“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
Tarix: 23.06.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Ədalət Allahverdiyev:
“Biz çalışırıq ki, Qazaxıstanda düzgün fəaliyyətimizlə, dövlətə xidmətimizlə ermənilərdən üstün olaq”

Qazaxıstanda yaşayan bir çox soydaşımız istər nüfuz, istərsə də tutduqları mövqeyə görə seçilir. Rəsmi Qazaxıstan dövləti də belə azərbaycanlıların əməyini hər zaman yüksək qiymətləndirir. Bunun da əsas səbəbi soydaşlarımızın Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi, Qazaxıstanın iqtisadi, elmi-texniki inkişafı, adət-ənənələrin qorunmasına verdiklər töhfələrdir. Qazaxıstanda sayılıb-seçilən ziyalı, professor Ədalət Allahverdiyevin də, bu baxımdan, əvəzsiz xidmətləri var. Astanada olarkən Ədalət Allahverdiyevlə görüşüb həmsöhbət olduq. Qeyd edək ki, Ədalət Allahverdiyev uzun müddət Qazaxıstanda müxtəlif rəsmi vəzifələrdə çalışıb. 2010-cu ildən isə Astanada Alqı-satqı üzrə birja idarəsinin (UTB “Astana”) rəhbəridir.
-Ədalət müəllim, öncə sizi tanımaq istərdik.
-1951-ci ildə Ermənistanın İcevan rayonunun azərbaycanlılardan ibarət Haqqıxlı kəndində (1978-ci ildən Səməd Vurğun, 1991-ci ildən Hovk) anadan olmuşam. Atam riyaziyyat müəllimi, anam isə evdar xanım olub. Ailədə 5 övlad olmuşuq. Mənim 9 yaşım olanda atam dünyasını dəyişdi. Kənd orta məktəbində orta təhsilimi başa vurandan sonra 1968-ci ildə keçmiş Azərbaycan Politexnik İnstitutunun Nəqliyyat fakültəsinin körpü və tunellər tikintisi ixtisasına qəbul oldum. 1973-cü ildə ali təhsilimi bitirdim. Tələbəlik illərində gecələr işləmişəm, gündüzlər isə oxumuşam. O zamanlar Bakının Xətai rayonunun Milis İdarəsində müxtəlif vəzifələrdə işləmişəm. 1973-cü ildə mənim təyinatımı Ermənistandakı Körpü Tikintisi İnstitutuna verdilər. 1974-cü ildən Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində yaşamışam. 6 ilə yaxındır ki, Astanada yaşayıram. Ailəliyəm, iki oğlum, üç qızım var. Övladlarımın hamısı ali təhsillidir. Övladlarım, eyni zamanda idman və rəqslə məşğul olurlar. Kiçik qızım professional tennislə məşğul olur. Dünya gəncləri içində siyahıda 500-cü yerdədir. Öz sahəsində ildən-ilə irəli gedir. Özüm də dağ xizəkçiliyi və futbolla məşğul oluram. Uzun müddət Şərqi Qazaxıstan vilayətinin Futbol Federasiyasının sədr müavini olmuşam.
-Bəs necə oldu ki, Qazaxıstana gəlib burda yaşamalı oldunuz?
- Biz uşaq olarkən kənddə yaşayanda ermənilərlə yaxın münasibətimiz var idi. Amma bilirdim ki, ermənilər azərbaycanlılara qarşı soyqırımları ediblər. Məsələn, 1919-cu ildə Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplayıb, qapıları bağlayandan sonra evlərə od vurublar. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınıb, qılıncla doğranıb. Bir gecədə 158 nəfər adam amansızcasına məhv edilib. 1922-ci ildə salamat qalanlardan bir qismi kəndə qayıdıb. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurbanı olublar. Kənd erməniləşdirilib.
Amma sovet dövründə ermənilərin bu düşmənçiliyi hiss olunmurdu. Ali məktəbi bitirib Ermənistana qayıdandan sonra mən başa düşdüm ki, biz həqiqətən, düşmənik. 1973-cü ildə mən 6 aya yaxın İrəvanda işlədim. 1974-cü ildə Moskvaya gedib xahiş etdim ki, mənim təyinatımı başqa ölkəyə versinlər. Mart ayında məni Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərinə göndərdilər. Elə o vaxtdan da burda qaldım. Çünki uğurlu karyeram oldu. Yüksək vəzifələrdə çalışdım. Ən qısa zamanda Şərqi Qazaxıstan vilayətində tikinti üzrə idarədə rəis oldum. Daha sonra mənə taxıl tədarükü idarələri üzrə baş mühəndis vəzifəsi verdilər. Sonra taxıl tədarükü üzrə idarələrin vilayət üzrə baş direktoru oldum. İki dəfə vilayət üzrə, bir neçə dəfə rayon üzrə deputat olmuşam. 1991-ci ildə isə respublika üzrə deputat olmuşam. Müstəqil Qazaxıstanın ilk Dövlət bayrağı, gerbi, adı, konstitusiyasının və s. təsdiqlənməsində mənim də səsim olub.
-Uzun illərdir ki, xaricdə yaşayırsız. Vətənlə əlaqələriniz necədir?
- Vətənlə əlaqələrimiz çox sıxdır. Özümüz yad ölkədə olsaq da, ürəyimiz Azərbaycanladır. Hər zaman övladlarıma Azərbaycan haqqında danışıram. Azərbaycanın dövlətçilik tarixi haqqında məlumat verirəm. Əsl ulu Vətənimiz haqqında övladlarmı daima məlumatlandırıram. Ümumiyyətlə, biz öz Vətənimizi, kəndimizi yaddan çıxarmırıq. Biz öz kəndimiz haqqında böyük bir kitab hazırlamışıq. Yaxın günlərdə çap olunacaq. Onu da deyim ki, bizim kənddən sayılıb-seçilən ziyalılar çıxıb. Həmin insanlar bu gün Azərbaycanda və xarici ölkələrdə məsul vəzifələrdə çalışırlar.
-Azərbaycana tez-tezmi gedirsiz?
- 1988-ci ildə bizim qohumlar ermənilərin təzyiqindən sonra Azərbaycana köçüblər. Qohumlarla tez-tez əlaqə saxlayırıq. Azərbaycana gedirik. Övladlarım da gedib orada qohumlarımızla gorüşürlər. Qızım iki il əvvəl Azərbaycanda “ADA” Universitetində 2 aylıq təcrübə keçmişdi.
-Siz Qazaxıstanda öz kəndinizdən olan ermənilərlə qarşılaşırsızmı?
-Bəli. Amma münasibət saxlamırıq. Sovet dövründə bizim kənddən olan ermənilərlə münasibətimiz normal idi; görüşürdük, söhbət edirdik. Amma Qarabağ münaqişəsindən sonra dostluq etmirik. Amma düşmənçilik də etmirik. Çünki biz Qazaxıstan vətəndaşıyıq. Biz çalışırıq ki, onlardan üstün olaq. Düzgün fəaliyyətimiz, irəli getməyimiz, dövlətə xidmətimizlə kim olduğumuzu göstəririk.
-Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə əlaqələriniz necədir?
- Səfirliklə münasibətimiz çox yaxşıdır. Tədbirlərdə iştirak edirik, səfirlə görüşürük. Soydaşlarımızın səfirliklə əlaqə saxlamağı, həm də Azərbaycanla əlaqə saxlamaq deməkdir.
-Diaspor işində də aktivlik göstərirsizmi?
-Diasporla əlaqəmiz var. Ust-Kamenoqorsk şəhərində olanda diaspor sahəsində daha sıx işləyirdim. 1996-2014-cü illərdə Qazaxıstanın Xalqlar Assambleyasının üzvü idim. Elə həmin illərdə “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olmuşam. Təqaüdə çıxsam da, əlimidən gələn köməkliyi həm azərbaycanlılara, həm də qazaxlara edirirəm. Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır. Ayrıca soydaşlarımızın Azərbaycanla da əlaqələri çox sıxdır.
-Rəsmi qurumların azərbaycanlılara münasibəti necədir?
- Öncə qeyd edim ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hər zaman Azərbaycan rəhbərləri haqqında xoş sözlər deyib. Qazaxıstanda ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə və onun ailəsinə çox gözəl münasibət var.
Burdakı digər dövlət işçilərinin də azərbaycanlılara qarşı mənfi münasibəti yoxdur. Çalışan insanlara hər zaman qiymət verirlər. Baxın, mən Azərbaycandan gəlmiş bir insanam: öz biliyim, bacarığımla böyük nailiyyətlər əldə etmişəm. Yəni özünü yaxşı aparan adama yaxşı, pis aparan adama pis münasibət göstərirlər. Mən harada çalışmışamsa, eşitməmişəm ki, azərbaycanlılara qarşı hansısa zidd hərəkət olsun. Xatirimdədir, 20 Yanvar hadisələri zamanı Ust-Kamenoqorsk şəhərində tikinti işində çalışan bizim azərbaycanlı gənclər təyyarə istəyirdilər ki, Vətənə gedib döyüşsünlər. Mən onda rəsmilərlə danışdım və xahiş etdim ki, bizim o gəncləri həbs etməsinlər. Mən azərbaycanlı gənclərə anlatdım ki, fikir düzdür, amma addım yanlışdır. Yəni kömək lazımdır, amma bu formada yox.
-Mümkünsə, elmi fəaliyyətiniz haqqında da danışardız.
- Qeyd etdiyim kimi, mən üzün müddət taxıl tədarükü idarələrində çalışmışam. Qazaxıstanda günəbaxan tumunun qurudulması haqqında elmi fəaliyyətim var. Mənim elmi nailiyyətim 1982-ci ildə SSRİ Ümumxalq Sərgisində nümayiş olundu. Buna görə gümüş medala layiq görüldüm. Daha sonra bu mövzuda elmi işimi genişləndirərək elmlər namizədi, doktor və professor adını almışam.
Fuad Hüseynzadə
(Bakı-Astana-Bakı)




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info