Vaşinqtonda Azərbaycanla bağlı tədbirdə ABŞ administrasiyası yüksək səviyyədə təmsil olunub
Tarix: 08.06.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.
 
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqresinin üzvləri və peşəkar heyət, bir sıra ABŞ ştatlarının nümayəndələri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin daxil olduğu diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri qatılıb.
 
Bununla yanaşı, ziyafətdə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akreditə olunan hərbi attaşelər iştirak ediblər. Tədbirin əvvəlində ABŞ-ın "Voices of Liberty" musiqi qrupunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.
 
Səfir Elin Süleymanov çıxışı zamanı tədbirin eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu diqqətə çatdırıb və vətənə göstərdiyi qəhrəman xidmətlərinə görə Azərbaycan hərbçilərinə dərin minnətdarlığını bildirib. Diplomat ABŞ administrasiyası və digər dövlət qurumlarının tədbirdə müşahidə olunan yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək Azərbaycan səfirliyi adından iştirakçılara sülh və əminamanlıq arzu edib.
 
Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğulayıb. Səfir E. Süleymanov qeyd edib ki, qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyin möhkəmləndirilməsi, xalqların dinc və birgə yaşayışının, eləcə də etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmin edilməsi sahəsində tədbirlər görüb. Bundan sonra diplomat bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq iki dövlət arasında qurulan möhkəm tərəfdaşlıq əlaqələrinə toxunub. Səfir ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib, ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb.    
 
Diplomat hazırda  dünyanın bir çox bölgələrində dözümsüzlük və zorakılıq meyllərinin artmasının müşahidə olunduğu halda, ölkəmizin etnik müxtəliflik və tolerantlıq təcrübəsi ilə seçildiyini və Azərbaycan prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu təcrübənin daha da möhkəmləndiyini vurğulayıb: “Məhz bu yanaşmanın göstəricisidir ki, hazırda ölkəmiz həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir”. Səfir İslam Həmrəyliyi Oyunlarının məhz proqressiv müsəlman dövlət kimi Azərbaycanda keçirilməsinin və onun Təşkilat Komitəsinə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsinin böyük simvolik əhəmiyyət kəsb etdiyini vurğulayıb.    
 
Sonra ABŞ-ın yüksək vəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış edib. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirib. T. Şanon ABŞ prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub.
 
ABŞ diplomatı həmçinin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. T. Şanon Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub. ABŞ diplomatı 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırıb. Həmçinin hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin icrasına toxunan T. Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib. T. Şanon həmçinin ABŞ-ın ölkəmizlə ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında  iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək missiyası"na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini, ABŞ-ın terrorçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığı xüsusi təqdir etdiyini bildirib. T. Şanon həmçinin enerji və təhlükəsizliklə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində əməkdaşlığa toxunub.
 
Sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya Dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanat oxunub. Tədbir zamanı qonaqlara Azərbaycanın milli rəqs nümunələri nümayiş etdirilib və milli mətbəxin nümunələrindən ibarət təamlar təklif edilib. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün həmçinin iftar süfrəsi təşkil edilib. Bundan əlavə ziyafətdə "İpək Yolu" rəqs qrupu tərəfindən Azərbaycan musiqinin sədaları ilə rəqs nümunələri təqdim edilib, həmçinin milli geyimdə "Naxçıvan Yallısı" rəqsi nümayiş etdirilib.
 
Səfirliyin məlumatında bildirilir ki, ölkəmizin bu tədbirində ABŞ administrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. T. Şanon Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info