“Yerli idarəetmə orqanları özləri investisiya cəlb etməyi bacarmalıdırlar”
Tarix: 14.07.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Professor Çingiz İsmayılov:
“İcra hakimiyyətlərinin saytlarında rayonun resurs potensialı, biznes-sərgilər, aqroparkın təşkili ilə bağlı ingilis dilində məlumatlar yerləşdirilməlidir”


Ölkədə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu növbəti dövr üçün dəyişməz olaraq qalır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı bunu bir daha qeyd edib. Ölkə başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir: “Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.

“Aqroparklar, texnoparklar, ekoparkların məqsədi məhz o bölgələrin inkişaf etdirilməsidir”

Mütəxəssislər də ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri vacib hesab edir və bu sahədə öz təkliflərini irəli sürürlər. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Kənd təsərrüfatının inkişafı ilə bağlı ölkə başçısı bildirib ki, əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir, indi 38 böyük aqropark yaradılır. Siz aqroparkların yaradılması kimi layihələrin kənd təsərrüfatının inkişafında rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanın davamlı iqtisadi inkişafında mühüm rolu bölgələr oynayır. Bölgələrdə ənənəvi ixtisaslaşma sahələri, əsasən, kənd təsərrüfatı ilə bağlıdır. Təbii ki, kənd təsərrüfatının inkişafında aqroparkların yaradılması çox vacibdir. Burada Prezident çox vacib bir məsələni önə çəkdi. Məni çox sevindirir ki, ölkə başçısı rəsmi bir dövlət mövqeyini əks etdirdi. Bölgələrin inkişafı yalnız mərkəzləşdirilmiş maliyyələr əsasında olmalı deyil, yerli idarəetmə orqanları rəhbərləri özləri investisiya cəlb etməyi bacarmalıdırlar. Hər bir bölgənin çox zəngin insan, təbii resurs potensialı var. Bölgələrdə, demək olar ki, inzibati rayon səviyyəsində biznes-konfranslar, forum, sərgi təşkil olunmur. Bəzən Qəbələ rayonunda buna rast gəlinir. Məsələn, Masallı, yaxud Qusar rayonunda icra başçısı biznes-sərgi təşkil edərsə, onu elan edib, yalnız daxildə deyil, xaricdə də reklam etməlidir. Həmçinin icra hakimiyyətlərinin saytlarında ingilis dilində məlumat yerləşdirsinlər ki, biz Qusarda resurs potensialının inkişafı ilə bağlı biznes-sərgi təşkil edirik, yaxud aqroparkın təşkili ilə bağlı sərgi keçiririk. Vaxtını elan etsinlər. İmkanlarla bağlı reklam çarxı təqdim etsinlər.

“İnvestorlar bilməlidirlər ki, hansı rayona investisiya qoya bilərlər. Bunun üçün dövlət qurumları “biznes təklifləri” ilə bağlı sayt yaratsalar yaxşı olar”

Bunu etməsələr, həm daxili, həm də xarici investor hardan biləcək. Məsələn, təsəvvür edək ki, Tovuz rayonunda bir biznesmen var və imkanları var, o hansısa məhsulun becərilməsi ilə məşğul idi. İndi orada rəqabət güclənib və görür ki, həmin sahəyə vəsait qoysa, istədiyi gəliri almayacaq. Ancaq o bilmir ki, ölkənin hansı regionuna vəsait qoysun. Yerli idarəetmə orqanları hansı imtiyazlar yaradır ki, o investor oraya gəlsin. Bu çox vacib amildir. Yaxud Rusiyada fəaliyyət göstərən bir biznesmenimiz öz bölgəsinə, məsələn, Beyləqan rayonuna gəlib investisiya qoymaq istəyir. Gəlir öz rayonuna görür ki, burada onu qane edən şərait yoxdur. Ancaq o bilməlidir ki, hansı rayona investisiya qoya bilər. İİN, KTN, yaxud hansısa dövlət qurumu “biznes təklifləri” ilə bağlı sayt yaratsalar daha yaxşı olar. Hər bir biznesmen ingilis, ərəb və başqa dillərdə bu barədə məlumat ala bilsin. Ölkəmizə çoxlu sayda ərəb turist gəlir və bəlkə, onlardan hansısa investisiya qoymaq istəyir. Ancaq o məlumatlı deyil, ərəb dilində heç bir sayt yoxdur. İmkanlardan tam istifadə etməliyik. Bəzi idarəetmə orqanları çox passivdirlər, bilirlər ki, mərkəzləşdirilmiş büdcədən hər il bunlara maliyyə verilir. Aqroparklara yenə də dövlət dəstək verir. Yerli idarəetmə orqanları ölkə başçısının tapşırıqlarını, hökumətin siyasətini realizə etməlidir. Prezident çox yaxşı dedi ki, ilin sonunda onların hər birini çağırmaq lazımdır ki, hansı yolla bura investor gəlib. Əgər Qusar rayonundan Tovuz, Agstafa, Masallı rayonuna investorlar gəlib pul qoyurlarsa, onda o icra başçısından tələb etmək lazımdır ki, sən niyə şərait yaratmırsan ki, imkanlı adam gedib başqa rayona investisiya qoyur. İqtisadi inkişafın kökü rəqabətdir. Makroiqtisadi göstəricilərimiz uğurludur. Ancaq rayonlar üzrə göstəricilərə baxdıqda böyük əksəriyyət mərkəzləşmiş maliyyə əsasında dolanır. Bu hansısa mərhələdə olar, ancaq indi biz yeni mərhələdəyik. Aqroparklar, texnoparklar, ekoparkların məqsədi məhz o bölgələrin inkişaf etdirilməsidir. Yerlərdə qeyd etdiyimiz tədbirləri reallaşdırmalıdırlar. Biz investoru cəlb etmək üçün hər şeydən istifadə etməliyik. Məsələn, yerlərə gələn turistlərdən yararlanmalıyıq. Əgər bir hotelə ərəb turist gəlirsə, onlar üçün ərəb dilində “Azərbaycanda biznes imkanları” ilə bağlı bukletlər hazırlamaq lazımdır. Yerli idarəetmə orqanları sosial-iqtisadi inkişafda öz mövqeyini fəal nümayiş etdirməli, özləri də təşəbbüs göstərməli, vətəndaş cəmiyyətinin fikirlərini bilməlidirlər, onda biz qeyri-neft sektorunun inkişafı ilə bağlı böyük hədəfləri əldə edəcəyik. Hələ ki, regionların 20-30 faiz potensialından istifadə edirik. Zəngin potensialımız var. Daim düşünməliyik ki, necə investor cəlb etməliyik. Ölkə başçısı da çox yaxşı dedi ki, qoy ilin sonunda reytinq yazılsın ki, hansı rayonlar cəlb etmək baxımından aparıcıdır. Yeni müəssisələrin yaradılması baxımından, özlərinin təşəbbüsləri əsasında nəyə nail olublar. Öndə olanlara dövlət təşəkkür edəcək.
-Nazirlər Kabinetinin iclasında ölkə başçısı bir məsələyə toxundu ki, bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o araşdırılmalıdır. Siz məhsuldarlıqda bu fərqi nədə görürsünüz?
- Prezident düzgün tapşırıq verib. Məhsuldarlıqda fərqin bir çox səbəbi var. Birincisi, torpaqların məhsuldarlığı, münbitliyidir. Aran zonada sovet dövründə çox kobud şəkildə suvarma aparılıb, torpaqların təxminən 60 faizi şoranlaşıb. Onları yumaq lazımdır. Təbii ki, şoranlaşmış torpaqlarda məhsuldarlıq aşağı olur. İkincisi, aqrotexniki tədbirlərin həyata keçirilməsidir. Yəni əkin, biçin, suvarma kimi aqrotexniki tədbirləri vaxtında həyata keçirmək lazımdır. Mütəxəssislər buna nəzarət etməlidirlər. Bir neçə il bundan öncə gördük ki, bizdə mütəxəssis, aqronom çox azdır, bir çoxunun bilik səviyyəsi aşağıdır. Onlar aqrotexniki işləri yaxşı bilməlidirlər, ziyanvericilərə qarşı mübarizə, gübrələrdən istifadə ilə bağlı düzgün nəzarət olmayanda, təbii ki, məhsuldarlıq aşağı olur. Bu, eyni zamanda iqlimlə də bağlıdır. Ola bilər ki, hansısa bir bölgədə qasırğa olsun, dolu yağsın, onlar hamısı rayon üzrə təhlil olunmalıdır. Məsələn, ötən il pambıq istehsalı 90 min ton oldu. İndi əkin sahələri nə qədər qalxıb. Biz düşünməliyik ki, necə ğedək ki, az sahədən çox məhsul alaq. Yalnız nəzəri bir şeydir ki, bürün rayonlarda məhsuldarlıq birə-bir olsun. Ancaq fərq çox böyükdürsə, bunlar təhlil olunmalıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info