Saxta və oğurluq mobil telefonların fəaliyyətinə son qoyulacaq
Tarix: 26.04.2013 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


“IMEI kodların qeydiyyatı aparıldıqdan sonra vətəndaşlarımızın üzləşdiyi bəzi narahatedici hallar aradan qalxacaq”

Bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin indiki səviyyəyə çatmalarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, onun üstünlüklərindən istifadə böyük rol oynayıb. Bu gün texnologiyalar o qədər inkişaf edib ki, onlar həyatımızın bir parçasına çevrilib. Bu baxımdan mobil telefonlar xüsusi qeyd olunmalıdır. Alimlər mobil telefonların ziyanlarından danışsa da, yenə də bu kiçik alətlərə biganə qalmırıq. Uşaqdan-böyüyə hamı telefondan asılı qalıb...
Azərbaycanda bu sahə sürətlə inkişaf edir. Mobil rabitə, ölkənin demək olar ki, bütün ərazisini və bütün əhalisini əhatə edir. Dünya Bankının hesabatına görə, Azərbaycanda hər 100 adamdan 84-də mobil telefon var. Azərbaycan mobil telefon sahəsində idxaldan asılıdır. Hər ay orta hesabla ölkəmizə 12000-dən artıq mobil telefon idxal olunur.
Əlbəttə, ölkəyə idxal olunan telefonlar arasında saxtaları da olur. Digər tərəfdən, vətəndaşın telefonu oğurlandıqda onu tapmaq çox vaxt mümkün olmur, oğru öz mobil nömrəsini telefona daxil edərək arxayın işlədir. Azərbaycan dövləti də bu boşluğa son qoymaq istəyir.
Hazırda Azərbaycanda telefon qaçaqmalçılığı ilə mübarizə və mobil telefon oğurluğunun qarşısını almaq məqsədilə telefonların IMEI kodlarının (IMEI ingiliscədən ixtisarla Beynəlxalq Mobil Cihaz Eyniləşdirilməsi deməkdir) məlumat bazası yaradılıb. Bu iş Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq, həyata keçirilib. Qeyd edək ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya-kommunikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən qəzetimizə bildirilib ki, Mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən gələn ayın 1-dən mobil cihazların qeydiyyat işlərinə başlanılacaq. Onu da deyək ki, bu ilin martın 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların IMEI nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra sistem tam gücü ilə fəaliyyətə başlayacaq.

Mobil telefonların IMEI nömrəsini necə müəyyən
etmək olar?

Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların IMEI nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.
Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.
Mobil cihazlardan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar. İstehlakçılar yeni fəaliyyətə başlayan www.imei.az ünvanı vasitəsi ilə IMEI nömrələrini yoxlamaq və ya “1677” xidmətinə zəng etməklə, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər.
Ölkəmizdə yaradılacaq qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaq.

Mobil cihazların
qeydiyyatının əhali üçün
üstünlükləri


Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə etməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.
Qeyd edək ki, Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub.
Qeydiyyat sistemi qurulmadan öncə qarşıya çıxan problemlərin həll edilməsi və onun mərkəzi baza sistemi ilə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılmış və nəticəyə uyğun tədbirlər görülüb. Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Hazırda belə sistemdən Türkiyədə, ABŞ-da, Hindistanda istifadə edilir. Ukraynada da bənzər sistemin tətbiqinə cəhdlər edilib, lakin müvəffəqiyyətlə sonlandırılmayıb. Avropa ölkələrində isə oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi vahid qara siyahı üzərindən təşkil olunur.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "ICTnews.az"a açıqlama verib ki, IMEI kodların qeydiyyat sistemi bir sıra neqativ halların qarşısını alacaq: “Çünki bu sistemin əsas təyinatı ondan ibarətdir ki, oğurluq və yaxud saxta olan, düzgün istehsal edilməyən avadanlıqların şəbəkədə istifadə edilməsinin qarşısı alınsın. IMEI kodların qeydiyyatı aparıldıqdan sonra vətəndaşlarımızın üzləşdiyi bəzi narahatedici hallar aradan qalxacaq”.
Bütün hallarda əhali mobil telefon alarkən diqqətli olmalıdır. Bunu nəzərə alaraq RİTN satışda olan saxta mobil telefon cihazları almamağı istehlakçılara tövsiyə edir. Respublika ərazisinə qeyri-qanuni yollarla idxalına cəhd edilən saxta mobil telefon cihazlarının mütəmadi olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanma faktları nəzərə alınaraq istehlakçılara bu tövsiyəyə ciddi yanaşmaları məsləhət görülür.
Fuad HÜSEYNZADƏ

Məqalə Azərbaycanda kütləvi informasiya vasitələri arasında “Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri” mövsuzunda elan olunmuş müsabiqəyə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info