“Özümüz yeni texnologiyalar yaratmalıyıq”
Tarix: 29.04.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Emin Məmmədzadə: “Regionlarda innovasiya mərkəzlərinin yaradılması üçün dövlət tərəfindən xüsusi investisiya proqramı həyata keçirilməlidir”

İqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, Emin Məmmədzadədir:

- İKT olduqca geniş bir sahədir. Dünyada ən aparıcı və yeni texnologiyalar məhz bu sahədə yaradılır, hətta hərbi sənaye də İKT texnologiyalarından asılıdır. Ölkə başçısının bu sahəni inkişaf etdirməklə bağlı sərəncamı, dövlət proqramları, 2013-cü ilin məhz “İKT ili” elan edilməsi təsadüfi deyil. Hazırda Azərbaycanda innovasiya sahəsi, bilik iqtisadiyyatı ilə bağlı xeyli işlər görülür. Ən parlaq nümunələrdən biri kimi bu yaxınlarda ölkəmizin ilk dəfə olaraq kosmik peykinin orbitə buraxılmasını qeyd etmək olar. Bununla əlaqədar ölkədə xalq təsərrüfatının bütün sahələrində kosmik bazanın buraxılmasının təsiri çox geniş və səmərəli olacaq. Ən azı ona görə ki, hazırda bütün sahələrdə rabitə, kompyuter, mobil telefonlar çox geniş istifadə olunur və onlar informasiya mübadiləsini xeyli asanlaşdırır. Bu baxımdan Azərbaycanın kosmik proqramı çox faydalı ola bilər. İKT innovasiya texnologiyalarının əsas mənbəyi olan sahə kimi ölkədə qabaqcıl sahələrdən sayılır. Amma tək İKT ilə innovasiyaların tətbiqi və yaranması məhdudlaşmır. İKT innovasiyanın tətbiqində və bilik iqtisadiyyatının yaradılmasında öncül sıralardadır. Amma innovasiyalar neft hasilatı və emalı, neft-kimya sahəsində və digər sahələrdə də yaradılır. İnnovasiyalar ümumilikdə yenilik deməkdir. Lakin bəzən bizdə innovasiyanı düzgün başa düşmürlər. Məsələn, Azərbaycana hansısa ölkədən bir texnologiya gətirilir və bu, innovasiya elan edilir. Ölkədə bəzi innovasiya hesab edilən texnologiyalar var və artıq onlar dünyada onilliklərlə istifadə olunub. Məsələn, kənd təsərrüfatında istifadə olunan genetik modifikasiyaya uğramış texnologiyaları götürsək, onlar dünyada müsbət bir yenilik kimi birmənalı qəbul olunmur. Ancaq bəzən bizdə yeni bitkilər, geni modifikasiya olunmuş məhsullar idxal olunur. Halbuki Avropada modifikasiyaya uğramış məhsullar artıq 10-15 ildir istifadə olunur. Hər bir yenilik innovasiya sayıla bilməz. İnnovasiyalar Azərbaycanda hazırda bir neçə nazirliklər tərəfindən tənzimlənir və ilk olaraq RİTN, İİN, KTN bu sahədə fəallıq göstərir. Ümumilikdə son 5 ildə bu sahədə xüsusi fəallıq müşahidə olunur. İnnovasiyalar Azərbaycanda dinamik inkişafın çox böyük sürətlə fəallığını göstərir.
- Ölkə başçısı bildirib ki, gələcəkdə sənaye istehsalımızı müasirləşdirmək üçün böyük işlər görüləcək ki, onların arasında məhz texnoparkların yaradılması önəmli yer tutur. Bu istiqamətdə hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Artıq bir neçə müddətdir ki, ölkə başçısının sərəncamı ilə Sumqayıt texnologiyalar parkı fəaliyyətə başlayıb və burada müasir məhsullar buraxılır. Orada “beyin mərkəzləri” də var, buraya xüsusi yüksək ixtisaslı kadrlar cəlb olunub və onlar müəyyən uğurlu layihələr hazırlayırlar. Son 3 ildə həmin texnoparkda ixrac olunan məhsulların həcmi 50-60 faiz artıb ki, bu, çox yaxşı göstəricidir. Sumqayıt Texnoparkının təcrübəsini ölkənin digər regionlarına da yaymaq olar. Hesab edirəm ki, onun nəticələrini, pilot layihələri yaymaq mümkündür və Azərbaycanda innovasiya inkişafı baxımından böyük töhfələr verəcək. Bölgələrdə fəaliyyət göstərən mütəxəssislər bu texnoparklara cəmləşəcək və əgər bu sahədə dövlət proqramı təsdiq olunsa, həm kadr baxımından problemlər həll olunacaq, həm də mərkəzlər hesabına əlaqələr qurulacaq. Sözsüz ki, hansı texnopark öz inkişafını istəyirsə, əlaqə qurursa, o çalışacaq ki, mütərəqqi kadrlar, mütəxəssisləri cəlb edəcək. Bununla Azərbaycanın məlumat alma və yeni biliklərlə əldə olunmasında əhatə dairəsi genişlənəcək.
Mən hesab edirəm ki, Azərbaycanda yeni texnologiyalar yaradılmalıdır və hətta onlar dünya bazarına çıxarılmalıdır, bir intellektual məhsul kimi satılmalıdır. Gözləməməliyik ki, hansısa bir ölkədə hansısa sənaye, tikinti, yaxud kənd təəsrrüfatının yeni texnologiyası yaranacaq və biz onu idxal edəcəyik. Biz bu prosesi qabaqlamalıyıq, sadəcə olaraq bizdə “beyin mərkəzləri” yaradılmalıdır ki, onların əsasında intellektual məhsulları, yeni texnologiyaları xaricə ixrac edək. Məsələn, 30-40 il bundan öncə Çin iqtisadiyyatı tamam başqa, əsasən aqrar sahəyə üstünlük verən bir ölkə idi. İndi isə tamam başqadır və sənaye yönümlü məhsullar dəfələrlə artıb, ÜDM-də olan kənd təsərrüfatı ilə sənaye məhsulu nisbəti bərabərdir. Çin kimi ölkədə bu bərabərlik o deməkdir ki, orada böyük həcmdə sənaye məhsulu istehsal olunur. Çünki orada əhali sayı 1 milyardı aşıb və sənaye potensialının ÜDM-də 50 faizə bərabər olması ilə bağlı sənaye yönümlü ölkə kimi çıxış edir. Hətta Çin həmçinin İKT-də böyük miqyasda müxtəlif çeşidli məhsullar ixrac edir. Fikrimcə, Çinin iqtisadi mühiti, təfəkkürü, insanların psixologiyası hazırda bizim xalqa daha uyğundur. Bizim tarixi əlaqələrimiz Yaxın və Uzaq Şərqlə daha çox olub, nəinki Avropa ilə. Hesab edirəm ki, “Asiya pələngləri”nin təcrübəsindən istifadə etsək, daha çox faydalana bilərik.
- Müasir peşəkar kadrların hazırla nması iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşdırılmalıdır və daha çox sürətlə inkişaf edən iqtisadi sahələr üzrə kadr hazırlığına fikir verilməlidir. Bu sahədə kadr hazırlığı ilə bağlı nə deyərdiniz?
- Hələ sovet dövründən ölkədə kadr hazırlığı gündəmdə olub. Əvvəllər bütün aparıcı texnologiyalar, biliklər mərkəzdən gəlirdi və burada tətbiq olunurdu. Bəzən müəyyən texnologiyalarla bağlı məlumat qazanması üçün yerli işçiləri Rusiya, Ukrayna və Belarusa təcrübə üçün göndərirdilər. Bu problem indi kəskin olmasa da, var. Çünki çoxsaylı treninqlər aparılır, QHT-lər yeni peşələr üzrə hazırlıq kursları təşkil edir. Müəyyən qədər bu məsələni həll edirlər. Lakin tək ixtisasartırma kurslarına arxayın olmaq olmaz, bu problem sistem şəklində həll olunmalıdır və hesab edirəm ki, bu məsələ müəyyən dərəcədə öz həllini Təhsil Nazirliyi sistemində tapır. Hazırda Azərbaycan Avropada istifadə edilən Boloniya prosesinə keçidi təşkil edib və bu keçid tələbələrin, yeni nəslin bilik sahəsində çevikliyini daha da artıracaq və informasiya əldə etmək imkanlarını çoxaldacaq. Çünki Boloniya sistemi kredit sistemindən istifadə edir və bu sistem üzrə tələbələr kredit sertifikatını əldə edəndən sonra öz təhsilini Avropanın istənilən universitetində davam etdirə bilər. Kadr problemi təhsil sistemində aparılan islahatlar nəticəsində öz həllini qısa müddətdə tapa biləcək. Bu il ölkədə Prezidentin sərəncamı ilə İKT Universiteti açılıb. Bu ali məktəb Azərbaycan üçün çox lazımdır. Çünki kadr probleminin həllində bu ali məktəbin rolu böyük olacaq. Ali məktəblərdə yeni biliklərlə bağlı innovasiya menecmenti kimi tədris fənni var. Amma bilik iqtisadiyyatına, yeni texnologiyaların, innovasiyaların yaradılma prinsipinin təşkili, onlara kadrların hazırlanması üçün tələb olunan fənlərin təşkil olunması lazımdır. Artıq universitetləri bitirdikdən sonra həmin məzunlar gedib texnoparklarda, “beyin mərkəzləri”ndə fəaliyyət göstərə biləcəklər. Bu ixtisaslar üzrə gələcəkdə müəyyən təkliflər hazırlayıb vermək olar. İnnovasiya üzrə dərsliklərin hazırlanması prinsip etibarilə mümkündür, sadəcə olaraq müəyyən maliyyələşdirmə olarsa istənilən istiqamətdə dərslik hazırlamaq olar. Biz də dərsliyi yazmağa kadrlar da var. Xarici dildə olan dərsliklərin də tərcüməsi lazımdır və başqa ölkələrdə olan məlumatları əldə etməyə imkan verir. Lakin gərək ölkəmizdə müstəqil şəkildə innovasiya biliyinin təşkili, onun cəmiyyətə yayılması, şüurlara peyvənd olunması təmin olunsun, biz gərək özümüz innovasiya prosesinə aid dərslik yaradaq.
- Bu yaxınlarda Bakı Davos Dünya İqtisadi Forumuna ev sahibliyi etdi. Bu beynəlxalq tədbirdə ölkəmizin iqtisadiyyatında inkişafla bağlı bir sıra fikirlər səsləndi. Bu forumun əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Hesab edirəm, bu forumun ölkəmizdə keçirilməsi dünyanın iri iqtisadi qüvvələrin diqqətini cəlb etməyə yönəlib. Çünki Azərbaycanda özünün kifayət qədər maliyyə vəsaitləri toplanıb. Neft Fondunda 45 milyard manata yaxın vəsait toplanıb. Lakin bununla yanaşı, elə etmək lazımdır ki, iqtisadi potensialdan nəinki ölkə daxilində, həm də xaricdə istifadə edilsin. Bunun üçün də gərək iqtisadi əlaqələr yaradılsın. Bu baxımdan belə forumların, beynəlxalq sərgilərin, konfransların keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu forumda yaradılan iqtisadi əlaqələr, müəyyən müqavilələr Azərbaycanın iqtisadi qüdrətinə işləyir və gələcəkdə öz səmərəli effektini verəcək. Bugünlərdə Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iqtisadi məsələlər də gündəmdə olacaq. Çünki Qafqazda iqtisadi və siyasi sabitlik ətrafdakı bölgələrdə sabitlik deməkdir. Bu cür forumları ancaq pozitiv səciyyələndirmək olar.
- Cari ilin I rübündə qeyri-neft sektorunda 11 faizdən çox artım olub. Bu sektorun inkişafının vacibliyini necə dəyərləndirirsiniz?
- Ölkə başçısı bu sektorun inkişafı üçün mühüm addımların atılması ilə bağlı çox düzgün fikirlər səsləndirib. Dünyada da belə bir meyl var ki, hazırda qeyri-neft sektoru daha güclü templərlə inkişaf edir. Ölkələrin çoxu istəyir ki, yanacaq, energetika sahəsinin məhsullarından öz asılılığını azaltsın. Hazırda bütün ölkələr çalışırlar ki, “Holland sindromu”na düçar olmasınlar. Azərbaycan da qeyri-neft sektorunu inkişaf etdirməyə təşəbbüs göstərir və bu, çox düzgün siyasətdir. Çünki gələcəkdə enerji resursları azalacaq, qeyri-neft sektorunun inkişafı önəmlidir. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri də İKT sahəsidir və bu sahənin inkişafı öz-özlüyündə digər qeyri-neft sektorlarının inkişafına da təkan verə bilər. Çünki rabitə infrastrukturu mühüm məsələdir və hərbidən başlayaraq kənd təsərrüfatına qədər kompyuterləşdirmə, yüksək texnologiyalarla bağlıdır. İKT-dən başqa digər sahələrdə də inkişafa nail olunmalı, onlara xüsusi investisiya proqramı tətbiq olunmalıdır. Təklif edirəm ki, regionların sosial-iqtisadi inkişaf proqramı ilə yanaşı, xüsusi innovasiya mərkəzlərinin yaradılması üçün dövlət tərəfindən xüsusi investisiya proqramı həyata keçirilməlidir. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün bizdə böyük potensial var. Əgər neft resurslarından asılılığı aradan götürmək istəyiriksə, onda qeyri-neft sektorunun ÜDM-də payı ən azı neft sektorunda payına bərabər olmalıdır. İnstitutumuzda xüsusi şöbə fəaliyyət göstərir və əməkdaşları sırf innovasiya məsələri, menecment, ölkədə elmi potensialın inkişafı ilə bağlı problemləri öyrənir. Mən yeni innovasiyanın, texnologiyanın yaranmasında, təşkil olunmasında fəaliyyət göstərirəm və düşünürəm ki, görəcəyimiz işlər hələ çoxdur. İqtisadiyyat İnstitutu məhz innovasiya texnologiyalarının Azərbaycanın bilik iqtisadyyatına çevrilməsi baxımından təkliflər paketi hazırlayıb və Milli Məclisə təqdim etməyə hazırdır. Bundan başqa, “Elm haqqında” qanunun müzakirəsində bizim institutun nümayəndələri də iştirak edib və öz tövsiyələrini bildirib. Gündəlik işdə biz çalışırq ki, yeni məlumatlar, dünyada gedən yeni innovasiyalı proseslərdən xəbər tutaq. Yeri gəlmişkən, AMEA-da “İKT ili”nə uyğun olaraq çox gözəl, sürətli internet şəbəkəsi yaradılıb. Bu baxımdan informasiya əldə etmək üçün problem yoxdur. Bəzən əldə edə bilməyəcəyimiz çap şəklində jurnal və kitabları biz internet vasitəsilə əldə edirik. Əgər hökumət, parlament tərəfindən müəyyən təşəbbüs göstərilsə, biz təkliflərimizi məmnuniyyətlə bölüşə bilərik və dövlət orqanlarından bunu səbirsizliklə gözləyirik.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info