Müəllimlikdən akademikliyə gedən yol
Tarix: 09.06.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Professor F.A.Rüstəmovun həyatı və elmi-pedaqoji
fəaliyyəti haqqında qısa oçerk


Müasir gənclərimizə örnək ola biləcək ziyalılarımız çoxdur. Belə ziyalıların həyat və fəaliyyəti zaman-zaman işıqlandırılmalıdır ki, gənclər onlardan nümunə götürsünlər. Onlardan biri də tanınmış pedaqoq Fərrux Rüstəmovdur.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki (Moskva), “Akademik Mehdi Mehdizadə”, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Abbas oğlu Rüstəmov uzun illərdir ki, bilik və bacarığını pedaqogika nəzəriyyəsi və tarixinin metodoloji problemlərinin araşdırılmasına, tədqiqi və təbliğinə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığı işinə həsr edir. O, ibtidai sinif müəllimliyindən akademikliyədək mənalı və şərəfli həyat yolu keçmişdir.
F.Rüstəmov 1961-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1968-1978-ci illərdə Cil kənd orta məktəbində oxuyub, 1978-ci ildə V.İ.Lenin adına (indiki ADPU) ADPİ-nin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri kimi institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmişdir. Fərrux Rüstəmov tələbəlik illərində “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi-tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı təd¬qiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə - Lenin təqaüdünə layiq görülüb. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vuran Fərrux Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru vəzifələrində (1982-1985-ci illər) işləmişdir. 1985-ci ildə elmi işə marağı onu yenidən V.İ.Lenin adına ADPİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olmuşdur. 1989cu ildə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1988-ci ildə SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilmişdir. ADPU-nun Ümumi pedaqogika kafedrasının nəzdindəki “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Fərrux Rüstəmov sonralar kafedrada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi əmək fəaliyyətini davam etdirmişdir. Ayrı-ayrı vaxtlarda Bakı Qızlar Seminariyasının (Bakı Qızlar Universitetinin) pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına (2007-2011) rəhbərlik etmişdir. 2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 2006-cı ildən İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının professorudur. 2007-2015-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, Universitet Elmi Şurasının üzvü olmuşdur. 2015-ci ilin dekabr ayından İbtidai təhsil fakültəsinin dekanı vəzifəsində çalışır.
Fərrux Rüstəmov zəngin, məhsuldar və çoxşaxəli elmi yaradıcılıq üslubuna və kredosuna malik alimdir. İlk kitabını 1990-cı ildə nəşr etdirən Fərrux Rüstəmovun qısa bir dövr ərzində 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 200-dən çox elmi məqaləsi, 40 tezisi, 140-dan artıq elmi-pedaqoji və publisistik qəzet yazısı işıq üzü görmüşdür, 10 kitabın tərtibçisidir.100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. “Tələbələrin ictimai fəaliyyəti və ona pedaqoji rəhbərlik” (1991), “Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən” (1992), “Günüuzadılmış qruplarda tərbiyə məsələləri” (1993), “Azərbaycan pedaqoji biblioqrafiyası: məktəb və pedaqogika tarixinə aid ədəbiyyat” (1995), “Azərbaycanda pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması və təkmilləşdirilməsi tarixi” (1997), “Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri” (1998), “Pedaqogika. Yeni kurs” (2002,2007,2010), “Ümumtürk pedaqoji fikrində əxlaqi-mənəvi dəyərlər” (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi” (2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016) və digər əsərləri Azərbaycan pedaqoji elminə dəyərli töhfədir. Onun əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir. İlk pedaqoq alimdir ki, onun kitabı İran İslam Respublikasında nəşr olunmuşdur. 2010-cu ildə Tehranın “Xorşidafərin” nəşriyyatı onun “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını (377 s.) nəşr etmişdir. Prof. Fərrux Rüstəmov bacarıqlı təşkilatçı və ictimaiyyətçi kimi universitetin və respublikanın ictimai həyatında fəal iştirak edir. O, universitet və respublika səviyyəli elmi-praktik konfransların, yubiley tədbirlərinin təşkilatçısı kimi tanınır. Dekanı olduğu Pedaqoji fakültənin 50 illik yubileyinin yüksək səviyyədə və təntənəli şəkildə keçirilməsi onun gərgin əməyi və təşkilatçılığı ilə baş tutdu. Onun təşəbbüsü ilə prof.Mərdan Muradxanovun, dos.İsfəndiyar Vəlixanlının 100 illik yubileyləri keçirilmişdir. O, Pedaqoji fakültəyə dekan seçildikdən sonra fakültədə respublikanın tanınmış alimləri, şair və yazıçıları ilə görüşlərin keçirilməsi mütəmadi xarakter almışdır. Hər il Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fakültə əməkdaşlarının və tələbələrinin elmi-praktik konfransları keçirilir. Konfransın materialları kitabça şəklində nəşr olunur.
Fərrux Rüstəmovun mühüm fəaliyyət istiqamətlərindən biri də elmi-pedaqoji kadr hazırlığındakı səmərəli xidmətləridir. O, 3 nəfərin elmlər doktoru, 21 nəfərin pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün təqdim etdiyi dissertasiyanın rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi ilə 16 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 3 nəfər isə müdafiə ərəfəsindədir. 9 nəfər elmlər doktoru, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. O, 1997-ci ildən 2009-cu ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda və ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya Şurasının sədr müavini olmuşdur. Onun sədrliyi ilə 18 nəfər elmlər doktoru, 146 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
O, “Kurikulum”, “Təhsildə İKT”, “Azərbaycan məktəbi”, “Də¬də Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları” jurnallarının, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”nin, “Təhsil Problemleri İnstitutunun Elmi Xəbərləri”nin, “Naxçıvan” Universitetinin Elmi xəbərləri”nin redaksiya heyətinin üzvüdür. ADPU-nun “Xəbərlər” nin pedaqoji-psixoloji elmlər seriyasının və “Pedaqoji tədqiqatlar” elmi məqalələr məcmuəsinin redaktorudur. Elmi işə hədsiz maraq və sevgi onu “Pedaqoji tədqiqatlar” elmi məcmuəsinin nəşrinə sövq etmişdir. Məcmuənin 27 sayı çap edilərək pedaqoji ictimaiyyətin mühakiməsinə verilmişdir. Xoş məqsəd və niyyətlə yaradılan bu məcmuənin səhifələrində pedaqogikanın və fənlərin tədrisi metodikasının aktual problemlərinə həsr olunmuş məqalələr geniş yer tutur.
O, Azərbaycanda müəllim kadrları hazırlığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olmuşdur.
1998-ci ildə Moskva şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cü ildə isə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
Fərrux Rustəmovun çoxşaxəli elmi-pedaqoji fəaliyyəti dövlət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işcisi” (2010) döş nişanı ilə təltif olunmuşdur. ADPU-da “İlin muəllimi” (2007), “İlin alimi” (2011,2013,2015) müsabiqələrinin qalibi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə o, “Tərəqqi” medalına layiq görülmüş, 2012-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.
Fərrux Rüstəmovun 50 illik yubileyi ilə bağlı nəfis şəkildə “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Professor Fərrux Rustəmov-50” kitabında onun yaradıcılıq dünyası və ozünəməxsus cəhətləri aydın görünür. Kitabda alimin həmkarlarının, dostlarının və ailə üzvlərinin xatirə yazıları toplanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının ona həvalə olunması Fərrux Rüstəmovun elmi-pedaqoji ictimaiyyət arasında yüksək nüfuzuna, intellektual səviyyəsinə və kreativ düşüncə sahibi olmasına dəlalət edir. Fərrux muəllimin yazı üslubu, fikri çatdırmaq üsulu çox maraqlı və orijinaldır. Onun yazılarında publisistika ilə elmiliyin sərhədini tapmaq, hansının daha üstun olduğunu söyləmək çətindir. Onun həm şifahi nitqi, həm də yazı dili çox rəvan, hətta deyərdik ki, poetikdir. O, ciddi ümumiləşdirmələr aparmaq və elmi nəticələrə gəlmək ustasıdır. Fərrux Rüstəmovu digər tədqiqatçılardan bir də o cəhət fərqləndirir ki, o, tarixiliyi saxlayır, onun səbəbini dövrdən, zamandan və müasirlikdən ayırmır, ictimai-tarixi hadisələr arasında sərhəd çəkmir, əksinə, birini digərinin davamı kimi götürür. Belə olan halda həm tarixi hadisələr müasir dövrümüzdə düzgün dərk olunur, həm də gələcək perspektivləri düzgün proqnozlaşdırmaq və layihələşdirmək mümkün olur. Hələ vaxtilə Karl Yaspers deyirdi:”Tarix konsepsiyasının vəzifəsi müasir dövrün dərkinə kömək etməkdir”
Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info