Aleksandr Vilkul:
“Hazırkı şəraitdə Ukrayna üçün ən optimal model ölkə konstitusiyasında təsbit edilmiş neytrallıqdır”
Qəribədir, ölkə rəhbərliyi ümdə vəzifə kimi NATO-ya can atdığı halda, Ukraynada bu istəyə qarşı çıxanlar da var. Belə ki, “Müxalifət bloku” fraksiyasının həmsədri Aleksandr Vilkul Ukrayna parlamentində ölkəsinin hər hansı bir hərbi-siyasi bloka girişinə qarşı çıxış edib.
Onun fikrincə, hazırkı şəraitdə Ukrayna üçün ən optimal model ölkə konstitusiyasında təsbit edilmiş əbədi neytrallıqdır. Vilkula görə, belə bir addımın atılması Avstriya və İsveçrə kimi ölkələrin təcrübəsində həyata keçirilib və başqa bir qərar əbədi qarşıdurma ilə sonlana bilər. Neytral statusun seçilməsini Ukraynanın tarixi təcrübəsilə bağlayan Vilkul həmsədri olduğu “Müxalifət bloku”nun Ukrayna Ali Radasında hər hansı bir hərbi-siyasi ittifaqa qoşulması ilə bağlı qanuna qarşı çıxacaqlarını bildirib: “Biz Ukraynanın hər hansı bir hərbi bloka qoşulmasının əleyhinəyik. Üstəlik, bizi ora dəvət edənlər də yoxdur”. Xatırladaq ki, Ukraynanın Ali Radası hələ 2014-cü ilin dekabrında dövlətin statusu ilə bağlı iki qanun dəyişikliyi qəbul edib. Yeni hərbi doktrina ölkənin NATO-ya üzv olmasını da nəzərdə tutur. Belə ki, Ukrayna 2020-ci ilə qədər NATO silahlı qüvvələrinin tam uyğunluğuna nail olmalıdır. 2015-ci ildə Brüsselə səfəri zamanı Ukrayna prezidenti Petr Poroşenko hərbi-texniki əməkdaşlıq haqqında Ukrayna və NATO arasında "yol xəritəsi"ni imzalayıb. Qeyd edilməlidir ki, əvvəllər NATO-nun baş katibi olmuş Anders Foq Rasmussen Ukraynanın NATO-ya üzvlüyü üçün bir sıra meyarlara nail olmağın vacib olduğunu deyib. Bir çox ekspertlər isə Ukraynanın yaxın 20 ildə hərbi bloka qoşula biləcəyini real görmür. Lakin bütün bunlara baxmayaraq, Ukrayna Ali Radası ölkənin NATO-ya üzvlüyünü xarici siyasətin prioriteti elan edib. Sənədi 276 millət vəkili dəstəkləyib. Hazırda sənədin ölkə prezidenti tərəfindən imzalanması gözlənilir.
Ağasəf Babayev
|