İşsizlərə müavinət verilməsi üçün sığorta fondu yaradılır
Tarix: 14.06.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Dünən Milli Məclisinin növbədənkənar plenar iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim etdi. Bildirdi ki, iclasda 38 məsələ müzakirə olunacaq.
Milli Məclisin plenar iclasında "İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. H.Rəcəbli bildirdi ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb. Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
- bu qanunla müəyyən qaydada ödənilən sığorta haqları;
- bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;
- "Qrant haqqında" qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
- bank kreditləri;
- qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.
H.Rəcəbli qeyd etdi ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq".
Qeyd edək ki, qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əməkhaqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqı məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir.
Qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edildi.

Hazırlıq qruplarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinə qəbul olunacaqlar

Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verdi. Layihəyə əsasən qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Layihə səsə qoyularaq qəbul olundu.

Mənzil Məcəlləsində dəyişikliklər edilib


Plenar iclasda Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verərək bildirdi ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasından ibarətdir.
Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır.
Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsinə dair müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

15 yaşına çatmamış şəxsləri işəgötürən müvafiq məsuliyyətə cəlb ediləcək

Plenar iclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olundu. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verərək bildirdi ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklərə görə, Əmək Məcəlləsinin işəgötürənin əsas vəzifələri və məsuliyyəti maddəsinə “X” bəndi əlavə edilir. Həmin bəndə əsasən “bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödənilməsini təmin etmək” məzmunu əlavə edilir.
Qeyd olundu ki, işəgötürənin əsas vəzifələrinə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s. daxildir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işəgötürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info