“Azərbaycan ərazilərinin işğalı ilə ifadə olunan status-kvo qəbuledilməzdir”
Tarix: 04.07.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Almaniya səfiri Mixael Kindsqrabla :
“Almaniya münaqişənin həlli prosesində substantiv danışıqların başlamasını görməyi arzulayır”

Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistan müxtəlif bəhanələrlə bu problemin həllindən yayınır və hər cəhdlə status-kvonun dəyişməməsinə çalışır. Mövcud problemlə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti də hələ ki, heç bir nəticə vermir. Bu yaxınlarda regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçiriblər. Bu görüşlərin nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili nəzərdə tutulur. Belə ki, xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində keçiriləcək. Nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də görüşdə iştirak edəcəyi gözlənilir.

Gül:
“Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması bizim əsla qəbul edə biləcəyimiz bir şey deyil”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyanın tanınmış liderləri də öz fikirlərini bildirirlər. Türkiyə Cümhuriyyətinin XI prezidenti Abdullah Gül APA TV-yə müsahibəsində bu münaqişəyə toxunub: “Mənim çox böyük vizyonum var. Bir bölgədə barış, təhlükəsizlik və sabitliyin hakim olması o bölgədəki iqtisadi inkişafı da arxasından gətirir. Problemləri müharibə ilə deyil, diplomatiya və siyasətlə həll etməyə daha çox inanmışam və bunun üçün çalışmışam. Şübhəsiz ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması bizim əsla qəbul edə biləcəyimiz bir şey deyil. Biz bir millət, iki ayrı dövlətlərik. Ancaq bu işğal uzun müddətdir davam edir. İndi bunun iki yolu var - ya müharibə, ya da sülh və diplomatiya. Təbii ki, diplomatiya ilə həll etmək üçün danışmaq lazımdır. Bu danışıqlar bəzən açıq olur. Bildiyiniz kimi, Minsk qrupu çərçivəsində də toplantılar keçirilir, Azərbaycan Prezidenti Əliyevlə Ermənistanın prezidenti bir araya gələ, müzakirə edə bilirlər. Bəzən də pərdə arxasında görüşlər olur, diplomatlar oturur, "bu problemi necə həll edə bilərik?" deyə danışır, dünyadan kömək istəyirlər. Təəssüf ki, böyük dövlətlər uzun illər bu mövzuya yetəri qədər maraq göstərməyib. Mənim düşüncəm odur ki, bu məsələ donmuş şəkildə qalmamalıdır. 20-30 il keçib, 50 il də keçəcək? Mən problemin həlli baxımından bu addımı atırdım. Təəssüf ki, nəticə olmadı. Ancaq əvvəl-axır bu problemlər ya müharibə, ya da diplomatiya yolu ilə həll olunur. Şübhəsiz ki, diplomatiya ilə həll yoluna üstünlük verilməlidir. Çünki müharibələrin nələrə səbəb olduğunu hamımız görürük. Yeni nəsillər öz torpaqlarından uzaqda yetişir. Bunu da çox üzücü qəbul edirəm. Mənim üçün birinci dərəcəli şey bu işğalın - BMT də bunu işğal kimi qəbul edir - başa çatmasıdır. Bunun üçün də, dediyim kimi, soyuducuda donmuş problem kimi saxlamağı təhlükəli olaraq gördüyüm üçün bu işlərə öncüllük etdim. Təəssüf ki, nəticəsi olmadı”.

“İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu bir vaxtdır”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə TASS agentliyinə müsahibəsində deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün iştirak etdiyi format öz-özlüyündə ciddi bir addımdır. Onun sözlərinə görə, məhz bu ölkələr - ABŞ, Rusiya və Fransa böyük siyasi çəkiyə və bu sahədə illərlə qazanılmış təcrübəyə malikdir: “Amma, gördüyümüz kimi, 1997-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun üçtərəfli həmsədrlik institutu gözlənilən nəticəni əldə edə bilməyib”. P.Bülbüloğlu qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həll olunması ilə bağlı qəti addımlar atmağın vaxtı çatdığını dəfələrlə vurğulayıb:
“Azərbaycan ərazilərinin işğalı ilə ifadə olunan status-kvo qəbuledilməzdir. Bu, 2009-2013-cü illər arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında da yer alıb. İndi real nəticələrin əldə olunması üçün substantiv danışıqların davam etməsini təmin etmək lazımdır. Bir daha vurğulayım ki, danışıqlar predmet xarakteri daşımalıdır. İndi prosesin özünün yox, nəticənin daha vacib olduğu bir vaxtdır”.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla “Trend”ə müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, Almaniya münaqişənin həlli prosesində substantiv danışıqların başlamasını görməyi arzulayır: “Biz hesab edirik ki, tərəflərdən heç biri zorakılığın artmasında maraqlı deyil. Almaniya dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir. Şəxsən mənim üçün bu dondurulmuş münaqişə yox, közərməkdə olan münaqişədir. Qarşıdurma xəttinin hər iki tərəfində insanlar öz həyatlarını itirir. Aİ-nin üzvü olaraq Almaniya ATƏT Minsk qrupunun və həmsədrlərinin səylərini dəstəkləyir”.

“Ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən, onun ayrılmaz hissəsi olan Qarabağ xalçaçılığına qarşı iddiası həmişə olub”
Yeri gəlmişkən onu da qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənmir, eyni zamanda mədəniyyət, incəsənət nümunələrimizi öz adına çıxmağa çalışırlar. Ermənistanın Tarixi Mühitin və Tarixi-Mədəni Muzey Qoruqların Mühafizəsi Xidmətinin direktoru Ara Tarverdyan və "Karabakh Carpet" şirkətinin rəhbəri Sevak Xaçatryanın Qarabağ xalçalarının erməni xalçaları kimi təbliği və bu xalçalara turistlərin marağını cəlb etmək məqsədilə xüsusi çadır pavilyonlar qurması da bu qəbildən olan fəaliyyətdir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov “Trend”ə bildirib ki, ermənilərə və onların havadarlarına öz real işimizlə cavab vermək üçün bütün imkanlarımız var. V.Muradov qeyd edib ki, ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən onun ayrılmaz hissəsi olan Qarabağ xalçaçılığına qarşı iddiası həmişə olub. Bu iddianın tarixi onların Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına qarşı iddialarının tarixi qədərdir.
V.Muradov bildirib ki, erməni mətbuatının tez-tez bu məsələni gündəmə gətirməsini təbii hal hesab edir. Bu, onların ideoloji mübarizəsinin bir hissəsidir. Onlar xalçanın hər bir azərbaycanlı üçün nə demək olduğunu, onun necə bir milli-mənəvi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər: "Biz bu prosesi diqqətdə saxlamağa çalışırıq. Belə bir mübarizədə qalib gəlməyin ilkin şərtlərindən biri məhz hazırlıqlı olduğunu nümayiş etdirməkdir. Hesab edirəm ki, biz ermənilərin istər xalçaçılığa, istərsə də hədəf seçdikləri digər milli məsələlərə dair atacaqları addımı, daha doğrusu, vuracaqları zərbəni gözləmək əvəzinə, özümüz əməli fəaliyyətlə məşğul olmalıyıq. Təbliğatımızı düzgün və intensiv şəkildə aparmalıyıq. Xalçaçılıqda həm elmi, həm də iqtisadi və ticari baxımından dünyaya təqdim edəcəyimiz işlərimiz çoxdur. Azərbaycan Milli Elmlər Akdemiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində “Xalçaşünaslıq” sektoru yaradılıb. Burada xalçaçılıq tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, folklor, mifologiya, psixologiya və s. kimi elmlərin kontekstində kompleks şəkildə öyrənilir. Respublikamızda bu sahəyə dair çoxlu sayda elmi-fundamental nəşrlər işıq üzü görüb. Real tarixi həqiqətləri əks etdirən kitablar, broşürlər yazılıb, filmlər çəkilib. Bu materiallar dünyanın əksər kitabxanalarının elektron bazasına yerləşdirilib. “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı dövri şəkildə Azərbaycan, ingilis və rus dillərində nəşr edilir. Azərbaycan xalçaçılığı ilə maraqlananlar istənilən ölkədə internet vasitəsilə bu imkanlardan istifadə edə bilir”. V.Muradov əlavə edib ki, əslində, son zamanlar ermənilərin xalçaçılıq sahəsində bu cür canfəşanlığının əsl səbəbi məlumdur. Onun sözlərinə görə, bu ilin oktyabr ayında V Beynəlxalq Azərbaycan Xalçası simpoziumu keçiriləcək. Həmin vaxtda bütün dünyanın diqqəti məhz Azərbaycanda olacaq, müxtəlif ölkələrdən xalçaşünas alimlər, ekspertlər, kolleksiyaçılar, tacirlər, tarixçilər, etnoqraflar ölkəmizə gələcəklər:
"Onlar Azərbaycan xalçaçılığının əhəmiyyətini, perspektivlərini, inkişaf imkanlarını müzakirə edəcəklər. Respublikamızda son illərdə bu sahədə görülən işlərlə tanış olacaqlar".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info