“Azərbaycanın gələcəyi gəncliyin bilik və bacarığından asılı olacaq”
Tarix: 29.04.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Səbinə Abbasova: “Mən bəzi gəncləri Azərbaycanın uğurunu gözü götürməyən və öz çirkin niyyətlərinə çatmaq istəyən qara qüvvələrə uymamağa çağırıram”

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi 30 aprel 2010-cu il tarixində qeydiyyatdan keçib. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz nizamnamə əsasında həyata keçirir. Təşkilatın əsas fəaliyyət istiqamətləri: gənclərin hüquqi biliklərinin artırılması, elm, təhsil, mədəniyyət sahəsində maarifləndirilməsi, gənclərdə zərərli vərdişlərin aradan qaldırılması, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinə kömək etməkdir. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova qəzetimizə müsahibəsində bu işləri necə həyata keçirmələri haqda danışdı.

-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir.
Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımi səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir. Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə strukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
-Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Hələ 2005-ci ildə Prezidentimiz tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi” Dövlət Proqramı gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaradıb. Bu proqramda nəzərdə tutulan ən mühüm məsələlərdən biri, heç şübhəsiz, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması idi. Çünki bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan artıq vətəndaşı qaçqın düşən xalqın gəncliyinin vətənpərvərlik tərbiyəsi ən mühüm məqamdır. Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb. Biz gənclər bunu çox yüksək dəyərləndiririk. Bu qayğı və diqqət bizi fəaliyyətimizdə daha məsuliyyətli olmağa və daha əzmlə çalışmağa sövq edir.
Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən, bu gün icrasına başlanılmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Bu proqram deyərdim ki, Azərbaycan gəncliyinin bu gün qarşılaşdığı və gələcəkdə qarşılaşa biləcəyi əksər problemlərin dövlət səviyyəsində həllinə yönəlib. İnanıram ki, bu proqramın həyata keçirilməsi nəticəsində gənclərimizin sosial təminatı daha da güclənəcək, gənclərin mənzillə təminatı yaxşılaşacaq, onların işlə təmin olunması ilə bağlı problemlər öz həllini tapacaq. Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.
-Region gənclərinin ictimai-siyasi fəallığı necədir?
- Bu gün həm paytaxtda, həm də region larımızda gənclərin öz bilik və bacarıqlarını ortaya qoyması üçün münbit şərait yaradılıb. Sadəcə bu imkanlardan lazımınca faydalanmaq gərəkdir. Regionlarımızda fəaliyyət göstərən bir çox təşkilat və müəssisələr var ki, onların aparıcı üzvləri bu gün gənclərdir. Demək olar ki, əksər rayonlarımızda QHT-lər fəaliyyət göstərir. Onların hər birinin ətrafında yüzlərlə gənc toplanıb. Onlar həm regionlarda keçirilən davamlı layihələrdəki fəallığı, həm də sosial şəbəkələrdəki aktivlikləri ilə seçilir. Bundan əlavə, bu gün hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bütün rayonlarımız üzrə təmsilçiləri var ki, onlar da gənclərin siyasi aktivliyinin təmin olunmasında böyük işlər görürlər. Hər bir rayon təşkilatında olan üzvlərin ən azından 30-35 faizini məhz gənclər təşkil edir.
-Müxtəlif antimilli qrupların təsiri altına düşmüş gənclərə bu yoldan qayıtması üçün nə deyərdiniz?
- Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb. Lakin bu üstünlükdən yararlanmayan və nəticədə müxtəlif qrupların təzyiqi altına düşən bir sıra gənclər də var. Onlar sadəcə kimlərinsə məqsədlərinə çatması üçün bir alətə çevriliblər. Reallığı görən və qiymətləndirən xarici qüvvələr Azərbaycan gəncliyini parçalamaqla, sadəcə, əsas problemdən uzaqlaşdırmağa çalışırlar. Prezident İlham Əliyev israrla qeyd edir ki, milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsini həll etməliyik. Bu problem gənclərin milli birlik ətrafında birləşməsi ilə həll oluna bilər. Lakin bu münaqişənin bir sıra insanlara sərfəli olmadığını bilirik. Buna görə də həmin insanlar gəncləri bu sahədə parçalayaraq onları problemdən yayındırmağa çalışırlar. Mən belə düşünürəm ki, həmin gənclər Azərbaycan gəncliyinin mövqeyini əks etdirmir. Azərbaycan gəncinin mövqeyini Vətənini sevən, ölkəsinə sədaqətlə qulluq edən, dövlətin yürütdüyü siyasətə dəstək olan gənclik təşkil edir. Bu gənclərin sayı isə yüz minlərlədir.
Mən o gəncləri Azərbaycanın uğurunu gözü götürməyən və öz çirkin niyyətlərinə çatmaq istəyən qara qüvvələrə uymamağa, Vətən, millət adına ləkə gətirəcək işlərlə məşğul olmamağa çağırıram.
- Bu gün gənclərin Prezidentin ətrafında toplaşması ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Cənab İlham Əliyevin rəhbərliyi altında hər gün ölkəmiz daha da inkişaf edir, qazanılan uğurların sayı durmadan artır. Bu uğurlar bütün ölkə əhalisinin Prezidentə olan etimadını və ümidini daha da artırır. Bu səbəbdəndir ki, Azərbaycan gənclərinin mütləq əksəriyyəti də cənab Prezidentin tutduğu bu siyasi xətti dəstəkləyir. Hazırda bir çox ictimai və siyasi gənclər təşkilatları var ki, onlar öz ətrafında Prezident İlham Əliyevi dəstəkləyən yüz minlərlə gənci birləşdirirlər. Gəncliyin bu dəstəyinin səbəblərindən biri də Prezidentin gəncliyimizə olan diqqət və qayğısıdır. Ölkəmizdə bütün strukturlarda gənclərə böyük etimad göstərilir. Onların sosial, sağlamlıq və təhsil problemlərinin həlli üçün ayrıca dövlət proqramları qəbul edilib. Biz gənclər ölkəmizin bu diqqətini və qayğısını hər zaman doğrultmaq üçün Prezidentimizin ətrafında səfərbərik.
- Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Biz bir QHT olaraq dövlətimizin bizə yaratdığı imkanlardan istifadə etməklə tez-tez layihələr həyata keçiririk. Bu layihələrimizin əksəriyyəti gənclərin maariflənməsinə, onların sosial məsələlərə həssas yanaşmasına yönəlib. Ölkə Prezidentinin məhz biz gəncləri düşünərək yaratdığı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirdiyimiz layihələr gəncləri ictimai proseslərdə daha da fəal edir. Düşünürəm ki, gənclərin vətəndaş cəmiyyəti institutlarında fəaliyyətinin genişlənməsi onların aktivliyini daha da artıracaq.
Regionlarımızda tikilib istifadəyə verilən Olimpiya İdman mərkəzlərinin də gənclərimizin maariflənməsində, onların idman sahəsində uğur qazanması və bir ictimai sima kimi tanınmasında böyük rolu var. Dövlətimizin bu istiqamətdə qəbul etdiyi dövlət proqramlarının tətbiqi gənclərin fəallığını daha da artıracaq.
- Sizin rəhbəri olduğunuz təşkilat bu istiqamətdə hansı işlər görür?
- Rəhbəri olduğum “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi qısa bir zamanda yaradılmasına baxmayaraq, yarandığı gündən bir çox layihələr həyata keçirib. Bu layihələr həm paytaxtda, həm də regionlarda reallaşıb. Təşkilatımızın həyata keçirdiyi son iki layihə birbaşa gənclərimizin ictimai həyatda aktivliyinin artırılmasına yönəlib. “Savadlı gənclik-etibarlı gələcəyin qarantı” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhərində həyata keçirilib. Bu layihədə 100 nəfərdən artıq region gənci iştirak edib ki, onlara ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətində yaxından təmsil olunmaqla bağlı təlimlər keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və Mingəçevirdə həyata keçirdiyimiz “Azərbaycanı tanı, sev, qoru, yaşat!” layihəsində də gənclərimizə ölkə xaricində və həmçinin ölkəmizdə səfərdə olan xarici qonaqlara Azərbaycanla bağlı müfəssəl məlumatların verilməsi prosesi öyrədilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində, həmçinin Masallı rayonunda gənclər üçün erkən nikahların qarşısının alınmasında ictimai qınağın əhəmiyyəti və nikah öncəsi tibbi müəyinənin təbliği ilə bağlı seminarlar təşkil olunub. Bu istiqamətdə gənclərin ictimai fəallıq göstərməsinin vacibliyi ilə bağlı söhbətlər aparılıb.
Təşkilatımızın keçirdiyi bütün layihələrdə iştirak edən gənclərimizlə layihə bitdikdən sonra da əlaqələr saxlanılmaqdadır. Belə ki, “Facebook” sosial şəbəkəsində yaradılmış təşkilatımızın qrupunda 1500-dən artıq gənc toplanıb.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info