Xaricdəki soydaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən lider
Tarix: 24.04.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Millətə sevgi və ona xidmət etmək zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin inkişaf prosesində prioritet amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar uğrunda səfərbər etmək imkanı verir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirib. Ümummilli liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndərimiz yeritdiyi siyasətlə dünya azərbaycanlılarının liderinə çevrilib. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin tarixi xidmətləri sırasında daxildir. Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşıb. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirib. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan edib. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərək müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu gün də uğurla davam etdirən Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirib, bu sahədə ardıcıl siyasət yeridib. Elə 22 il əvvəl Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunmuşdur: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Müstəqil Azərbaycan dövlətçiliyi üçün əlamətdar olan bu günün müəllifi də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Bu tarix 1991-ci ilin 16 dekabrından başlanır. Həmin ağır dövrdə blokada şəraiti ilə üzləşərək mərkəzdən uzaq düşmüş Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri vəzifəsində çalışdığı vaxt ulu öndər Heydər Əliyevin təsəvvüründə dünyanın bütün qütblərində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gələrək düşdüyü çətin vəziyyətdən çıxmaqda Azərbaycana dəstək verməsi də respublikanın xilasına yol açacaq vasitələrdən biri ola bilərdi. Elə bu məqsədlə də Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”. Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış azərbaycançılıq adlı kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə həkk olundu.

Ulu öndər xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib

Diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirməkdən ibarətdir. Ulu öndər hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşıb. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirib. 1996-cı ildən başlayaraq ölkəmizdə aparılan islahatlar nəticəsində ictimai-siyasi sabitliyin bərqərar olması, bazar iqtisadiyyatının əsaslarının formalaşması, hüquqi dövlət quruculuğunun uğurla davam etməsi kimi mühüm proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş soydaşlarımızın diqqət mərkəzində olub, onlarda qürur və Vətənin işıqlı gələcəyinə ümid hisslərini artırıb. Məhz ümummili liderimizin sayəsində müstəqil Azərbaycan Respublikası tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün fəxarət, mənəvi dayaq və güvənc yerinə çevrilib. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb edib. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləyib. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb edib. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə qısa bir müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq oldu. 2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Həmçinin imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 400-ə yaxın birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, milli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Ölkə Prezidenti Azərbaycan diasporunun fəaliyyətini keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir.

Ulu öndər türkdilli xalqlarla münasibətlərin genişləndirilməsinin vacibliyini böyük uzaqgörənliklə önə çəkib

Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırıb. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu çox mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib. İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdən biri də yaşadıqları ölkədə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etmək, zərurət yarandıqda onlarla bir mövqedən çıxış edə bilmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır. Bu baxımdan xarici ölkələrdə yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə əlaqələrini və birgə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin gedişi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsini, onun intellektual potensialından istifadəni zəruri edir.
Qeyd etmək lazımdır ki, ulu öndər hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəməyib. Ümummilli liderimiz Heydər Əliyev siyasi ab-havanın imkan verdiyi məqamlardan hər zaman milli kimlik və şüurun oyanışı üçün diplomatik tərzdə istifadə etməyi bacarıb. Ulu öndər Azərbaycanda ikinci dəfə dövlətə rəhbərlik etdiyi mərhələdə də türkdilli xalqlarla münasibətlərin genişləndirilməsinin vacibliyini böyük uzaqgörənliklə önə çəkib. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə ulu öndərin xüsusilə də Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində əldə etdiyi nəticələr bunu bir daha təsdiqləyir. Ümummilli lider Heydər Əliyev bu məsələlərlə ardıcıl məşğul olduğu mərhələdə türk dünyasının gələcəyi ilə bağlı sistemli konsepsiya müəyyənləşdirib. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunmasına xidmət etməsi kimi məqamları özündə birləşdirib. Ulu öndər bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, hakimiyyətə qayıdışından sonra Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter alıb. Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” tezislərinin tam doğruluğunu əminliklə söyləməyə əsas verir. Azərbaycan Türkiyə ilə yanaşı, eyni tarixi kökə, dinə, dil qrupuna, oxşar mental dəyərlərə malik digər türkdilli xalqlarla münasibətlərini də tamamilə yeni müstəvidə qurmaq şansı əldə edib. Respublikamız bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında konsolidasiyasını gerçəkləşdirmək əzmi nümayiş etdirir.

Fuad HÜSEYNZADƏ

Məqalə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) jurnalistlər arasında “Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu” mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim edilir







 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info