BİTKol-da birgə fəaliyyət haqqında müqavilə imzalanıb
Tarix: 10.07.2017 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Bu gün Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə “BİTKol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu məqsədlə keçirilən tədbirdə bəzi orta ixtisas təhsil müəssisələrinin direktorları, təhsil nazirliyinin nümayəndəsi və kollecin kollektivi iştirak edib.
Tərəflər arasında müqavilə imzalanmazdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra BİTKol-un direktoru Varis Allahverdiyev rəhbərlik etdiyi təhsil müəssisəsindəki vəziyyət, görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş çıxış edib. Qeyd edib ki, ümumilikdə 22 ixtisas üzrə kadr hazırlanan kollecdə 14 ixtisas üzrə qəbul aparılır. Rus və Azərbaycan dilində tədris həyata keçirilən kollecdə əyani şöbədə 1649, qiyabi şöbədə 207 tələbə təhsil alır. V.Allahverdiyev deyib ki, ümumilikdə bu tələbələrdən 835 nəfər dövlət hesabına, digərləri ödənişli əsaslarla təhsil alır. Təhsil müəssisəsində tədris proqramları üzrə həyata keçirilən siyasət Təhsil Nazirliyinin birbaşa verdiyi təlimat və əmrlərə söykənir. Yəni, dövlət hesabına maliyyələşən kollec olaraq, bütün fəaliyyətimiz dövlətin tələbləri çərçivəsindədir. 2016-2017-ci ilin tədris ilinin əvvəlindən kollecdə başlayan ciddi struktur islahatlar nəticəsində tədris ilinin sonuna doğru hazırkı səviyyəyə gəlib çıxa bilmişik. Təbii ki, keyfiyyətli təhsil verməklə yanaşı, kollecin maddi-texniki bazasını gücləndirməyi, əməkdaşların sosial şəraitini daha da yaxşılaşdırmağı da qarşımıza məqsəd qoymuşuq”.
Direktor bildirib ki, mövcud qanunvericilik çərçivəsində, Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarından çıxış edərək, birgə fəaliyyət formatı seçilib: “Düzdür, bu formatın seçilməsi heç də asan başa gəlməyib. Kollec daxilində keçirilən pedaqoji iclaslarda bu barədə fikir bildirilib, müzakirələr gedib. Paralel olaraq, Təhsil Nazirliyinin müxtəlif strukturları ilə danışıqlar aparılıb. Nəticə olaraq birgə fəaliyyət, bu çərçivədə müştərək müəssisəsinin yaradılması istiqamətində işlərə start verilib. İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq, tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, tələbələrimizə təcrübəni də bu müddət ərzində, yerindəcə öyrətməyi, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı da emalatxanamız var. Bu il kollecə verilən “Poliqrafiya istehsalının texnologiyası” sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisan olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür mükəmməl baza yaratmaqdır. Yəni, tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir”.
“BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev göstərilən etimada görə Təhsil Nazirliyinə, kollecin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, birgə müəssisənin müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görüləcək. O, əminliklə söyləyib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların iş yerləri ilə təmin olunmasına, ən nəhayət vətəndaşların bir qisminin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək.
Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov belə bir tədbirin keçirilməsini müsbət hadisə kimi dəyərləndirib. O, mümkün normativ hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılması ilə bağlı mühüm işlər getdiyini diqqətə çatdırıb. Nazirlik rəsmisinin sözlərinə görə, bu işlərin miqyası çox geniş olduğundan, gələcəkdə təkcə birgə fəaliyyətin deyil, orta ixtisas məktəbləri ilə sənaye müəssisələrinin birgə müəssisəsinin yaradılmasının da şahidi olacağıq: “Hər hansı təhsil müəssisəsinə müəyyən sərbəstliyin verilməsi onun məsuliyyətini daha da artırır. Bizim bu günkü fəaliyyətimiz dünənki kimi ola bilməz. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqından ibarət olmadığı kimi, orta ixtisas təhsil müəssisələri də maliyyə mənbələrini dayanıqlı etmək istiqamətində fəaliyyət ortaya qoymalıdırlar. Bu mənada, artıq kolleclərin dünənki missiyası başa çatıb. Orta ixtisas təhsil müəssisələri yeni imkanlar, maliyyə mənbələri axtarmalı, bundan qaynaqlanaraq öz maliyyə durumunu yaxşılaşdırmalıdırlar. Hazırda imzalanma mərasiminə toplaşdığımız birgə fəaliyyət haqqında müqavilə də bu kontekstdə atılan uğurlu addımdır. Birgə fəaliyyətin yaradılması kollecdə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, istehsalatla, əmək bazarı ilə əlaqə yaradır, sənayeni kollecə gətirir. Burada təhsil alan tələbə gələcəkdə hardasa işləmək üçün iş yeri axtarmayacaq, burdan birbaşa işə götürüləcək. Bununla da kollec öz tələbəsini peşəkar kadr kimi hazırlamaqla yanaşı, onu işlə də təmin etmiş olacaq. Burada kollecin maraqlarından biri də dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Təhsil Nazirliyi tərəfindən Bakı İdarəetmə və Texnologiya Kollecində belə imkanların yaradılması təqdir olunur, dəstəklənir. Düşünürəm ki, belə layihələr davamlı olacaq”.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucov da çıxış edərək öz fikirlərini bildiriblər.
Çıxışların ardınca BİTKol-un direktoru Varis Allahverdiyev və “BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev tərəfindən birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.
Mərasim yekunlaşandan sonra qonaqlar kollecdəki şəraitlə, həmçinin birgə fəaliyyət üçün yaradılan poliqrafiya bazası ilə yaxından tanış olublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info