Ölkənin su təchizatı sisteminin yaradılması və inkişafının memarı
Tarix: 25.04.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Təbiətin ən böyük nemətlərindən biri olan su bəşəriyyət yarandığı gündən həyatın ayrılmaz hissəsi olub. Son yüzillikdə qlobal miqyasda su çatışmazlığı problemi getdikcə kəskinləşməkdədir. Bunun nəticəsidir ki, hazırda dünyada bir milyard insan təmiz içməli sudan məhrumdur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ildə 5 milyon uşaq kirli sudan vəfat edir. Dünyada hər il 250 milyon insan sudan qaynaqlanan xəstəliklərə yaxalanır və 10 milyon insan həyatını itirir. Mütəxəssislərin fikrincə, gələcəkdə su qaynaqları azalarsa, yoxsulluq da getdikcə artacaq. Hazırda yoxsul ölkələrdə qadın və uşaqlar içməli su əldə etmək üçün gündə 8 saat yol qət edir. Eyni zamanda məsələn, Hindistandakı kimi şəbəkə suyunun çirkli olması insanların, zəngin sənaye ölkələrindən qablaşdırılmış su almalarına yol açır. Bundan başqa, dünyada istifadəyə yararlı suyun 90 faizi tarlaları suvarmaq üçün işlədilir.
Dünya əhalisinin üçdə biri su problemi olan bölgələrdə yaşayır ki, 2025-ci ildən sonra bir çox Asiya ölkəsində ciddi su problemi yaşanacağı bildirilir. Mövcud vəziyyətin aktuallığını nəzərə alaraq BMT tərəfindən 22 mart Dünya Su Günü elan edilib. BMT-nin Baş Katibi Ban Ki Mun dünyanın qlobal problemlərindən olan su çatışmazlığına diqqət çəkərək su təminatının yaxşılaşdırılmasını davamlı inkişafın əsas meyarlarından biri kimi dəyərləndirib və içməli sudan qənaətlə istifadə olunması üçün tədbirlərin görülməsini vacib hesab edib.

İçməli su ehtiyatlarının keyfiyyətinin
yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin
yüksəlməsinə xidmət edən başlıca amillərdəndir


Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olub. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə verib. Ölkənin şimalından - Xaçmaz rayonu ərazisindən Bakıya su xəttinin çəkilməsinə başlanılıb. “Şollar” adı ilə tarixə düşmüş birinci Bakı kəməri 100 ilə yaxındır ki, paytaxtı içməli su ilə təmin edir. 1958-ci ildə ikinci Bakı su kəməri, bundan 3 il sonra isə Ceyranbatan sutəmizləyici qurğular kompleksi istismara verilib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu müddətdə bütün sahələrdə olduğu kimi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Dövlət başçısı kimi ümummilli liderin ekoloji siyasətinin prioritet istiqamətlərdən biri məhz ölkəyə əvvəlki illərdən miras qalmış mövcud olan su ehtiyatlarının çirklənməsinin qarşısının alınması olub. Xüsusən də mühüm sahə kimi ölkənin su təchizatı, onun inkişafı və dirçəlişi hər vaxt ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Uzaqgörən siyasətçi çox gözəl bilirdi ki, içməli su ehtiyatlarının keyfiyyətinin yaxşılaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində çalışan əhalinin iş şəraitinin normallaşdırılması bütövlükdə əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən başlıca amillərdəndir. Ulu öndər Heydər Əliyevin respublikanın rəhbəri təyin olunduğu andan Abşeron yarımadasının su təchizatının yeni salnaməsi yazılmağa başlandı. Ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində ən böyük işlər Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərlik etməsindən sonra həm Abşeron yarımadasının, həm də bölgələrin su təchizatının yeni inkişaf dövrü başlayıb. Yaranmış su qıtlığını nəzərə alaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Kür-Bakı su kəmərinin tikintisinə başlanıldı. Xalqı mühüm məsələlərin həllinə yönəltməyi həmişə bacaran Heydər Əliyev Kür su kəmərinin tikintisinin “Ümumxalq tikintisi” üsulu ilə başa çatdırılmasına nail oldu. Qeyd edək ki, bu işlərin birinci hissəsi 1970-1971-ci illərdə yerinə yetirilib və I Kür su kəməri istifadəyə verilib. Ceyranbatan su qovşağında 1975-1978-ci illərdə aparılmış yenidənqurma işlərini xüsusi ilə qeyd etmək lazımdır ki, bu da regionun su təchizatının xeyli yaxşılaşdırmağa və əlavə olaraq şəhər əhalisinə su verməyə imkan verib. Lakin su təchizatı ilə bağlı olan problemlər və suyun artan qıtlığı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirdi. Bu məqsədlə II Kür su kəmərinin tikintisi haqqında qərar qəbul olunub. I Kür su kəmərinə paralel olaraq II Kür su kəmərləri sistemi 1978-1988-ci illərdə tikilərək istifadəyə verilib.
Məhz Heydər Əliyevin tükənməz enerjisi nəticəsində Kür su kəmərlərinin tikilib başa çatdırılması yeni salınan Günəşli, Əhmədli və Hövsan yaşayış massivlərini su ilə təmin etməyə imkan verdi. 1970-80-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür su kəmərləri sisteminin inşası və Ceyranbatan mənbəyinin genişləndirilməsi sayəsində həll edilib.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə
bağlı təşəbbüsün müəllifi


Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşıb. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması çox vacib məsələ olan su təchizatı probleminin həllinə yeni bir təkan verdi. Bakı şəhərinin su ilə təminatının yüksəldilməsində müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də böyük dövlət xadimi Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyev 2000-ci ilin əvvəllərində respublikamızın sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf meyillərini, Bakı şəhərinin sənaye mərkəzinə çevrilərək böyüməsini və eyni zamanda, paytaxt əhalisinin sayının artmasını nəzərə alaraq əhalinin və sənayenin suya olan tələbatının daha da yaxşılaşdırılması üçün yeni su kəmərinin çəkilməsini zəruri hesab edirdi. Bu məsələ ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 2002-ci ilin dekabrında keçirilən müşavirədə qaldırılır. Ulu öndər Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verir. Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır.
Su təchizatında yaranmış problemləri həll etmək üçün böyük məbləğdə maliyyə vəsaiti tələb olunurdu. Zəngin idarəçilik təcrübəsi ilə tanınmış Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə Respublika hökuməti su təchizatı sahəsindəki vacib problemləri həll etmək üçün kredit ayrılması xahişi ilə Dünya Bankına (DB) və Avropa Yenidənqurma və İnkişaf Bankına müraciət edib. Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi üçün ilkin mərhələdə 94,9 milyon ABŞ dolları məbləğində vəsait ayrılması barədə qərar qəbul olunub. Dünya Bankı ulu öndərin səyi nəticəsində yaranmış siyasi sabitliyi nəzərə alaraq, keçmiş SSRİ respublikaları arasında ilk dəfə olaraq içməli su problemini həll etmək üçün bu cür qərar qəbul etdi. Nəzərdə tutulan layihə həyata keçirildikdən sonra şəhərimizin və ətraf regionun əhalisi kifayət qədər təmiz və keyfiyyətli su ilə təmin olundu. Bakı şəhərinin su ilə təminatının yüksəldilməsinə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi isə infrastruktur layihələri sırasında ən nəhəng layihələrdən biri hesab oluna bilər. Bu su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi məhz ulu öndər Heydər Əliyev idi.

Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan kanalının istismara verilməsi ilə saniyədə 18 kubmetr əlavə su ehtiyatı yaradılacaq

Beləliklə, içməli su ehtiyatlarının keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycanda hər bir şəhərin, hər bir kəndin içməli su təchizatının yaxşılaşdırılması ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən prioritet elan edilib. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edilir və qərara alınır ki, tezliklə işlərə başlansın. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi keçirilir. Oğuzdan Bakıya qədər diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkilir. Paralel olaraq Oğuz rayonu ərazisində 78 istismar quyusu qazılır və sınaqdan keçirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 2010-cu ilin sonunda başa çatır. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və ilk su Bakı sakinlərinə çatdırılır. Ölkənin su təchizatının yaxşılaşdırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, respublikanın bütün bölgələrində işlərə başlanılıb. Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2012-ci ildə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində su təchizatı ilə bağlı 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə başlanılıb. Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulması, Külüllü-Zərdab magistral su xəttinin açılışı ilin mühüm hadisələri kimi tarixə düşüb. 2012-ci ildə 1400 km su xətləri çəkilib. Ötən il ölkə üzrə 370 min nəfər fasiləsiz içməli su ilə təmin olunub, 400 mindən artıq vətəndaşın su təchizatı yaxşılaşıb. Digər layihə isə uzunluğu 262 km, qiyməti 993 milyon ABŞ dolları olan Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhərinin su təchizatının yaxşılaşdırılmasına öz töhfəsini verib, bu ərazidə fasiləsiz su alanların xüsusi çəkisi 40 faizdən 70 faizə çatıb. Bunlardan əlavə Kür və Araz çayları sahilində yerləşən yaşayış məntəqələrində əhalinin təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 20 rayonun 221 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb.
Hazırda da ölkənin su təchizatının yaxşılaşdırılması işlər davam etdirilir. 42 şəhərin, həmçinin Bakının bir sıra qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə ümumi dəyəri 5,0 milyard ABŞ dollarına yaxın layihələrin icrası nəzərdə tutulub. Ötən il 2 şəhərə (Zərdab və İmişli) suyun verilməsi təmin edilib. 2013-cü ildə isə Abşeron yarımadasının bəzi qəsəbələrində, həmçinin 9 şəhərdə (Hacıqabul, Şirvan, Quba, Oğuz, Ağstafa, Şabran, Siyəsən, Ağsu və İsmayıllı) layihələrin icrası başa çatdırılacaq. 4 milyona qədər əhalinin yaşadığı Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və ümumilikdə Abşeron yarımadasındakı qəsəbə və kənlərin içməli su çatışmazlığını nəzərə alaraq məsələnin həlli üçün büdcə vəsaiti hesabına bir neçə böyük layihə həyata keçirilir. O cümlədən icrası 2013-cü ilin sonunadək başa çatdırılacaq, ümumi qiyməti 1,4 milyard ABŞ dolları olan, Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan kanalının istismara verilməsi ilə saniyədə 18 kubmetr əlavə su ehtiyatı yaradılacaq. Bu da Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun Ceyranbatan gölündən etibarlı şəkildə içməli su ilə təmin olunmasına imkan verəcək.
Nigar ABDULLAYEVA

“Azərsu” ASC-nin keçirdiyi müsabiqəyə təqdim etmək üçün




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info