Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi günün tələbidir
Tarix: 05.07.2017 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlar üçün yoxlamaların aradan qaldırılması, gömrük sisteminin liberallaşdırılması və digər tədbirlər göstərir ki, sahibkarlar dövlət tərəfindən daha çox güzəşt və imkanlardan faydalanırlar”

Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkədə sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılıb. Son illər ölkənin dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür.
Müstəqillik qazandıqdan sonrakı dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Belə ki, Prezidentin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoydu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi. Ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərmək, onlara maliyyə dəstəyi vermək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb.
Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir. Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə ölkə başçısı tərəfindən 2014-cü ildə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb.

2004-cü ildən bu günə qədər sahibkarlara 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib

2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub: “Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik. Hesab edirəm ki, bu da bir yenilik idi. Mən xatırlamıram ki, hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən, bu formada yardım göstərilsin. Onu da qeyd etməliyəm ki, bizim təcrübəmizdən indi bir çox ölkələr istifadə edir və bizi nümunə kimi göstərirlər”. Ölkə başçısının sözlərinə görə, sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür: “Fermerlərə böyük güzəştlər edilir. Onlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Suvarma işləri aparılır, infrastruktur yaradılır. Güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrə, subsidiyalar, metodik tövsiyələr verilir. Dövlət, eyni zamanda, öz hesabına fındıq və tut tingləri gətirir. Pambıqçılıqla bağlı dövlət xətti ilə böyük işlər görülür, texnika alınır, suvarma tədbirləri həyata keçirilir. Yəni, bütün bunları biz edirik ki, yerlərdə yaşayan insanlar bu imkanlardan istifadə etsinlər”.
Qeyd edək ki, regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər ötən il də davam etdirilib. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur”.

“Azad sahibkarlığın inkişafı Azərbaycan üçün yeni imkanlar deməkdir”

Ölkədə sahibkarlığın inkişafını yüksək qiymətləndirən mütəxəssislər bu istiqamətdə tədbirlərin davamlı olmasını vacibliyini bildirirlər. Son vaxtlar sahibkarlığın inkişafı istiqamətində tədbirlərə gəldikdə isə millət vəkili Tahir Rzayev bildirdi ki, Prezidentin tapşırığına əsasən bu sahədə həyata keçirilən tədbirləri də alqışlamalıyıq: “Ölkədə orta sahibkarlıq inkişaf etdirilməsə sosial-iqtisadi inkişafı təmin etmək mümkün deyil. Bu dünyada, beynəlxalq aləmdə belədir. İnkişaf etmiş ölkələrin iş təcrübəsi, inkişafı da onu göstərir ki, mütləq müstəqil dövlətlərdə, irəliyə getmək istəyən dövlətlərdə mütləq orta sahibkarlıq inkişaf etdirilməlidir. Hər bir insan özünü sahibkar hesab etməlidir. Kiçik bir sahəsi, emal müəssisəsi olsa da, özünü onun sahibi hesab etməlidir və inanmalıdır ki, oradan götürdüyü qazanc onun ailəsini dolandıracaq. Nəinki onun ailəsini, həmin sahibkarlığı, az da olsa, artırarsa bir neçə nəfərin maddi təminatına imkan yaranacaq. Bu, əhalinin işlə təmin olunması, ölkənin sosial inkişafının yaxşılaşdırılması, insanların rifah halının yüksəldilməsi, yoxsulluğun aradan qaldırılmasıdır. Digər tərəfdən ölkənin ixrac məsələlərində önəmli faktordur, məhsullarımızın xarici bazarlara çıxmasıdır. Elə sahibkarlıq formalaşmalıdır ki, əgər bir sahibkar bu gün xırda sahibkarlıqla məşğul olurdusa, bir neçə ildən sonra orta sahibkara, daha yüksək məhsul istehsal edən sahibkara çevrilməlidirlər. Onlar nəinki istehsal etdikləri məhsulları ölkə daxilində, həmçinin xarici bazarlarda satmalıdırlar. Ona görə də sahibkarlığın inkişafı çox vacibdir. Bu istiqamətdə həyata keçirilən qətiyyətli tədbirlər mütəmadi olaraq davam etdirilməlidir”.
İqtisadçı- ekspert Vüqar Bayramov bildirdi ki, bu gün ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi qeyd olunmaqdadır: “Azad sahibkarlığın inkişafı ölkəmizdə prioritetdir. Ölkə başçısının da qeyd etdiyi kimi iqtisadi inkişafın sahibkarlığın üzərində qurulması ilə bağlı fəaliyyətin davam etdirilməsi, həm də neftdən asılılığı aradan qaldırmaq üçün vacibdir. Neftdən asılılığın aradan qaldırılmasında azad sahibkarlığın inkişafı olduqca vacibdir. Azad sahibkarlığın inkişafı həm də Azərbaycan üçün yeni imkanlar deməkdir. Azərbaycan iqtisadiyyatının diversifikasiyası, onun genişləndirilməsi baxımından olduqca vacibdir. Azad sahibkarlığın inkişafına postneft dövründə fərqli bir yanaşma var. Bu kontekstdən azad sahibkarlığın inkişafının qiymətləndirilməsi və dəstəklənməsinə ehtiyac var. 2015-ci ildən bu istiqamətdə görülən işlərə nəzər salsaq, həm lisenziyalaşdırma sistemin təkmilləşdirilməsi, həm sahibkarlar üçün yoxlamaların keçirilməsinin aradan qaldırılması, həm gömrük sisteminin liberallaşdırılması və digər tədbirlər göstərir ki, sahibkarlar dövlət tərəfindən daha çox güzəşt və imkanlardan faydalanmış olurlar. Bu nəticə etibarilə sahibkarların imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Problemlərə gəldikdə isə bu, daha çox regionlarda sahibkarların fəaliyyətinə müdaxilələr formasında özünü göstərir və bunun aradan qaldırılması olduqca vacibdir. İnanırıq ki, həm struktur, sosial inzibati islahatların aparılması davam etdiriləcək. Ölkə başçısının regionların inkişafı ilə bağlı tapşırıqlarından biri də ondan ibarətdir ki, hər regionun fəaliyyəti onun cəlb etdiyi investisiyanın həcminə uyğun olaraq müəyyənləşdiriləcək. Bu baxımdan düşünürəm ki, bu, sahibkarlığın inkişafına mane olan baryerlərin aradan qaldırılması üçün vacibdir. Artıq Azərbaycan postneft ölkəsi kimi öz imkanlarının, infrastrukturunun formalaşması nəticəsində əldə edilən potensialın, sahibkarlığın inkişafına transfer edilməsi istiqamətində fəaliyyətini genişləndirməkdədir.

Qadın sahibkarların çəkisi 2017-ci ildə 21 faizi keçib

Sahibkarlığın, xüsusilə qadın sahibkarlığın inkişafı da ölkədə yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Hər hansı ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən qadın sahibkarlığının böyük əhəmiyyəti var. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi prioritet məqsədlərdən biridir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Buna görə də qadınların sahibkarlıq fəaliyyəti mühüm rol oynayır. Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib". 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.
Bu gün ölkədə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi günün tələbidir.
Ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan münbit şərait bunun üçün əlverişli şərait yaradır.

Nigar Abdullayeva

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info