“Gənclərimiz Almaniyada Azərbaycanımızı təbliğ etmək üçün əllərindən gələni edirlər”
Tarix: 08.07.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Yavər Məmmədova:
“Mənim ətrafımdakı bütün əcnəbilər Azərbaycan haqqında məlumatlıdırlar”

Azərbaycanda orta və ali məktəblərdə ictimai fəal olan gənclərimiz xaricdə təhsil alarkən də bu fəaliyyətlərini davam etdirirlər. Bu cür potensiallı gənclər əcnəbilərə nümunədirlər. Elə müsahibimiz Yavər Məmmədova da Almaniyada öz təhsili, eyni zamanda ictimai aktivliyi ilə Azərbaycanı layiqli şəkildə təmsil edir. Qeyd edək ki, Yavər Məmmədova 2015-ci ilin oktyabr ayından Almaniyanın Würzburg şəhərinin Julius-Maximillians adına Universitetində Avropa Hüququ ixtisası üzrə magistr təhsili alır. O, 2013-cü il 7 iyun tarixində Yeni Azərbaycan Partiyasının V Qurultayında çıxış edərək gənclər adından Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. İlk Avropa Oyunlarının Könüllüsü olan Yavər Məmmədova 2015-ci ildə ilk gənc olaraq “Beynəlxalq Dünya İnsanı” mükafatına layiq görülüb. Ümumilikdə 15-ə yaxın beynəlxalq təlim və seminarlarda iştirak edib, sertifikatlar qazanıb.
-Yaşınızın az olmasına baxmayaraq, zəngin ictimai fəaliyyətiniz var. Bu haqda oxucularımızı məlumatlandırmanızı istərdik.
-Öncə qeyd edim ki, mən 1993-cü il 16 avqustda Bakı şəhərində anadan olmuşam. 4 yaşımda ikən indiki Tibb işçiləri evində “Erudit” adlanan kursa getmişəm. Orada musiqi, rəsm və ingilis dili ilə məşğul olurdum. Həmçinin Zabitlər Evində 2001-ci ilədək baletə getmişəm. 1999-cu ildə N.Tusi adına Gimnaziyada 1-ci sinfə getmişəm. Lakin sonradan musiqiyə həvəsim olduğu üçün 2-ci sinifdən Gimnaziyadan çıxıb Səbail rayonu Məmməd Rahim adına 7 saylı Pilot məktəbində təhsilimi davam etdirdim. Həmçinin də Qara Qarayev adına 8 saylı musiqi məktəbində piano üzrə təhsil almağa başladım. Beləliklə, 2000-2008-ci illərdə 7 illik Musiqi məktəbini bitirdim.
Məktəbdə oxuyarkən də ictimai fəaliyyət göstərmişəm. 2006-cı ildə Məktəb Şagird Parlamentində Mətbuat Komitəsinin sədr müavini, daha sonra Mətbuat Komitəsinin sədri və bir müddət sonra Parlamentin sədr müavini seçildim. 2008-2010-cu illərdə isə Məktəb Şagird Parlamentinin sədri kimi fəaliyyət göstərmişəm. Məktəbdə oxuyarkən müxtəlif fənn olimpiadalarında iştirak etmişəm.
2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul oldum. Fakültədə də ictimai fəaliyyətimi davam etdirdim. 2011-2013-cü illərdə Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatında Debat Klubun sədri, BDU-nun Debat Klubunun Fakültə üzrə Koordinatoru, Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA- European Law Student Association) Seminar və Konfransların təşkili üzrə vitse-prezidenti vəzifəsində çalışmışam. 2013-cü ildə Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatının sədri seçilib,
2015-ci ilədək fəaliyyət göstərmişəm. Beləliklə, fakültə tarixində ilk Qadın Həmkarlar sədri olmuşam.
Köln, Almaniyada 2013-cü ilin aprelində Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) 63-cü Beynəlxalq Şura iclasında nümayəndə kimi iştirak etmişəm.
2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət və Hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistraturaya qəbul oldum. Təhsilim müddətində 4-cü kursda oxuyarkən, 2-ci dəfə isə magistraturanın 1-ci kursunda (hansı ki, magistr olaraq bu mükafata layiq görülən ilk tələbə olmuşam) İlin Tələbəsi Mükafatına layiq görülmüşəm.
- Hazırda magistr işinizin mövzusu nədir?
-Hal-hazırda magistr təhsilimin sonuna yaxınlaşıram və magistr işimi yazıram. Elmi rəhbərim universitetimizin prorektoru, fakültəmizin dekanı Prof. Dr. Eckart Pachedir. Belə bir insanın mənə elmi rəhbərlik etməsi, əlbəttə ki, mənim üçün böyük bir uğurdur. Mövzum “Avropa vətəndaşlarının 3-cü dövlətlərdə Diplomatik və Konsulluq müdafiəsi”dir. Mövzunu seçərkən professorum bu mövzu haqqında hələ heç kəsin magistr işi yazmadığını, çətin və maraqlı mövzu seçdiyimi bildirmişdi. Ümid edirəm ki, bunun da öhdəsindən uğurla gələcəm.
-Gənclərin xaricdə təhsil alması ölkə başçısının "biz neft kapitalını insan kapitalına çevririk" fikrinin nə dərəcədə təzahürüdür?
- Təbii ki, “Neft kapitalını insan kapitalına çevirmək” ideyası çox uzaqgörən siyasətin nəticəsidir. Bir dövlət üçün insan kapitalı çox vacibdir. Amma bu insan kapitalının savadlı və dünyagörüşlü olması, fikrimcə, daha mühüm və əhəmiyyətlidir. Təbii ki, bunları vətənimiz Azərbaycanda da əldə etmək olur. Amma xaricdə təhsil alan gənclərimiz savad və dünyagörüşü ilə yanaşı, həm də digər gənclərdən fərqli olaraq öncə mükəmməl dil bilikləri və təbii ki, düşüncə tərzi ilə fərqlənir. Bu gənclər olduğu ölkənin mühitinə alışır və Vətənə qayıdarkən də bu mühiti Vətəndə yaratmaq istəyirlər. Nəzərə alsaq ki, gənclərimizin əksəriyyəti qabaqcıl ölkələrdə təhsil alırlar. Bu özü də Azərbaycanımızın inkişafına çox böyük təsir edir. Daha bir məqam isə kadrlarla bağlıdır. Elə sahələr var ki, onlar hələ Azərbaycanda ya heç yoxdur, ya da inkişaf etməyib. İş bazarında isə həmin kadrlara ehtiyac var. Dövlət məcburən xaricdən mütəxəssis dəvət edir. Bu isə baha başa gəlir. Niyə də bu mütəxəssislər elə bizim özümüzdən olmasın?! Gənclərimiz həmin sahələri xaricdə öyrənərək gələcəkdə Azərbaycanda da bu sahənin yaranmasına və inkişafına zəmin yaradır və mütəxəssislər yetişir. Çox istərdim ki, Xaricdə təhsillə bağlı Dövlət Proqramı bərpa olunsun və bu proqram bütün sahələri əhatə etsin. Bu proqram yuxarıda sadaladıqlarıma bir dəstəkdir.
-Azərbaycan gəncliyi Avropada hansı keyfiyyətilə seçilir?
-Azərbaycan gəncliyi, ilk öncə öz savadı, vətənpərvərliyi, mülayimliyi, tolerantlığı, hər kəslə yaxşı yola getməsi ilə seçilir. Şəxsən mənim ətrafımdakı bütün əcnəbilər Azərbaycan haqqında məlumatlıdırlar. Hətta Azərbaycan dilini öyrənməyə də cəhd edirlər. Onlar azərbaycanlıları dostcanlı, qonaqpərvər, dünyagörüşlü, mehriban biri kimi görürlər.
-Gənclərimiz Almaniyada təbliğat işində lazımi həmrəylik göstərirlərmi?
- Təbliğat işləri, əsasən, daha çox böyük şəhərlərdə aparılır. O şəhərlərdə azərbaycanlılar çoxdur. Amma gənclərimiz Almaniyanın istənilən şəhərində Azərbaycanımızı təbliğ etmək üçün əllərindən gələni edirlər. İstər təşkilatlanmış şəkildə, istərsə də ayrı-ayrı.
-Adətən, Avropada demokratiyadan danışanda insan haqlarını önə çəkirlər. Gələcəyin hüquqşünası olaraq necə düşünürsüz, Avropa, həqiqətən, insan haqlarını müdafiə edirmi?
- Avropa üçün ən birinci öz mənafeləri, öz vətəndaşlarıdır. Bu zaman, lazım gəlsə, digər vətəndaşların hüquqlarını pozmağa belə hazırdır. Avropa ən əsas insan hüquqlarından biri olan ayrı-seçkiliyin qadağasına əməl etmir. Burada yaşadığım müddətdə dəfələrlə dini, irqi, milli ayrı-seçkiliyi görmüşəm və şəxsən yaşamışam. Amma etiraf etməliyik ki, öz dövlətləri daxilində və vətəndaşları çərçivəsində, bu baxımdan heç bir problem yoxdur və hətta deyə bilərik ki, ola da bilməz. Bunun isə əsas səbəbini avropalıların hüquq düşüncəsinin yüksək olmasında görürəm. Onlar təkcə hüquqlarını deyil, həmçinin vəzifələrini də çox gözəl bilirlər və həddən artıq dürüstdürlər.
-Almaniyada hansı diaspor üzvləri ilə əməkdaşlıq edirsiz?
- Etiraf etməliyəm ki, dərslərlə bağlı o qədər də vaxtım olmur. Məhz bu səbəbdən individual olaraq özüm Azərbaycanımızın təbliğatı ilə məşğul oluram. Amma Bonn şəhərində Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva ilə əlaqəm var və onun tədbirində iştirak etmişəm.
- Ümumiyyətlə, təhsilinizlə yanaşı, nə kimi ictimai fəallıq göstərirsiz?
-Almaniyada yaşadığım müddətdə tək olsam da, Xocalı ilə bağlı əlimdə bayrağımız və “Xocalıya ədalət” şüarı ilə gəzmiş, Almaniya Parlamenti “erməni soyqırımı”nı tanıyarkən türk qardaşlarımızla buna etiraz etmiş, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoları iştirakçılara paylamış, “Soyqırımı görmək istəyirsənsə, Xocalıya bax!” şüarının deyilməsinə nail olmuşam. Bundan başqa, dəfələrlə milli mətbəximizin nemətlərini bişirərək əcnəbi dostlarımı dəvət edib Azərbaycan gecələri təşkil etmişəm.
Şəhərimizdə keçirilən moda həftəsində şəhərdə milli paltarımızı geyinərək mədəniyyətimizi təbliğ etmiş, maraqlanan hər kəsə məlumat vermişəm.
2017-ci ilin mart ayında Alman- Azərbaycan Dostluq Cəmiyyətinin almanlar üçün təşkil etdiyi Azərbaycan haqqında tədbirə dəvət almış, Novruz bayramı, adət-ənənələrimiz haqqında almanca çıxış etmişəm. Mənimlə gələn alman dostumun azərbaycanca təşəkkür etmək istəyini nəzərə alaraq, onun azərbaycanca danışmasına köməklik etmişəm. Beləliklə, o tələbə bütün almanların qarşısında Azərbaycan haqqında yeni biliklər əldə etdiyi üçün öz təşəkkürünü ilk əvvəl azərbaycanca, sonra isə almanca bildirmiş və Azərbaycan dilini öyrənmək istədiyini demişdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info