“Ermənistan ordusu dinc azərbaycanlı əhalini mütəmadi olaraq atəşə tutur”
Tarix: 06.07.2017 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Hamı bilir ki, ərazinin işğal edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və sonra baş verən bütün cinayətlərin səbəbi də budur”
Minsk şəhərində ATƏT Parlament Assambleyasının növbəti sessiyası işə başlayıb. “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən sessiyada Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edərək Ermənistan ordusunun növbəti təxribatından və Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsindən danışıb. Azərbaycan parlament sədrinin müavini deyib: “Həm beynəlxalq katibliyin, həm də bütövlükdə Parlament Assambleyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı səylərinə, ATƏT-in digər qurumları ilə daha səmərəli əməkdaşlıq qurmaq cəhdlərinə görə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz cənab Viqeninə və baş katib Roberto Montellaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin sessiyamıza ATƏT-in Minsk qrupunun həmsədrlərini dəvət etmək cəhdlərini vurğulamaq istəyirəm. Xatırladım ki, 2011-ci ildə Xorvatiyada sessiyada həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fəaliyyətləri barədə onların hesabatlarını dinlədik. Müzakirələr aparıldı, deputatların onların işinə münasibət bildirmək, sual vermək imkanı oldu. Biz ümid edirik ki, bu təcrübədən gələcəkdə də istifadə olunacaq. Çünki deputatların məlumatlandırılması bu baxımdan faydalı ola bilər ki, biz də öz tərəfimizdən müəyyən töhfə verə, həmsədrlərin üzləşdikləri bu və ya digər məsələnin həllinə kömək edə bilərik. Mən ürəkdən inanıram ki, bütün təsisatlar arasında belə əməkdaşlıq və qarşılıqlı fəaliyyət bizim ümumi işimizə sanballı töhfə verə bilər. Biz dinc vətəndaşların, oğullarımızın, qadınlarımızın və uşaqlarımızın həyatına son qoyan reallığı hər gün hiss edirik. Ölkəmin parlamentində təmsil etdiyim Füzuli rayonunun dinc kəndi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən yenə də minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Bu atəş nəticəsində bir ailənin iki üzvü – qadın və onun iki yaşlı nəvəsi öz həyətlərində həlak olublar, yaralılar var. Təmas xətti boyunca sıx yaşayan dinc vətəndaşlara, o cümlədən qadınlara, qocalara və uşaqlara Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar təəssüf ki, sistemli xarakter daşıyır. Konkret olaraq iyulun 4-də tökülən qana görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Əlavə informasiya, o cümlədən şəkillər, Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin rəsmi bəyanatları ilə müvafiq saytlarda tanış ola bilərsiniz. Yəqin ki, katibliyimiz də bu materialları sizə paylayacaq. Bu gün, ATƏT regionunda sülh və tərəqqi naminə qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə etdiyimiz bir vaxtda mənim ölkəmdə, mənim torpağımda mənim həmvətənlərimin – qadınların və uşaqların qanının axıdıldığını görmək dəhşətlidir. Həlak olanları şəxsən tanımağım bu ağrını daha da şiddətləndirir. Xatırladım ki, mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Təmas xəttində yaşayan seçicilərim daim təhlükə altındadırlar. O kəndlərdə ancaq dinc əhali yaşayır. Düşmən tərəfində isə Ermənistandan olan çağırışçılardan təşkil edilmiş silahlı qüvvələr yerləşir. Odur ki, biz deputatlar qan tökülməsinə son qoymaq və regionda həqiqətən sülhə və tərəqqiyə nail olmaq üçün sülh dialoquna yollar tapmalı və bu işə öz töhfəmizi verməliyik. Mən sizi bu cinayəti təkidlə pisləməyə çağırıram. Bu məsələdə Parlament Assambleyası xüsusi rol oynamalıdır”. Sessiyada Ermənistanın bu qurumda nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan çıxış edərək avropalı deputatların diqqətini ölkəsinin işğalçı hərbi qüvvələri tərəfindən törədilən növbəti qanlı cinayətdən yayındırmağa, erməni xislətinə xas olan hiyləgərliklə yalanlar uydurmağa çalışıb. Naqdalyanın çıxışından sonra yenidən söz alan Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova erməni deputata cavab verərək aşağıdakı fikirləri söyləyib: “Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda, eləcə də bütün dünyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa daha yaxın mövqelər yaranmağa başladı. Bir sıra fikirlər sırasında Assambleyada yeni həmkarımız, eyni zamanda, o vaxt öz ölkəsinin parlamentinin sədr müavini xanım Ermine Naqdalyanın status-kvonun davam etdirilməsinin qeyri-mümkünlüyü və yolverilməzliyi barədə dediyi sözlər Ermənistanda əməlli-başlı səs-küyə səbəb oldu. O vaxt E.Naqdalyanın söylədiyi sözləri sitat gətirirəm: “Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərə iddia etmir. Biz sahib olmadığımız torpaqlarınızı qaytaracağıq. Bu torpaqları istəmirik. Bu, bizim üçün yalnız bufer zonadır”. Naqdalyanın Ermənistan Milli Dirçəliş Partiyası üzrə həmkarları həmin vaxt onun bəyanatını pisləmiş, fikirlərini “arxadan vurulan zərbə” adlandırmışdılar. Həmkarımız o böhranlı dövrdə həqiqəti demişdi. Hətta öz partiyası tərəfindən hücumlara məruz qalmasına baxmayaraq, cəsarətlə reallıqlar, Ermənistanın işğalçılıq mövqeyi barədə fikirlərini söyləmişdi. Fürsətdən istifadə edərək, gec də olsa buna görə ona təşəkkür etmək istəyirəm. Bəs nə üçün bu gün - bir il keçəndən sonra tamamilə başqa yanaşma müşahidə olunur. Bunu başa düşmək olmur. Mənə belə gəlir ki, siz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından danışanda indikindən daha səmimi idiniz. Burada hamı bilir ki, ərazinin işğal edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və sonra baş verən bütün cinayətlərin səbəbi də budur. Beləliklə, sizin qeyd etdiyiniz bütün halların tam və ətraflı araşdırılması, kimliyindən asılı olmayaraq günahkarların məsuliyyətə cəlb olunması üçün ilk növbədə işğalı dayandırmaq lazımdır. ATƏT PA-nın tribunası cəsarətli bəyanatlar və çağırışlar üçün daha münasib yerdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info