“ABŞ hesabatları təzyiq mexanizmi kimi görür və istifadə edir”
Tarix: 29.04.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Hər gün Avropa ölkələrində və ABŞ-ın özündə insan hüquqlarının pozulması ilə bağlı kifayət qədər faktları eşidirik. ABŞ-da, Almaniyada, İspaniyada, Yunanıstanda, Portuqaliyada, İtaliyada və digər ölkələrdəki aksiyalara polisin müdaxiləsi, onlarla insanın yaralanması, həbs olunması ilə müşayiət olunan toqquşmalar və s. hadisələr vəziyyətin gərginləşməsindən xəbər verir. Almaniyada insan hüquqları və demokratiya sahəsindəki durum isə daha da acınacaqlıdır.
Belə ki, Almaniyanın Milli Hesabatında ölkədə miqrantlara süni əngəllərin yaradılması, irqi ayrı-seçkiliklə bağlı cinayətlərin artması, dövlətin irqi ayrı-seçkiliklə bağlı mübarizə strategiyasının olmaması, polisin törətdiyi cinayətlərin, həbsxanalarda zorakılıq hallarının artması, cəmiyyətin inteqrasiyasına qarşı çıxan, ksenofobiya və antisemitizm yayan partiya və təşkilatların dövlət büdcəsindən maliyyələşdirilməsi, fahişəliyin leqallaşdırılması nəticəsində insan alveri qurbanlarının saylarının artması və digər məsələlərlə bağlı məqamlara toxunulub. Almaniyada insan hüquqları məsələsinin BMT-də müzakirəyə çıxarılması isə vəziyyətin kritik həddə çatmasını bir daha sübut edir. Əfsuslar olsun ki, ABŞ başda olmaqla bəzi Avropa ölkələri özlərində mövcud olan hüquq pozuntularını aradan qaldırmaq əvəzinə tərtib etdikləri hesabatlarda Azərbaycanla bağlı qərəzli mövqedən çıxış edir, həqiqəti əks etdirməyən, tam şəkildə araşdırılmamış faktları ölkəmizdə insan haqlarının, demokratiyanın boğulmasına dəlil kimi gətirirlər. ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı son hesabatı da bu qəbildəndir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkə mətbuatına hesabatla bağlı verdiyi müsahibəsində səsləndirdiyi fikirlər ABŞ Dövlət Departamentinin hesabatının qərəzli olduğunu, müəyyən siyasi məqsədlərə qulluq etdiyini sübut edir: “Sərbəst toplaşmaq azadlığı mövzusunda xüsusi olaraq bir məsələyə də diqqət yetirməyi vacib hesab edirəm. Bu gün Azərbaycana irad tutan xarici dairələr, ilk növbədə də, öz ölkələrində baş verənlərə diqqət ayırsaydılar, daha səmimi görünərdilər. 2011-ci ildə Böyük Britaniyanın şəhərlərini etiraz dalğası bürüdü, minlərlə adam saxlanıldı, sosial şəbəkələrə giriş məhdudlaşdırıldı, müstəqil bloqqerlər məhkum olundu. Bütün dünyada antiqlobalistlərin etirazları qəddar metodlarla dağıdılır. Ötən il Nyu-Yorkda “Uoll Striti işğal et” aksiyası, Almaniyanın Hamburq şəhərində mədənçilərin sosial problemlərlə bağlı etirazı sərt şəkildə yatırıldı. Bu gün Avropanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar öz narazılıqlarını bildirən dinc nümayişçilərə qarşı su şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən istifadə olunması geniş praktikaya çevrilmişdir. ABŞ və Avropada insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz yumanların Azərbaycana qarşı haqsız iradlarını heç bir halda səmimi qəbul etmək olmaz”.
ABŞ-ın həll edilməsi vacib olan strateji əhəmiyyətli məsələləri bir kənara qoyub haqsız şəkildə ölkəmizi ittiham etməsi başadüşülən deyil. Halbuki demokratiyadan, insan hüquqlarından bəhs edilən bir dövrdə Azərbaycanın 20 % ərazisinin Ermənistan tərəfindən işğalda saxlanılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulan hüquqları ABŞ-ın Ermənistanla bağlı hesabatında yer alsaydı, bu daha məntiqli, real və ağlabatan olardı.

“Azərbaycanda internetə
çıxış bir çox MDB, Asiya hətta, bəzi Avropa ölkələrindən
daha yaxşıdır”

Qəzetimizə verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin bütün hesabatlarında birtərəfli, qərəzli mövqeyin olduğunu vurğulayan İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalovun məsələyə yanaşması belə oldu: “ABŞ Dövlət Departamentinin, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycanla bağlı bu tipli hesabatlarını həm yerli, həm də xarici mütəxəssislərlə bir yerdə dəfələrlə araşdırmışıq. Belə hesabatlarda qərəzlilik həmişə özünü göstərib. Birinci növbədə, həmin hesabatlarda Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qeyd olunan faktlar reallığı əks etdirmir. Biz hüquq müdafiəçisi kimi sözügedən sahələrdə problemlərin olduğunu qəbul edirik, lakin kiçik faktları şişirdərək böyük problem kimi dünyaya təqdim etmək, hər şeyi qara kimi göstərmək yolverilməzdir. Çünki oxşar problemlər İngiltərədə, Fransada, Almaniyada və dünyanın əksər ölkələrində mövcuddur. Belə hesabatlar nə ABŞ Dövlət Departamentinə, nə də ki, digər təşkilatlara yaraşmır. Azərbaycanda internetə çıxış bir çox MDB, Asiya hətta bəzi Avropa ölkələrindən daha yaxşıdır. İnformasiya əldə etmək sahəsindəki vəziyyət ölkəmizdə yüksək səviyyədədir. İnsan hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndəsi kimi belə hesabatlar məni narahat edir. Kiçik nöqsanları şişirdərək beynəlxalq birliyə böyük problem kimi təqdim etməyin arxasında dayanan məqsədlər mənim üçün hələ də qaranlıq qalır. Çünki artıq hamı, beynəlxalq ictimaiyyət belə hesabatların qərəzli olduğunu bilir. Bu yalnız Azərbaycanla bağlı deyil. ABŞ Dövlət Departamentinin hesabatları hər zaman birtərəfli qərəzli olub. Məsələn, siyasi fəaliyyətlərinə görə həbs olunduğu iddia olunan şəxslərin işlərində cinayət tərkibinin olub-olmadığı araşdırılmır, hansısa bir orqanda kimisə guya siyasi məhbus adlandırırlarsa, onun adı avtomatik haqqında bəhs etdiyim hesabata düşür. Eyni xətt jurnalistlərlə bağlı məsələdə də izlənilir. Əslində isə tam şəkildə araşdırıb sonra qərar vermək lazımdır. Yoxsa qara yaxmaq xatirinə belə hesabat yaymaq olmaz. Sərbəst toplaşmaq məsələsinə gəldikdə onu deyə bilərəm ki, biz dəfələrlə ABŞ-ın özündə və Avropa ölkələrində etiraz aksiyalarının polis tərəfindən necə dağıdılması barədə video görüntülərə baxmışıq. Eyni zamanda ABŞ-ın NATO xətti ilə İraqda və digər ölkələrdə keçirdiyi hərbi əməliyyatlar zamanı baş verən hadisələri araşdırsaq, çoxlu sayda insan hüquqlarının pozulması, qeyri-insani rəftar hallarına rast gələrik. Həmin ölkələr çox zaman özləri aksiyaların qarşısını almaq üçün güc strukturlarının qüvvələrindən istifadə etmələrinə baxmayaraq, Azərbaycanda qeyri-qanuni aksiyaların qarşısının alınmasını demokratiyanın boğulması kimi qələmə verirlər. Ancaq belə yanaşma tamamilə yanlışdır və heç bir demokraik prinsipə, düşüncəyə sığmır”.

“Analoji araşdırmalar ABŞ
barəsində aparılsa, ortaya çoxlu mənfi hallar çıxacaq”

Politoloq Rövşən İbrahimov isə açıqlamasında ABŞ-ın belə hesabatlar hazırlamaqla özünü demokratiya sahəsində dünyaya model kimi təqdim etmək məqsədi güddüyünü dedi: “Ən başda onu qeyd etməliyəm ki, bir ölkənin başqa ölkə barəsində bu növ hesabatlar hazırlaması ona bu sahədə səhv etmək imkanı buraxmır. Bunun mənası odur ki, əgər başqa bir ölkədə demokratiya ilə bağlı hesabat hazırlayıramsa, məndə demoktariya sahəsində heç bir problem yoxdur Yəni, bu ölkə deyir ki, mənim daxilimdə hər şey yolundadır, başqaları üçün modeləm. Həqiqətdə isə başqa cürdür. Zənnimcə, analoji araşdırmalar ABŞ barəsində aparılsa, ortaya çoxlu mənfi hallar çıxacaq. Onlardan hər il araşdırmalar nəticəsində ortaya çıxan mənfi halların aradan qaldırılması üçün lazımi fəaliyyətin göstərilməsini tələb etmək lazımdır. Şübhəsiz ki, ABŞ həmin hesabatları təzyiq mexanizmi kimi görür və zaman-zaman onu öz maraqları çərçivəsində istifadə edir.”

“Azərbaycanda gedən inkişaf, quruculuq işləri bəzilərini
narahat edir”

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərlinin münasibəti isə belə oldu: “Bilirsiniz, prezidentlərdən birinin maraqlı fikri var: “Bizim daimi dostlarımız yoxdur, maraqlarımız var”. İstər Rusiyanın, istər İranın, istər Amerikanın bölgədə maraqları var. Maraqlar üst-üstə düşməyəndə isə qarşıdurmalara yol açır. Əgər biz "Azadlığa Müdafiə Aktı”na 907-ci düzəlişi qeyd etsək, yerinə düşər. ABŞ bu qərarı Azərbaycanın guya Ermənistanı blokadada saxlamasına görə qəbul etmişdi. Bu gün Azərbaycanda gedən inkişaf, quruculuq işləri, düşmənlərimizi, bədxahlarımızı narahat edir. Mən ABŞ-ın Azərbaycana qarşı bu mövqeyini ədalətsiz sayıram. Ən azından ona görə ki, son 20 il ərzində işğal edilmiş torpaqların düşmən tapdağından azad edilməsi üçün ABŞ tərəfindən konkret addımlar atılmadı. Bu cür hədələrin Prezident seçkiləri ərəfəsində daha çox olacağı gözləniləndir. Mən sadə bir vətəndaş, Qarabağ müharibəsi veteranı və təşkilat sədri kimi qarşıdurmaların əleyhinəyəm. İndi 1993-cü il deyil. İnsanlar tükü-tükdən seçməyi bacarırlar”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info