Xəzərdə nərəcinsli balıqların sayı niyə azalır?
Tarix: 25.04.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan tərəfinin sədrliyi ilə Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir.
İclası giriş sözü ilə açan Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev tədbirin əhəmiyyəti barədə danışaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Rauf Hacıyev bildirdi ki, Xəzəryanı dövlətlərin başçılarının 18 noyabr 2010-cu ildə Bakıda keçirilmiş sammitində Qazaxıstan Prezidentinin irəli sürdüyü nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilib. Onun sözlərinə görə, bu təklifi həyata keçirmək məqsədilə "Xəzər dənizində nərə cinsli balıqların ehtiyatlarının qorunması barədə" Rusiya tərəfindən təklif edilmiş saziş layihəsi müzakirəyə çıxarılacaq. O bildirdi ki, iclasın gündəliyinə əsasən tədbirdə balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, dəniz ekspedisiyalarının və elmi-tədqiqat işlərinin nəticələrinə əsasən balıq ehtiyatlarının müasir vəziyyəti barədə hesabatlar təqdim olunacaq, 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq, nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulması məsələsinə aydınlıq gətiriləcək.
Qazaxıstanın balıq təsərrüfatı komitəsinin sədr müavini Nariman Junusov bildirdi ki, təkcə 2012-ci ildə Qazaxıstan tərəfindən 2,7 ton nərəcinsli balıq emal olunub. Qazaxıstanda artıq nərəcinsli balıqların sənaye məqsədilə ovuna qadağaların qoyulduğunu N.Junusovun sözlərinə görə, bu əməlləri edənlər 3 ilədək azadlıqdan məhrumetmə və əmlakın müsadirə olunması ilə cəzalandırılırlar.
İranın Şilatın balıqçılıq və liman şöbəsinin rəhbəri Əli Əsgər Möcahedi isə qeyd etdi ki, İran hər il nəsli kəsilən balıqların bərpa olunmasına səylərini artırır. Onun sözlərinə görə, Xəzərdə nərəkimilərin azalmasının qarşısını almaq üçün 5 Xəzəryanı ölkənin əməkdaşlığı qarşıya çıxan problemlərin həllinə şərait yarada bilər.
Rusiya nümayəndə heyətinin üzvü Valeriy Paltsev əlavə etdi ki, Rusiyada qəbul olunan proqrama əsasən, 2020-ci ilədək kompleks tədbirləri əhatə edən işlər görüləcək. Onun sözlərinə görə, Rusiya tərəfindən balıq ehtiyatının qorunması və artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Türkmənistanın nümayəndə heyətinin rəhbəri, Balıq təssərrüfatı Dövlət Komitəsinin şöbə rəisi O.Miradov iclasda qeyd etdi ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün beş Xəzəryanı ölkənin birgə səylərinə ehtiyac var.
Qeyd edək ki, iki gün davam edəcək iclasda Rusiya Federasiyası tərəfindən təklif edilmiş “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” saziş layihəsi müzakirəyə çıxarılacaq. Bundan başqa, Türkmənistan tərəfindən irəli sürülmüş “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə saziş layihəsi müzakirə olunacaq.
İclasın sonunda növbəti iki ildə sədrlik Komissiyanın Nizamnaməsinə uyğun olaraq rotasiya qaydasında Rusiya Federasiyasına keçəcək.
“Xəzəryanı ölkələrin heç birində kommersiya məqsədilə nərəcinsli balıq ovu aparılmır. Onlar ancaq elm və balıqartırma məqsədilə aparılır”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. O bildirib ki, görülən işlərə baxmayaraq, son illərdə Xəzər dənizində nərəcinsli balıqların sayı azaldığından, artırma zavodları üçün lazımi miqdarda balıq yığmaq olmur: “Azərbaycan 20 milyona qədər nərəcinsli balığı Xəzər dənizinə buraxa bilər. Amma ehtiyat balıqlarının yığılmasında çətinlik olduğundan, bu il deyilən sayda nərəcinsli balığı Xəzər dənizinə buraxa bilməyəcəyik. Azərbaycandan başqa Rusiyada, İranda, Türkmənistan və Qazaxıstanda da balıqartırma zavodları var. Bu il Qazaxıstanda daha böyük balıq zavodu tikiləcək ki, nəticədə 15 milyon nərəcinsli balıq Xəzər dənizinə buraxılacaq”.

Nərəartırma zavodları üçün kifayət qədər
törədici balıq toplamaq mümkün deyil

Bütün Xəzəryanı ölkələr hər il balıqların ehtiyatlarını öyrənmək və qorumaq üçün mühafizə işləri aparırlar. Rauf Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda da brakonyerlərə qarşı hüquq-mühafizə orqanları, təbiəti mühafizə təşkilatları tərəfindən mübarizə aparılır, tədbirlər hazırlanır və həyata keçirilir: “Görülən bu işlərə baxmayaraq, Xəzəryanı ölkələrdə brakonyerliyin qarşısını tamamilə almaq hələ də mümkün olmayıb və nəticədə törədici balıqların sayında azalma müşahidə olunur. Buna görə də nərəartırma zavodları üçün kifayət qədər törədici balıq toplamaq mümkün deyil”. Nazir müavini qeyd edib ki, nərəcinsli balıqların azaldılmasının daha bir səbəbi antropogen faktorlarla bağlıdır. Onun sözlərinə görə, belə faktorlara da brakonyerlik və dənizin çirklənməsi daxildir: “Bundan başqa, Xəzər dənizinə Qara dənizdən mioksis adlanan meduza düşüb. Bu faktor da kilkə balıqların azalmasına səbəb olub. Kilkə balıqlar da siyənəklərin və nərəkimilərin çoxaldılmasında yem kimi istifadə olunur”. R.Hacıyev vurğulayıb ki, nərəcinsli balıqların sayının azalmasında subyektiv faktorlar da var. Onun sözlərinə görə, nərəcinsli balıqlar keçid balıqlardır: “Onlar dənizdə yaşayır və kürü atmaq üçün çaya çıxmalıdır. Lakin çayın keçid hissənin tutulması nərəkimilərin kürüləmə yerinə keçməsinə çətinlik törədir. Buna görə onların sayı azalır”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info