Hürrü Əliyev: “Sən deyildin xarici havadarlarından qrant almaq üçün dağıdıcı siyasət nəticəsində partiyanı bölüb parçalayan?”
“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev AXCP sədri Əli Kərimlini sərt tənqid edib. Hürrü Əliyev Əli Kərimlinin söylədiklərinin xalqa təhqir olduğunu vurğulayıb. Hürrü Əliyev bildirib ki, “Elçibəyin miras qoyduğu AXCP-ni 2000-ci ildə parçalayan və indi də müxalifətin yenidən birləşib vahid namizəd fikrini irəli sürən insandan başqa heç nə gözləmək olmaz”.
O, Əli Kərimlinin partiyadaşlarının təkidinə baxmayaraq, namizədliyini geri götürüb, başqa bir müxalifət liderini dəstəkləməyə hazır olduğunu dilə gətirməsinə də münasibət bildirib: “Artıq bütün xalq sizlərin əsl simanızı neçə ildir ki, görür. Nə özlərinin, nə də sözlərinin dəyəri, hörməti qalmayıb. Sən deyildin xarici havadarlarından qrant almaq üçün dağıdıcı siyasət nəticəsində partiyanı bölüb parçalayan?! İllər boyu yerində sayan müxalifətə elə sizin kimi də lider lazımdır. Siz müxalifətçiliyi həyat tərzi seçmisiniz və hər seçki qabağı bir-iki pafoslu çıxışla camaatın, xalqın etimadını qazanmaq fikrindəsiniz. Artıq xalq ayılıb, ölkədə gedən bütün irəliləyişləri görür və başa düşür ki, siz artıq uduzmusunuz. Seçki başlamamış artıq seçkinin saxtalaşdırılmağından danışan insanlar bilməlidirlər ki, seçkini saxtalaşdırmaq olsa belə, xalqın səsini saxtalaşdırmaq olmaz. Xalq səsini layiq bildiyi namizədə verəcək”. Hürrü Əliyev Əli Kərimlinin gənclərə arxa durmaq gərək olduğu bəyanatını da yersiz sayır: “Siz bunu gəncləri sanksiyasız mitinqlərə və nümayişlərə çağırdığınız zaman düşünməli idiniz. Deputat seçkilərində əlinizi “Quran”a basıb and içdiniz ki, heç kəs bu seçkiləri tanımayacaq və qəbul etməyəcək. Amma həmişəki kimi andınıza sadiq qala bilmədiniz. Bölgələrdə iğtişaş törədib sadə camaatı pafoslu nitqlərinlə qızışdırıb küçələrə salmaq sənin ləyaqətinə yaraşır! Bu hakimiyyət büdcədən milyonlar ayırır ki, ölkə gəncləri xaricdə öz təhsilini davam etdirə bilsin. Hakimiyyət gənclərin idmana həvəsini artırmaq üçün müxtəlif tədbirlər görür, idman yarışları keçirir. Bir sözlə, hakimiyyət gənclərə arxalanır. Sadəcə, çaxnaşma, mitinq və nümayişlərə çağırışları öz iş rejimi seçən müxalifətə bu gündə mesajımız keçən seçki illərindəkindən fərqlənmir”. Hürrü Əliyev Əli Kərimlinin Qarabağ qazilərinə çağırışını da absurd sayıb: “Siz onları çağırmamalısınız, yanlarında olmalısınız. Biz o torpaqları işğaldan azad etməliyik. Güclü ordu, güclü iqtisadiyyat və güclü milli ideologiyaya malik Azərbaycan dövlətinin vətəndaşları kimi hər birimiz seçkilərdə iştirak edib bu “müxalifət”ə sübut etməliyik ki, əsl lider məhz xalqa arxalanmalıdır. Ümummilli məsələləri arxa planda saxlayan bir “liderin” AXCP-yə rəhbərlik etməsi absurddur. Biz AXCP-də təmsil olunan insanlara, gənclərə üz tutub deyirik ki, nə qədər ki, gec deyil, ayılın! Sizlərin rəhbəriniz tərəfindən aldandığınızı və çirkin oyunlara sövq edildiyinizi bilirik və görürük. Sizin kimi mübariz insanları da bu barədə məlumatlandırmağı özümüzə borc bilirik. Zaman hər şeyi ortaya qoyacaq”
CAVİDAN
|