Kənd təsərrüfatı kooperasiyaları məşğulluq səviyyəsini artıracaq
Tarix: 14.07.2017 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Hazır məhsulun qısa müddətdə tədarükü, daxili və xarici bazara çıxışını təmin edən mexanizm yaradılacaq

Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatının inkişafında həlli vacib olan məsələlərdən biri də kənd təsərrüfatı kooperasiyasının formalaşmasıdır. Kənd təsərrüfatı sektorunda istehsalçının iqtisadi və sosial məqsədli ən əhəmiyyətli təşkilatlanma formalarından biri kooperativlərdir. Xüsusilə, kənd təsərrüfatı və heyvandarlıq sektorunda kooperativləşmənin əhəmiyyəti böyükdür.
Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyən ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilib. Dövlət Proqramında kooperativləşmə ilə bağlı mühüm məqamlar öz əksini tapıb.

Həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır

Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir. Qeyd edək ki, kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirib. Belə ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" 2016-cı il 14 iyun tarixli qanun qəbul edilib və həmin qanunun tətbiqi barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" hazırlanıb.
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib.
Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enib. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.
Hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.

Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşiblər

Qlobal miqyasda kooperativlər fəaliyyət göstəricilərinə görə mühüm iqtisadi və sosial əhəmiyyətə malik təsərrüfat subyektləri kimi xarakterizə olunur. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı "Dünya Kooperativ Monitoru" hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılmış sorğu nəticəsində bu qurumların 2013-cü 7 ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilmişdir. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi "Böyük İyirmilik" (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür. Kooperativlərin 27 faizi kənd təsərrüfatı və qida məhsulları istehsalı, 21 faizi bank və maliyyə xidmətləri, 19 faizi sığorta xidmətləri, 16 faizi topdan və pərakəndə satış, 5 faizi sənaye, 4 faizi səhiyyə və sosial xidmətlər, 8 faizi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Bununla da kooperativ təşkilatlar milyonlarla insanın güzəranının təmin edilməsində böyük rol oynayır. Dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard dollar həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. 2011-2013-cü illər ərzində kənd təsərrüfatı və qida məhsulları kooperativlərinin ümumi dövriyyəsi təqribən 25 faiz artıb ki, bu da onların fəaliyyətinin səmərəliliyini bir daha təsdiq edir. Kənd yerlərində fəaliyyət göstərən kooperativ təşkilatların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir. Müasir dövrdə kooperativ təsərrüfatçılıq formasının genişləndirilməsi və dəstəklənməsi qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyil ki, BMT-nin Ərzaq və Kənd 8 Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi təşkilatlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2011-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun olaraq 2012-ci il "Beynəlxalq kooperativlər ili" elan edilmişdi.
Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər. Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilib. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir. Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olub. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur. Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal 9 vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər. İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunub. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər. Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.

Məqsəd aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir

Ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Belə ki, burada kooperativlərin dövlət tərəfindən dəstəklənməsi, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi və s. vəzifələr öz əksini tapıb.
Proqramda eyni zamanda kənd təsərrüfatı kooperasiyasının inkişafının əsas istiqamətləri müəyyən edilib. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunların sırasında kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması, vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması, kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi kimi amillər göstərilib.
Gözlənilən nəticələrə gəldikdə isə qeyd edilir ki, Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan yaradacaq. Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info