“Müxalifətin vahid namizəd məsələsi real görünmür”
Tarix: 27.04.2013 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


Hazırda müxalifət düşərgəsində vahid namizədlə bağlı yekdil qərara gəlmək yollarını axtaran bəzi partiyalar arasında fikir ayrılığı daha da dərinləşməkdə davam edir. Belə ki, AXCP və Müsavat partiyaları guya prezident seçkilərinə vahid namizədlə getmək üçün müxalifətdəki digər partiyaları birləşdirmək missiyasını öz üzərlərinə götürüblər. Lakin partiya maraqları ümumi maraqlarından daha da üstünlük təşkil edir. AXCP, Müsavat özlərini birinci dərəcəli, başqa müxalifət partiyalarını isə ikinci dərəcəli müxalifət partiyaları hesab edirlər. Bunu Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın mətbuata verdiyi açıqlamada müxalifətlə bağlı söylədiyi fikirlər də sübut edir: “Əlbəttə, "biz və sonra siz" prinsipi olmamalıdır. Lakin hazırda müxalif qüvvələrin birinci və ikinci sortlara bölündüyü müşahidə edilir. Aparılan müzakirələr mətbuata çıxarılanda münasibətlərdə disbalans yaranır”.
Digər bir tərəfdən hazırda müxalifət düşərgəsində təmsil olunan və düşərgədə birliyin əldə edilməsinə çalışan Eldar Namazov və başqaları nə müxalifət, nə də cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. Müxalifətdə lider problemi onu parçalayan səbəblərin başında gəlir. Müxalifət nümayəndləri ancaq bir-birilərini ittiham etməklə məşğuldurlar. Heç bir partiya digərinin nüfuzunu qəbul etmək istəmir. Çünki arada səmimiyyət, ortaq məqsəd yoxdur. Ayrı-ayrı partiyaların öz məqsədləri, gizli danışıqlar, sövdələşmələr var. Düşərgədəki partiyalar, hərəkatlar və digər qurumlar bir-birilərini həzm edə bilmirlər. ADP-nin sədri Sərdar Cəlaloğlunun verdiyi açıqlamada toxunduğu məqamlar bu baxımdan diqqət cəlb edəndir: “ Eldar Namazov nə vaxtdan müxalifətin rəhbəri olub? Bizim müxalifətin birləşdirilməsi ilə bağlı cəhdlərimizə “yox” deyən insanlar bu gün Eldar Namazovun təklifinə niyə görə “hə” deyir? Bu suala mətbuatda cavab versinlər”. Sərdar Cəlaloğlu açıqlamasında bunu deməklə Əli Kərimli və İsa Qəmbəri bundan qabaqkı birlik təkliflərinə etiraz etməkdə ittiham edir və dolayısı ilə Müsavat başqanının “Cizgiləri müəyyən etmişik” deməsinə etiraz edərək əslində müxalifətdəki partiyalara ikili münasibət bəslənildiyini, nüfuz didişmələrinin getdiyini demək istəyir. Həmçinin radikal müxalifətin təmsil olunduğu qurumların fəaliyyətinin dövlətçiliyin əleyhinə olduğunu vurğulayır.

“Radikal müxalifət partiyalarının daxilində azad fikir, demokratik
prinsiplər yoxdur”


Politoloq Sahil İsgəndərov müxalifət düşərgəsindəki “nüfuz didişmə”lərini belə şərh etdi: “Məsələ burasındadır ki, Azərbaycanda bəzi partiyalar özlərini guya ana müxalifət partiyaları kimi qələmə vermək istəyirlər. Amma bu əsassızdır. Birinci bundan başlayaq ki, müxalifətdə olmaq olar, lakin müxalifət ya konstruktiv, ya da ki destruktiv olur. Təəssüflər olsun ki, özlərini ana müxalifət kimi cəmiyyətə sırımaq istəyənlər dövlətimizə, cəmiyyətimizə qarşı destruktiv mövqedədirlər. İkinci əsas məqam odur ki, hər dəfə istər parlament, istərsə də prezident seçkiləri öncəsi özlərini ifrat müxalifətçi adlandıran partiyaların öz aralarında didişmələrinin şahidi oluruq. Hər bir partiya özünü ana müxalifət partiyası kimi göstərməyə çalışır, başqa partiyaları aşağılamağa, öz rolunu şişirtməyə çalışır. Amma əslində onların cəmiyyətin həyatında heç bir rolu yoxdur. Bunun da öz səbəbləri var. Belə ki, bu “cırtdan” partiyaların “cırtdan” sədrləri heç kimin fikri ilə razılaşmır, digər partiyaları bir növ ikinci dərəcəli partiyalar kimi qələmə verərək cəmiyyətin inandığı partiyalar olduqlarını nümayiş etdirmək istəyirlər. Əslində sizi inandırım ki, bunlar heç partiya maraqlarından da yox, şəxsi ambisiyalarından çıxış edirlər. Dərindən təhlil etsək, o partiyalar sanki hansısa bir xırda sahibkarlıq sexidir və bunlar da sex rəisidirlər. Həmin partiyaların daxilində də azad fikirlilik, demokratik prinsiplər yoxdur. Guya indi vahid cəbhə yaratmaq istəyirlər, amma bayaq da qeyd etdiyim ki, şəxsi ambisiyalar, şəxsi qisasçılıq və haqq-hesab çürütmələr bu birləşməyə imkan verməyəcək. Vahid cəbhədə ancaq konstruktiv partiyalar birləşə bilərlər. Amma destruktiv partiyaların birləşmələri mümkün deyil. Çünki ümumi maraq, yaradıcılıq naminə bir-birilərinin fikirlərini qəbul etmirlər. Heç vaxt cəmiyyətdə hansısa bir yaradıcı fikirlə çıxış etməyiblər. 20 ildən çoxdur partiyalarına rəhbərlik edirlər. Partiya bunların şəxsi maraqlarına xidmət edir, daxildə saflaşmanın olmasına imkan vermirlər. Eyni zamanda onların heç birində xarizma yoxdur ki, ətraflarında olanlar da onları özlərinə lider kimi qəbul edib birləşsinlər. Bu məqamlar həmin partiyaların birləşməsinə mane olur və son nəticədə onların tamamilə iflas etməsinə gətirib çıxaracaq”.

“Şəxsi ambisiyalar, qarşılıqlı ədavət onların birləşməsinə mane olur”

Fəlsəfə doktoru Telman Haqverdiyev isə radikal müxalifət partiyaların sədrlərinin hakimiyyət hərisliyindən danışdı: “Bu insanlar siyasi cəhətdən yetişməmiş insanlardır. Onlar hadisələrə siyasi cəhətdən yox, şəxsi instinktləri ilə münasibət bildirirlər. Şəxsi ambisiyalar, qarşılıqlı ədavət onların birləşməsinə mane olur. Siyasi şüur bu insanlarda yoxdur. Daha yaxından tanıdığım üçün bunu deyə bilərəm ki, onların məqsədi hansı yolla olur-olsun hakimiyyətə gəlməkdir. Hər birinin öz gizli məqsədləri olduğuna görə heç bir vaxt vahid namizədlə çıxış etmələri real görünmür. Hakimiyyət hərisliyi onların gözlərini tutub. Fikrimcə, heç hadisələrin sonrakı gedişatı haqqında narahat olmağa da dəyməz. Çünki hakimiyyətdə yetəri qədər intellektual bacarığı olan şəxslər var.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info