Elman Nəsirov: “Hazırkı hakimiyyət qətiyyətli siyasət yürüdür”
Tarix: 25.04.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Hazırda bəzi xarici qüvvələr müxtəlif ölkələrdə süni xaos şəraiti yaratmaqla öz maraqlarını həyata keçirmək istəyirlər. “Ərəb baharı” adlanan proses də belə qüvvələrin maraqlarının həyata keçirilməsinə xidmət edir. Təəssüflər olsun ki, ölkəmizdə də daxili sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr və onların daxili uzantıları var. Belə daxili uzantılara radikal müxalifət partiyaları olan AXCP və Müsavat partiyalarını misal gətirmək olar. Həmin partiyaların sədrləri İsa Qəmbər və Əli Kərimli ölkədə xaos şəraiti formalaşdıraraq hakimiyyətə gəlmək istəyirlər. Əli Kərimlinin mətbuata verdiyi son müsahibədə qanlı inqilab keçirmək istəyi ilə bağlı ifadə etdiyi fikirlər dediklərimizi bir daha sübut edir. Əlbəttə ki, belə çirkin məqsədlər sadə əhali, ictimaiyyət nümayəndələri, siyasətçilər tərəfindən kəskin etirazların, tənqidlərin səslənməsinə səbəb olur.
Qəzetimizə verdiyi açıqlamada mövzu ilə bağlı fikirlərini bildirən tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirov “ərəb baharı” adlandırılan prosesin pərdəarxası məqamlarını vurğuladı və aşağıdakıları qeyd etdi : “Beynəlxalq münasibətlərdə hazırda “idarə olunan xaos” termini daha çox işlədilir. Xaos özü idarə olunmaz bir vəziyyətdir. Bundan fərqli olaraq idarə olunan xaosların yaradılmasında müəyyən qüvvələr maraqlı olur. Belə xaos şəraiti süni səbəblər nəticəsində yaranır və vəziyyətin mürəkkəbləşməsində maraqlı olan qüvvələr bundan mənfəət əldə etmək, öz geoiqtisadi və geosiyasi maraqlarını həyata keçirmək üçün istifadə edirlər. “Ərəb baharına” da bu kontekstdən yanaşardım. “Ərəb baharı”nın olması ilə bir sıra ölkələrdə siyasi rejimlər dəyişildi. Bu dəyişiklikdə böyük qüvvələr birbaşa və dolayısı yolla iştirak ediblər. Xoşagəlməz hal isə odur ki, siyasi rejim dəyişikliyi olan ölkələrdə hələ də inqilabların baş verməsi üçün səbəb kimi, bəhanə kimi göstərilən problemlər aradan qalxmadı. Amma məntiqlə düşünəndə əgər “Ərəb baharı”nın baş verməsində maraqlı olan, inqilabı edən qüvvələr həqiqətən də xoş niyyətlə bunu edirdilərsə, səbəb kimi göstərilən siyasi rejimlər devrildikdən sonra hadisələr öz normal axarına geri dönməli idi. Müəmmar Qəddafinin dövründəki Liviya ilə indiki Liviyanı müqayisə etsək, vəziyyətin daha da ağırlaşdığını görərik. Hazırda burada olan problemlər Qəddafi dönəmində inqilaba səbəb kimi göstərilən problemlərdən daha ağırdır və tunelin sonunda işıq görsənmir. Eyni zamanda Misirdə də analoji vəziyyətdir. Bugünkü Misir xaos içində olan Misirdir, turizm mərkəzi olan Misirə bu gün turist də getmir. Məqsəd isə ölkələrdə süni xaos şəraiti yaratmaqla hakimiyyətə belə qüvvələrin çubuğu ilə oturub-duran şəxsləri gətirmək və bunun vasitəsilə həmin ölkələrdə öz maraqlarını həyata keçirməkdir. Azərbaycanda bunu etmək istəyən qüvvələr əgər istəklərinə çatacaqlarını düşünürlərsə, çox yanılırlar. Çünki ölkəmizdə bunun üçün baza yoxdur. Azərbaycan 2005-2009-cu illərdə iqtisadi inkişafına görə dünyada birinci idi, indi də inkişaf etmiş dövlətlər sırasına daxil olmağa namizəddir. Davos Forumu da Azərbaycandakı inkişafı təsdiq edib. Ölkəmiz XX əsrin 90-cı illərində bu kataklizmlərdən keçib və ölkədə xaotik vəziyyətin yaranması üçün səbəb yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın sürətli inkişafını görüb bunu istəməyənlər də var. Hətta onlar açıq şəkildə ölkə rəhbərliyindən bu sürətli inkişaf prosesini ləngitməyi istəyirlər. Lakin hazırkı hakimiyyət qətiyyətli siyasət yürüdür. Bir də Azərbaycanda xalq hazırkı hakimiyyəti, onun siyasətini dəstəkləyir. Hesab edirəm ki, süni xaos şəraiti yaradaraq öz maraqlarını həyata keçirən qüvvələr hər yerdə eyni resepti tətbiq edə bilməyəcəklərini anlamalıdırlar. Onlar ölkəyə, onun rəhbərliyinə, xalqın rəyinə fikir verməlidirlər. Azərbaycanda belə ssenarilərin tətbiq edilməsi mümkün deyil."

Suriya hadisələri göstərdi ki, xaosdan
ən çox sadə xalq əziyyət çəkir


Qeyd olunan problemlərlə bağlı danışan müxalifət düşərgəsindəki Azərbaycanda Demokratik İslahatlar Partiyasının mətbuat katibi Ülkər Abdullayeva belə bir vəziyyətin qəbuledilməz olduğunu, təmsil etdiyi partiyanın bütün problemlərin həllində yalnız islahatlar yolunu seçdiyini bildirdi: “Partiyamız ilk gündən öz dəyərlərini, siyasi xəttini elan edib. Biz hər hansı inqilabi proseslərin, xaosun, total dəyişiklərin əleyhinə olduğumuzu bəyan etmişik. Partiyamızın adından göründüyü kimi, biz bütün nailiyyətlərə demokratik islahatlar yolu ilə çatmağın tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanda islahatlar prosesi kifayət qədər sürətli olmalıdır,ölkədə hər bir sahə modernizasiyaya, yeniliyə açıq olmalıdır. Biz təkamül yolu ilə inkişaf edərək beynəlxalq aləmdə rəqabətə davamlılığın artırılmasına tərəfdarıq. Biz hesab edirik ki, ölkədə hakimiyyət dəyişikliyi istənilən halda məhz seçkilər yolu ilə olmalıdır. Seçkilər də beynəlxalq standartlara uyğun şəkildə, demokratik formada olmadılır. Hər hansı inqilabi dəyişikliklərin əleyhinəyik. Əgər kimsə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəyirsə, biz ona da qarşıyıq. Çünki proseslərin üstündən keçən aylar, illər ərzində həmin inqilabların gözlənilən nəticəni vermədiyinin şahidi olduq. Demokratik islahatlar aparılmadı, insanların həyatı yaxşılaşmadı, yenə həmin ölkələrdə hərc-mərclik hökm sürür. Sonuncu Suriya hadisələri də göstərdi ki, böyük qüvvələrin inqilabi prosesləri dəstəkləməsindən ən çox sadə xalq əziyyət çəkir, yüzlərlə, minlərlə insanlar hakimiyyət hərisliyinin qurbanı olur. Partiyamızın sədri, lideri Asim Mollazadənin həmişə dediyi “İnqilab küçələrdə yox, şüurlarda baş verməlidir” ifadəsi də mövqeyimizi bir daha sübut edir. İnsanlar küçələrə axışmaqla, radikal hərəkətlərlə, inqilab yolu ilə deyil, daha çox savadlanmaqla, öz hüquq və vəzifələrini daha yaxşı öyrənməklə problemlərini həll etməlidirlər.


“Bu cür inqilabların olmasını Əli Kərimli
istəyə bilər, ancaq xalq bunu istəmir və ona görə də radikal müxalifətə dəstək vermir”

“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının isə problemə münasibəti belə oldu: “Əli Kərimlinin Azərbaycanın da “ərəb baharı”nın baş verdiyi ölkələr sırasında olması arzusu çoxdankı arzudur. Ərəb ölkələrində bahar da oldu, yaz da oldu. Qanlı inqilablar da. Baxın, həmin ərəb ölkələrinə viran günə düşüb. Minlərlə günahsız insan qətlə yetirilib. İqtisadiyyat çöküb. Milyardlarla dollar ölkəyə ziyan dəyib. Demək olar ki, bu ölkələr 50 il geri düşüb. Bu cür inqilabların Azərbaycanda olmasını Əli Kərimli istəyə bilər, ancaq xalq bunu istəmir və ona görə də radikal müxalifətə dəstək vermir. Əli Kərimli və ya İsa Qəmbər hakimiyyətə gəlmək üçün bütün mümkün variantların həyata keçməsini zaman-zaman arzulayan şəxslərdir. Bu adamlar üçün fərqi yoxdur. Hansı yolla olur, olsun hakimiyyətə gəlsinlər. Bu ölkənin Suriya vəziyyətinə düşməsini arzulayanlara, ancaq Allahdan şəfa diləyirəm ki, tez sağalsınlar.”

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info