Beynəlxalq Əmək Təşkilatı və ƏƏSMN Bakıda seminar keçirir
Tarix: 29.06.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda seminar öz işinə başlayıb. İki gün davam edəcək tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in şöbə müdiri Nensi Lepink və baş mütəxəssisi Valentin Mokanu, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri xanım Yekaterina Kuznetsova və b. iştirak ediblər.
Seminarı giriş sözü ilə açan nazir Səlim Müslümov vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır. Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına yönəlik genişmiqyaslı islahatlar, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi şəraitində əmək münasibətlərinin səmərəli tənzimlənməsi, bu münasibətlər sisteminin iştirakçılarının hüquq və təminatlarının effektiv müdafiəsi, adekvat nəzarət mexanizmlərinin tətbiqi layiqli əmək konsepsiyasının uğurla reallaşdırılması istiqamətində qarşıda duran prioritet vəzifələrdəndir: “Bu baxımdan Prezidentin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir və Sərəncamla nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır. Təbiidir ki, bu prosesdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum kimi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin də üzərinə böyük vəzifə düşür və bu baxımdan Xidmətin işinin müasir dövrün imkanları və beynəlxalq təcrübə əsasında modernləşdirilməsi vacib şərt kimi meydana çıxır. Təsadüfi deyil ki, Sərəncama əsasən yaradılmış Komissiyanın hazırladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planının layihəsində əmək müfəttişlərinin potensialının gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Qeyd edilənlərdən irəli gələrək, bugünkü seminarın “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” kimi olduqca aktual mövzuya həsr olunmasına görə BƏT-in nümayəndələrinə  öz təşəkkürümü bildirirəm”.
Nazir MDB-də ilk dəfə olaraq Azərbaycanda BƏT-lə əməkdaşlıqda bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni Əmək Məcəlləsinin hazırlanaraq 1 iyul 1999-cu il tarixdə təsdiq edildiyini, məcəllənin qəbul olunmazdan əvvəl BƏT-in ekspertləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: “Bu günə qədər ölkəmiz bu təşkilatın bütün 8 fundamental və 4 prioritet Konvensiyaları da daxil olmaqla 58 Konvensiyasını ratifikasiya edib”. Nazir Prezidentin müvafiq fərmanı ilə 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın - ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttişliyinin yaradıldığını bildirib, ötən dövrdə Xidmətin fəaliyyətinin hüquqi əsaslarının gücləndirilməsi, “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində Xidmətin potensialının artırılması yönündə görülmüş işləri diqqətə çatdırıb: “Dövlət Əmək Müfəttişliyi Xidməti 100-dən artıq üzvü olan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasına üzv qəbul edilib və Assosiasiyada 12 ölkəni birləşdirən “Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”nda da təmsil olunur”.

BƏT-lə birgə icra olunan yeni Ölkə Proqramı çərçivəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti daha sivil formada qurulacaq

Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi işlərinin davam etdirildiyini vurğulayan nazir BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə də xüsusi önəmini qeyd edib: “Ölkə proqramına Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və potensialının artırılması, sosial tərəfdaşlarla məsləhətləşmələr əsasında Xidmətin fəaliyyətində profilaktik tədbirlərin gücləndirilməsi və tələblərə uyğunluğun təmin edilməsi strategiyasının hazırlanması və icrası, işəgötürənlərlə partnyorluq sazişlərinin bağlanması, şərti cərimələrin tətbiqi mexanizminin genişləndirilməsi, səmərəli nəzarət üsullarının müəyyən edilməsi ilə bağlı sosial tərəfdaşlarla məsləhətləşmələrin aparılması, əmək müfəttişliyi sisteminin hüquqi və institusional çərçivəsinin qiymətləndirilməsi və s. komponentlər daxildir. Bu çərçivədə BƏT-in dəstəyi ilə Xidmətin fəaliyyətinın bazar iqtisadiyyatının tələblərinə uyğunluğu daha sivil formada təmin ediləcək”.
S.Müslümov bildirib ki, bununla əlaqədar Ölkə Proqramı çərçivəsində Xidmətin fəaliyyətini tənzimləyən qanunvericilik bazası və mövcud vəziyyət BƏT-in ekspertlərinin dəstəyi və yerli mütəxəssislərin səyi ilə artıq qiymətləndirilib: “Sosial partnyorların birgə qərarı ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2017-ci il üzrə iş planında da əmək qanunvericiliyinin pozulması halları ilə bağlı şərti cərimələr sisteminin yaradılması və belə əmək qanunvericiliyinin pozulması hallarına yol verməyən işəgötürənlərin müəyyən dövr ərzində yoxlamalardan azad edilməsi, iş yerlərinə baxışın yoxlama aparılmadan keçirilməsi, işəgötürənlərlə sosial partnyorluq müqaviləsinin bağlanılması üzrə fəaliyyətin genişləndirilməsi və s. təkliflərə baxılması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli və “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 182 nömrəli Konvensiyaları ilə bağlı dövrü hesabatlar hazırlanarkən işləyən qadınların və uşaqların əmək hüquqlarının pozulması ilə bağlı göstəricilər tələb edilir: “Bununla əlaqədar olaraq mövcud uçot sistemində təkmilləşdirmə aparılmaqla həmin məlumatların operativ əldə edilməsi və məlumatlılığın təmin edilməsi imkanlarının yaradılması ilə bağlı işlər aparılır”.
Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər işçilərin ixtisarı zamanı
onların etibarlı sosial müdafiəsinə xidmət edir

S.Müslümov bəyan edib ki, dövlət başçısının 2017-ci il 2 iyun 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı “Əmək bazarının səmərəliliyi” göstəricisi üzrə də ölkəmizin reytinqinin artırılmasına, eləcə də əmək qanunvericiliyinin inkişaf etməkdə olan bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir: “Həmin Tədbirlər Planına uyğun olaraq cari ildə Əmək Məcəlləsinə dəyişikliklər edilib. Bu dəyişikliklərin “İşsizlikdən sığorta haqqında” Qanun qəbul olunduqdan sonra həmin Qanunla paralel olaraq 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin bir aylıq orta əmək haqqından artırılaraq iki orta əmək haqqı səviyyəsində müəyyən edilməsini, bu müavinətin işdən azad edilən işçinin həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada verilməsini nəzərdə tutur. Həmçinin bu dəyişikliklər işçilərin ixtisarı zamanı məşğulluq orqanından alınan arayışlar əsasında işəgötürən tərəfindən verilən ikinci və üçüncü aylar üçün orta əmək haqqının işəgötürən tərəfindən deyil, yeni qəbul edilən “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən məşğulluq orqanları tərəfindən təmin edilməsinə, ixtisarla əlaqədar işdən azad edilən işçilərin iki aylıq xəbərdarlıq müddətinin onların həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada olmasına yönəlib. Xəbərdarlıq müddətini gözləmədən işdən azad olunan işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən orta əmək haqqının xəbərdarlıq müddətindən asılı olaraq diferensiallaşmış məbləğlərdə, eləcə də xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq verilməsi, müddətli əmək müqaviləsinin maksimal müddətinə olan məhdudiyyətin (5 il) aradan qaldırılması da dəyişikliklərdə əksini tapır”.

H.Rəcəbli əmək qanunvericiliyində aparılan mütərəqqi dəyişikliklərdən bəhs edib. O, əmək bazarına dövlət nəzarətinin və işçilərin əmək hüquqlarının müdafiəsi mexanizminin də dünyada olan qabaqcıl təcrübələr əsasında səmərəli təşkilinin dövlətin sosial siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib. S.Mehbalıyev əmək bazarının tənzimlənməsində sosial tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanda BƏT-lə əməkdaşlıq şəraitində sosial tərəfdaşlıq institutunun gücləndirilməsi üçün son illərdə mühüm addımlar atıldığını, hazırkı tədbirin sosial dialoqun inkişafında da faydalı olduğunu bildirib. M.Musayev ötən ilin sentyabr ayında təsis olunan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ölkədə sivil sosial tərəfdaşlığın qurulmasında önəmli rol oynadığını vurğulayıb, əmək bazarına səmərəli nəzarət sisteminin formalaşması üçün sosial dialoq müstəvisində aparılan işlərin önəmini qeyd edib. Xanım N.Lepink Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, əmək bazarına dövlət nəzarətinin profilaktik tədbirlərə üstünlük verilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatların BƏT tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması yönündə birgə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə Xidmətin fəaliyyəti, qurumun maddi və institisional potensialının gücləndirilməsi üçün görülən işlər, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Seminarda əmək bazarında, əmək qanunvericiliyinin beynəlxalq əmək standartlarına uyğun tətbiqində və qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin edilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin roluna, Xidmətin fəaliyyətində sosial dialoqa, əmək bazarına dövlət nəzarəti sahəsində beynəlxalq təcrübəyə, Xidmət tərəfindən həyata keçirilən preventiv tədbirlərə, əməyin təhlükəsizliyinə dair yerli və beynəlxalq ekspertlər tərəfindən təqdimatların edilməsi, müvafiq mövzuda müzakirələrin aparılması nəzərdə tutulur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info