“Əsas amalımız soydaşlarımız arasında birliyin olmasıdır”
Tarix: 10.07.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Qazaxıstanın mərkəzi ilə yanaşı, ətraf şəhərlərində də azərbaycanlılar yaşayır və aktiv diaspor fəaliyyəti göstərirlər. Bu baxımdan, paytaxt Astanadan 300 kilometr aralıda yerləşən Ekibastus şəhərindəki soydaşlarımızın da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Nəzərə çatdıraq ki, Ekibastus Qazaxıstanın Pavlodar vilayətinin qərbində yerləşən vilayət tabeli şəhərdir. Ekibastus 1957-ci ildə şəhər statusu alıb. Pavlodar şəhərindən cənub-qərbə 132 kilometr məsafədə yerləşir. Ekibastusdakı kömür hövzələrinin böyük əhəmiyyəti vardır. Qazaxıstanda kömürlə işləyən onlarla elektrik stansiyalarından ən böyüyü Ekibastusda yerləşir.Qazaxıstanda olarkən Ekibastus şəhərinin 60 illiyi ilə bağlı Şəhər Günü keçirilirdi. Qazaxıstanda yaşayan vətənpərvər və təəssübkeş soydaşımız İldırım Musayevin təşəbbüsü ilə bu tədbirdə iştirak etmək üçün Ekibastusa getdik. Məqsədimiz, həmçinin bu şəhərdəki diaspor üzvləri ilə yaxından tanış olmaq idi. Ekibastusda bayram tədbirini milli şəkildə qeyd edirdilər. Dövlət səviyyəsində bu yubiley tədbirinə xüsusi hazırlıqlar görülmüşdü. Açıq səma altında 60-dan çox Yurta (çadır) qurulmuşdu. Bayram mərasimində qazaxların ən müxtəlif şəkildə milli mədəniyyəti təqdim olunurdu. Demək olar ki, uşaqlı-böyüklü bütün Ekibastus əhalisi bu tədbirdə iştirak edirdi. Tədbirə yerli rəsmilər və ictimaiyyətlə yanaşı, Azərbaycan diasporunun nümayəndələri də qatılmışdılar.Bayram mərasiminin açılışını Pavlodar vilayətinin icra başçısı Bulat Bakauov etdi. Daha sonra digər rəsmilər çıxış etdilər. Ardınca qazax milli rəqsləri, mahnıları ifa olundu. Eyni zamanda qazax milli geyimlərində müxtəlif adət-ənənələr, səhnəciklər nümayiş olundu. Bununla bərabər, əhali bayram çərçivəsində keçirilən at yarışları, eləcə də gənclərin at üzərində oynadığı kökpar oyununa da tamaşa edirdilər. Qeyd etdiyimiz kimi, şəhərin 60 illiyi ilə bağlı silsilə tədbirlər keçirilirdi. Yubiley tədbirləri çərçivəsində şəhərin mərkəzindəki futbol stadionunda eyni vaxtda 3 min insan xorla mahnı oxuyacaqdı. Bu mahnının “Ginnesin Rekordlar Kitabı”na düşəcəyi gözlənilirdi.
“Biz heç zaman ayrı-seçkiliyə yol vermirik”
Ekibastus şəhərində təxminən 1500-ə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız tibb, təhsil, tikinti, biznes, hüquq-mühafizə orqanları sistemi və s. sahələrdə çalışırlar. Eyni zamanda vilayət parlamentində bir soydaşımız təmsil olunur. Bütün bunlarla yanaşı, azərbaycanlılar aktiv diaspor fəaliyyəti də göstərirlər. Burada soydaşlarımız diaspor olaraq Azərbaycan Cəmiyyətinin ətrafında toplaşıblar. 2002-ci ildə yaradılan Azərbaycan Cəmiyyətinə 2004-cü ildən Mirəli Bünyatov sədrlik edir. Qeyd edək ki, Mirəli Bünyatov 1964-cü ildə Masallı rayonunun Təzəkənd kəndində anadan olub. 1983-84-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1985-ci ildən həyatını Ekibastus şəhərinə bağlayıb. Elə ali təhsilini də Qazaxıstanın Pavlodar Dövlət Universitetində Mühəndis ixtisası üzrə alıb. Dünya Azərbaycanlılarının II Qurultayında iştirak edib. Mirəli Bünyatovla söhbətimizdə dedi ki, əsas amalları soydaşlarımız arasında birliyin olmasıdır: “Birlik olmayanda diaspor kimi formalaşmaq da mümkün deyil. Biz heç zaman ayrı-seçkiliyə yol vermirik. Hamıya eyni gözlə baxırıq. Biz burada millətimizi mədəniyyətimiz, milli mətbəximizlə təmsil edirik. Biz öz tədbirlərimizdə çalışırıq ki, yerli və digər əcnəbi xalqların nümayəndələri iştirak etsinlər. Onlara özəl yeməklərimizi təqdim edirik. Ümumiyyətlə, yerli xalqla aramızda heç bir narazılıq, inciklik yoxdur. Burada alman, polyak, tatar və s. xalqların diasporu fəaliyyət göstərir. Onlarda mərkəzləşmiş idarəetmə var. İstərdik ki, bizim də diaspor mərkəzləşmiş şəkildə idarə olunsun”. Mirəli Bünyatov keçirdikləri tədbirlər haqqında da danışdı: “Biz 20 Yanvar, Xocalı soyqırımı günlərini qeyd edirik. Şəhidlərin ruhuna ehsan veririk. Bununla yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz, Qurban bayramlarını keçiririk. Ayrıca şəhərin bütün bayram tədbirlərində iştirak edirik. Ekibastusda “Dostluq evi” var. Burada bütün xalqların diaspor üzvləri tədbir keçirirlər. Biz də bir çox tədbirlərimizi burada keçiririk”.
Azərbaycanlıların Ekibastusda mövqelərinin yüksək səviyyədə olduğunu deyən Mirəli Bünyatovözlərindən sonra diaspor davamçılarını yetişdirdiklərini də vurğuladı: “Həyat davam edir. Davamçılarımızınolmaması mümkün deyil. Diaspor olaraq davamçıları yetişdirmək milli borcumuzdur. Bizim millətimizi yeni nəsil gənclər təmsil etməlidir və edirlər də. Gündən-günə ali təhsil alan gənclərimizin sayı artır”. Onun sözlərinə görə, əsas arzuları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır: “Bizim hamımızın arzusu Azərbaycanımızın bütövlüyü, möhkəmlənməsi, tanınmasıdır. Qərib ölkədə Qarabağ dərdi çəkmək daha ağırdır. Hər zaman Qarabağla bağlı söz düşəndə, həqiqətən, sanki qəlbimizdəki yaraya toxunulur. Ümid edirik ki, Ali Baş Komandanımızın səyi nəticəsində tez bir zamanda Qarabağımız erməni işğalından azad olunacaq”.

Aliman Həsənov: “Ekibastusda keçirilən bütün tədbirlərdə azərbaycanlılar aktiv iştirak edirlər”
Bildirdiyimiz kimi, Ekibastusda aktiv diaspor üzvləri Azərbaycan Cəmiyyətində bir araya gəliblər. Onlardan Aliman Həsənov, Ramiz Hüseynov, Vüsal Bünyatov, Sabir Quliyev, Asif Aslanov, Zakir Məmmədov, Akif Həsənov, Nazim Əliyev, Şahlar Amalıyev, Nazim Əliyev, Osman İsimoğlu, Gündüz Məmmədov, Müşfiq Məmmədov, Tofiq Yavəroğlunun adını çəkmək olar.Ekibastusda olarkən bu insanlardan Aliman Həsənovla da həmsöhbət ola bildik. Qeyd edək ki, Aliman Həsənov 1969-cu ildə Lerik rayonunun Çayrud kəndində dünyaya gəlib. 21 ildir ki, Qazaxıstanda yaşayır. Əsasən, biznes sahəsində çalışan Aliman Həsənov Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvüdür. O dedi ki, Cəmiyyət olaraq Ekibastusa yeni gələn soydaşlarımızın problemlərini də həll edirik: “Burada, əsasən, soydaşlarımın qeydiyyat problemi olur. Və ya hər hansı rəsmi qurumlardan sənəd alınması ilə bağlı çətinlikləri olur. Biz, bu baxımdan, soydaşlarımıza əlimizdən gələn köməkliyi göstərir, qarşılaşdıqları problemi aradan qaldırırıq”.Aliman Həsənov bildirdi ki, Ekibastusda keçirilən bütün tədbirlərdə azərbaycanlılar aktiv iştirak edirlər: “Burada milli mədəniyyətlə bağlı konsert və müsabiqələr olur. Hər zaman bizim xalqımızın nümayəndələri birinci yerləri tuturlar. Biz neçə il qabaq 60 xalqın iştirakı ilə konsert keçirildi. Biz bu konsertdə ansambl şəklində canlı musiqilərlə çıxış etdik və birinci yerə sahib olduq. Eyni zamanda dövlət səviyyəsində mükafata da layiq görüldük”.Aliman Həsənov söhbətində əlamətdar günlərdə uşaq evlərinə yardımlar etdiklərini də vurğuladı.

Fuad Hüseynzadə
(Bakı- Ekibastus-Bakı)




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info