Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
Tarix: 23.06.2017 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Rav Şmuel Simantov: “Tolerantlıq Azərbaycanda təkcə həyat tərzi deyil, bu bir dövlət siyasətidir”
Murad Salman: “Dünyanın ən tolerant ölkəsi olan Azərbaycanda yaşamaq mənim üçün böyük fəxrdir”

Azərbaycan xalqının həyatında tarixən təşəkkül tapmış özünəməxsus tolerantlıq artıq bütün dünyaya nümunə kimi göstərilir. Azərbaycan, təkcə nefti ilə deyil, həm də çoxsaylı etnik və dini qrupların yaşadığı müsəlman çoxluğa malik bir ölkə, əsrlər boyu etnik və dini azlıqlara dözümlülük və hörmət göstərən cəmiyyətin formalaşdığı bir məkan kimi də tanınır. Bu mənəvi dəyərlərimiz qədim zamanlardan başlayaraq müasir günümüzədək ölkənin həyatında fundamental rol oynayır. Bu gün belə dəyərlərimizi yüksək qiymətləndirən xaricdə yaşayan minlərlə yəhudi, rus, tatar və s. millətlərin nümayəndələri var ki, onlar doğulduqları Azərbaycanda gördükləri multikulturalizmi, tolerantlığı təbliğ edirlər, bu haqda ağızdolusu danışırlar. Belə şəxslərdən biri Oğuzda doğulan və hazırda İsrail vətəndaşı olan “Vaad L Hatzolas” Amerika Yəhudiləri Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Rav Şmuel Simantovdur.
Ravvinlə söhbətimizdə bir neçə maraqlı məqam diqqətimi çəkdi. Rav Şmuel Simantov deyir ki, Azərbaycanın mənə nə dərəcədə doğma olmasını bir neçə kəlmə ilə izah edə bilmərəm. O bu ölkədə olan yüksək tolerantlıq kimi dəyərin nadir ölkələrdə mövcud olduğunu söylədi. Ravvin vurğuladı ki, Azərbaycan hər zaman müxtəlif millətlərə və dinlərə qucaq açıb. Bu xalqlardan biri olan yəhudilər isə həmişə Azərbaycanda sülh içində, əmin-amanlıqda yaşayıb və bu gün də yaşamaqdadırlar: “Tolerantlıq Azərbaycan xalqının ən yüksək mənəvi keyfiyyətlərindən biridir. Mən burada yaşamış yəhudilərin hansı hörmət və qayğı gördüklərini gözəl bilirəm. Azərbaycandan gedən bir yəhudi kimi hər zaman doğulduğum ölkəni təbliğ etmək və onun maraqlarını qorumağı özümə borc bilmişəm. Bir din adamı, beynəlxalq təşkilatın rəhbəri kimi dünyanın müxtəlif yerlərində hər zaman Azərbaycan əsilli yəhudi olduğumu qürurla bildirirəm. Dünyada irqçiliyin, dözümsüzlüyün artdığı bir zamanda Azərbaycan bütün dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevrilib. Azərbaycanda müxtəlif din və millətlərdən olan insanların sülh içində, əmin-amanlıq şəraitində yaşamaları bu xalqın necə yüksək mənəvi keyfiyyətlərə malik olduğunun göstəricisidir. Bir nəfər də olsun başqa millətin, dinin nümayəndəsinin fərqli millət və dindən olduğu üçün burnu qanamayıb. Bu möhtəşəm bir cəmiyyətdir. Təsəvvür edin ki, xaotik dünyamızda başqa ölkələrdən Azərbaycan cəmiyyətini necə həsrət və sevgi ilə izləyirlər”.
“Azərbaycanda diskriminasiya, rasizm, multikultural dəyərlərin tapdalanması kimi mənfi hallara heç vaxt rast gəlinməyib”
Ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər bu gün də yüksək səviyyədə inkişaf etdirilir və Azərbaycanda məscid, sinaqoq və kilsənin heç bir problemsiz, yanaşı fəaliyyət göstərməsi nadir hallardan sayılır. Elə müsahibim də bu məqama xüsusi diqqət çəkərək deyir ki, bütün dinlərin nümayəndələri qorxmadan istənilən məkanda öz dini ayinlərini icra edirlər. Azərbaycanda tarix boyu bu cür müsbət amillər hər zaman olub: “Hər yerdə xüsusi olaraq vurğulayıram ki, tolerantlıq Azərbaycanda təkcə həyat tərzi deyil, bu bir dövlət siyasətidir. Bu gün Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərlər ixrac edir. Bəli, sözün həqiqi mənasında bu bir ixaracat prosesinə çevrilib. Çünki dünyanın bu dəyərlərə ehtiyacı var... İnsanpərvərlik, tolerantlıq Azərbaycan xalqının geninə hopmuş həyat tərzidir. Tam əminliklə deyə bilərəm ki, bundan sonra da Azərbaycanda diskriminasiya, rasizm, multikultural dəyərlərin tapdalanması kimi mənfi hallara heç vaxt rast gəlinməyəcək”.
Müsahibim deyir ki, azərbaycanlıların məlum mənəvi dəyərlərinin spesifik xüsusiyyəti odur ki, tolerantlıq burada sonradan yaranmayıb. Bu gün bir çox dövlət və xalq var ki, keçmişindəki irqçilik və qəddarlıqları ilə seçilir. Amma Azərbaycan tarix boyu nəinki burada yaşayan, həmçinin sonradan ona sığınanlara da daim qucaq açıb: “Biz tolerantlıqdan danışdıq. Amma Azərbaycan xalqı mərdliyi, saflığı və insanpərvərliyi ilə də seçilir. Dönə-dönə qeyd edirəm ki, bu xalq zülmə, işğala məruz qalsa da, öz tolerantlığından zərrə qədər də vaz keçmədi. Məncə, belə tolerantlıq dərsliklərə düşəsi bir hadisədir. Dünyada Xocalı soyqırımını yaşayan bir xalq bu gün dünyanın ən səbirli, ən müdrik, ən tolerant xalqlarının önündə gedir. Azərbaycan xalqını bütün xalqların gözündə yüksəldən də elə budur”.
“Azərbaycanda xristian və yəhudilər nəinki azad şəkildə dini inanclarını yerinə yetirir, eyni zamanda hökumətdə səs vermək və təmsil olunmaq hüququna malikdirlər”
Ravvin Azərbaycan tolerantlığının və multikulturalizminin bütün dünyada geniş təbliğinə ehtiyac yarandığını önə çəkərək qeyd etdi ki, dünya ölkələri və xalqları bilməlidirlər ki, ərazisini işğal edən bir millətə qarşı belə tolerant davranan bir xalq müqəddəs xalqdır. Bu torpaqda yaşayanlar milliyyətindən asılı olmayaraq, hər zaman bura ayaq basıb məskunlaşanlara sevgi və şəfqətlə yanaşıb, bu gün də bu proses davam edir: “Xalq darda olana kömək edir, istiqanlıdır, qonşuda yəhudi, xristian varsa, ona daha çox diqqətlə, qayğı ilə yanaşır. Daha müqəddəs xalq necə olur? Bu gün dünyanın belə dəyərlərə ehtiyacı var. Müsəlman bir ölkə olan Azərbaycanın tolerantlıq modelinin təbliği çox vacibdir. Azərbaycana gələn turistlər də müxtəlif dinlər arasında dialoq və harmoniyanı özündə əks etdirən nadir səhnənin şahidi olurlar”.
Ravvin onu da vurğuladı ki, Azərbaycanda xristian və yəhudilər nəinki azad şəkildə dini inanclarını yerinə yetirir, eyni zamanda hökumətdə səs vermək və təmsil olunmaq hüququna malikdirlər. Bu gün dünyada dözümsüzlük, özündən olmayana nifrət durmadan artsa da, Azərbaycanda ilbəil başqa millətlərə daha geniş imkanlar açılır. Azərbaycan bu gün həm də sivil və demokratik bir ölkəyə çevrilib: “Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanda nəinki başqa millətlərin səs vermək hüququ var, eyni zamanda parlamentdə yəhudi əsilli millət vəkili belə təmsil olunur. Dünyanın bir çox ölkəsində etnik və dini qruplara dözümsüzlük, nifrətin artdığı bir zamanda Azərbaycanda hər bir kəs dinindən və milli mənsubiyyətindən asılı olmayaraq dövlətin istənilən qurumunda təmsil olunmaq, seçmək və seçilmək hüququna malikdir. Bu, hətta bir sıra aparıcı dövlətlər üçün də gözəl bir nümunədir. Qısası, Azərbaycanda nəinki yəhudilər, eyni zamanda bütün xalqlar sülh və qardaşlıq içində yaşayırlar. Yəhudilər üçün Azərbaycan hər zaman xüsusi məna kəsb edib. Çünki Azərbaycanda yəhudilər min illərdir sülh içində yaşayıblar. Bəli, bu gün Azərbaycan İsraildən sonra yəhudilərin sülh içində yaşadığı nadir ölkələrdən biridir”.
“Azərbaycan nadir ölkələrdəndir ki, burada milli, dini ayrı-seçkilik, məzhəblərarası problem yoxdur”
Azərbaycanda yaşayan yəhudi Murad Salman da Azərbaycanda fərqli millət və dinlərin nümayəndələri üçün ideal mühitin formalaşdığını düşünür. O, Azərbaycanı tolerantlıq və multikulturalizminə görə yer üzünün cənnəti adlandırdı:
“Dünyanın ən pis vaxtlarında belə, bu ölkə bizə ideal məkan olub. Azərbaycan yəhudiləri bu dövlətdə ən yüksək şəkildə təmsil olunublar. 1918-ci ildə AXC-nin iki naziri yəhudi əsilli olub. Bundan əlavə, Azərbaycan sionizm hərəkatının yaranma mərkəzlərindən biri olub. Bu gün də Milli Məclisdə, dövlət orqanlarında yəhudilərin ən yüksək şəkildə təmsil olunmaları qürur doğuran haldır. Bu bir daha onu göstərir ki, Azərbaycanda yəhudilər heç bir dövlətdə olmadığı qədər sərbəst, rahat sülh və əmin-amanlıq şəraitində yaşayır və yaşayacaqlar”.
Azərbaycan dövlətinin burada yaşayan bütün xalqlara olduğu kimi, yəhudilərə qarşı da qayğı ilə yanaşdığını deyən Murad Salman Prezidentin göstərişi ilə 2011-ci ildə Dağ yəhudiləri üçün sinaqoqun istifadəyə verilməsini tarixi hadisə saydı. Bakıda yəhudi məktəblərinin olmasını xatırladan müsahibim bunlardan birinin dövlət nəzdində fəaliyyət göstərməsini dünyaya nümunə göstərdi: “Müsəlmanların çox yaşadığı bir ölkə və dövlət nəzdində yəhudi məktəbi! Bəli, həqiqətən də yəhudilər də bu qayğı və dəyərləri yüksək qiymətləndirib, hər zaman Azərbaycana sevgi ilə bağlı olublar. Azərbaycanın şad gününə sevinib, ağır günlərində isə yanında olublar. Qarabağ müharibəsində Albert Aqarunov cəbhəyə yollanaraq bu torpaqda böyüyüb, buranın müdafiəsinə hər bir millətin qalxmasının vacibliyini göstərdi. O təkcə qəhrəmanlıqları ilə deyil, bu torpağa, millətə, ölkəyə verdiyi dəyərləri ilə yaddaşlarda qalacaq. Məhz Azərbaycan yəhudilərini digər ölkələrdə yaşayan yəhudilərdən bütün bunlar fərqləndirir”.
Murad Salman onu da vurğuladı ki, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, burada milli, dini ayrı-seçkilik, məzhəblərarası problem yoxdur. Bu da Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətindən irəli gəlir. Həm də Azərbaycanda heç vaxt radikalizm meyilləri olmayıb:
“Dünyanın ən tolerant ölkəsi olan Azərbaycanda yaşamaq mənim üçün böyük fəxrdir, azərbaycanlı olmaq isə çox gözəl bir hisdir. Xaricdə olanda da birinci növbədə bu cənnətməkan haqqında söz açıram və deyirəm ki, Azərbaycanda bütün millətlər qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycan dövləti burada yaşayan bütün millətləri diqqətdə saxlayır. Tarix boyu Azərbaycanda millətlərarası münasibətlər qarşılıqlı hörmət və sevgiyə əsaslanıb. Bu gün də bu münasibətlər eyni müstəvidə davam edir. Min illərdir bu torpaqlarda yaşayan yəhudilər də Azərbaycanı özlərinə vətən, bu torpaqda yaşayan hər kəsi özlərinə qardaş biliblər. Bu gün dünyada azərbaycanlı-yəhudi qardaşlığı əksər ölkələrə nümunə göstərilir və bunun əsasında Azərbaycan-İsrail dostluğu özünün ən yüksək mərhələsindədir. Tarixi keçmişə və səmimi qardaşlığa əsaslanan Azərbaycan-yəhudi qardaşlığı bundan sonra da davam edəcək”.
Murad Salman deyir ki, gənc olsa da, ictimai-siyasi fəaliyyətlərdə aktivdir və tez-tez xarici səfərlərdə olur. O başqa ölkələrdə yaşayan yəhudilərlə ünsiyyətində onların Azərbaycan yəhudilərinə həsədlə baxmalarını gizlətmədiklərini də vurğuladı: “Tez-tez dünyanın müxtəlif yerlərindən ölkəmizə yəhudi əsilli qonaqlar gəlir. Onların ilk verdikləri sual bu olur ki, “necə olur müsəlman bir ölkədə belə rahat yaşayırsınız?” Biz isə bildiririk ki, tolerantlıq Azərbaycan xalqının həyat tərzinə çevrilib və min illərdir ki, yəhudilər bu torpaqlarda rahat, sülh içində yaşayırlar”.
Bu gün nəinki Azərbaycanda yaşayan yəhudi, həmçinin buradan köçən yəhudi və digər millətlərin nümayəndələri də ölkəmizdəki dini, milli tolerantlıq, millətlərarası münasibətlərin ilbəil inkişafından ağız dolusu danışırlar. Azərbaycanı yer üzünün cənnəti adlandıran başqa millətlərin nümayəndələrinin ölkəmizə, dövlətimizə olan hədsiz sevgisini gördükdə isə hər bir azərbaycanlı qürur hiss keçirir.
Tural Tağıyev
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info