən 6-sı Akademiyanın üzvüdür, 4 təşkilatı da üzvlüyə dəvət edirəm. Korrupsiya ölkələrə zorakılıq, qeyri-sabitlik gətirə bilər. Ona görə də ölkələrin iqtisadi inkişafında antikorrupsiya tədbirləri mühüm əhəmiyyət daşıyır. Qlobal çətinlikləri birlikdə həll etməyə çalışaq. Tək Azərbaycan deyil, İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə əməkdaşlığa da həmişə hazırıq".

Kamran Əliyev:
"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir"

İclasda baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir. K. Əliyev qeyd edib ki, Azərbaycan 2004-cü ildən başlayaraq beynəlxalq səviyyədə antikorrupsiya konvensiyalarına qoşulub, qanunvericiliyini təkmilləşdirib: "Azərbaycanda üç pilləli məhkəmə sistemi var. Məhkəmə-Hüquq Şurası bu sahədə önəmli qurumdur. İdarəçilikdə şəffaflığa gəlincə, hüquq-mühafizə orqanlarına işə əməkdaşlar test yolu ilə qəbul edilir, eyni zamanda elektron hökumət, "ASAN xidmət”i qeyd etmək vacibdir. Azərbaycanda iki antikorrupsiya qurumu - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yeganə cinayət təqibi orqanıdır".
K. Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar QHT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.
K.Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə mütəmadi şəkildə aparılır. O bildirib ki, baş idarədə bu il 73 cinayət işinin istintaqı yekunlaşıb və məhkəmələrə göndərilib. Onun sözlərinə görə, hazırda 112 cinayət işi icraatdadır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info