Boloniya prosesi keyfiyyətli təhsilə təminat verir
Tarix: 30.04.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, dünyada qloballaşma prosesləri gedir. Bu proses qlobal olaraq bütün sahələrdə vahid standartların tətbiqi ilə xarakterizə olunur. Sanki dünyanın idarə edilməsində “vahid pəncərə“ prinsipi tətbiq edilir. Bunun yaxşı və ya pis olmasını gələcək zaman göstərəcək.

Boloniya prosesi niyə
yarandı?

Hələlik isə bildiyimiz budur ki, dünyanın bir çox problemləri (siyasi, iqtisadi, təhsil, ekoloji, mənəvi və s. sahələrdə) qlobal xarakter daşıyır, bu səbəbdən də bu problemləri ayrı-ayrı ölkələr təklikdə həll edə bilməzlər, yəni qlobal problemlər qlobal şəkildə, hamılıqla (hər halda inkişaf etmiş ölkələrin liderliyi ilə) həll edilməlidir. Əmək bazarı da artıq qlobal xarakter daşıyır. Qlobal əmək bazarında emiqrantlar yalnız kiçik ticarətlə və ya tikintidə muzdlu əməklə məşğul olan fəhlələrdən ibarət deyil. Əmək emiqrantları arasında ali təhsilli insanlar çoxluq təşkil edir, nəzərə alsaq ki, artıq ali təhsil dünyada getdikcə kütləvi xarakter daşıyır, deməli, yaxın gələcəkdə əmək emiqrantları əsasən ali təhsilli insanlardan ibarət olacaq. Lakin bir çox ölkələrdə (xüsusən də bəzi MDB ölkələrində) ali təhsil dedikdə tələbənin 4-5 il universitetdə baş girləməsi və sonda diplom alıb bilmədiyi ixtisas üzrə “işləməsi” kimi səhv düşünürlər, belə məzunlar, təbii ki, heç bir standarta uyğun deyil, onun mühəndis, həkim, iqtisadçı və ya müəllim işləməsi qəbul edilə bilməz.
Avropa İttifaqının yaradılmasına hazırlıq gedərkən, siyasətçilər bütün bu məsələləri nəzərə alaraq Vahid Avropa İqtisadi və Təhsil Məkanı yaratmaq fikrinə gəldilər, çünki vahid təhsil məkanı olmadan vahid iqtisadi məkan yaratmaq mümkün deyildi (təxminən keçmiş SSRİ-də olan kimi). Beləliklə, məlum Boloniya prosesi yarandı. Boloniya prosesinin əsas məqsədlərindən biri də biliklərə əsaslanan Avropa qurmaq, Avropa İttifaqı iqtisadi potensialını yüksəltmək, Avropanın ali təhsil sisteminin keyfiyyətini daha da artırmaq, Amerika universitetləri ilə rəqabətə davamlı təhsil sistemi formalaşdırmaq idi. Azərbaycan Respublikası da bir çox Şərqi Avropa və MDB ölkələri kimi öz gələcək inkişaf strategiyasını Avropa və dünya siyasi-iqtisadi sisteminə inteqrasiyada gördüyü üçün bu məkana daxil olmaq yönümündə konkret addımlar atdı, ilk addımlardan biri isə təbii ki, Boloniya prosesinə qoşulmaq oldu. Təhsil Nazirliyi məlum olduğu kimi, bu sahədəki müqaviləyə 2005-ci ildə imza atdı.

Boloniya prosesi milli
təhsil sisteminin inkişafına nə verə bilər?

Son vaxtlar bəzi təhsil işçiləri, tələbələrin müəyyən qismi tez-tez fərdi söhbətlərdə “Boloniya prosesi bizə lazım deyil” kimi fikirlər söyləyirlər. Amma yuxarıda qeyd etdiyimiz izahlardan məlum olur ki, “Boloniya prosesi bizə lazımdır, ya yox” tipli sual qoyulmamalıdır, bu sualın cavabı aydındır, “bu prosesdən necə faydalana bilərik?” tipli sual qoyulmalıdır.
Hər hansı ölkənin ali təhsil sistemində səmərəli islahatlar aparılması, dünya ali təhsil sisteminə inteqrasiyası, bu prosesə nə dərəcədə hazır olmaqdan, peşəkarlıqdan, səriştəli kadrların mövcudluğundan, düzgün idarəetmədən asılıdır. Bu amillərdən asılı olaraq Boloniya prosesi, ziyanlı və ya xeyirli ola bilər.
Bu mənada milli təhsil sistemində Boloniya prosesi müddəalarının tətbiqinə ciddi hazırlaşmalı, düzgün layihələndirməli, elmi əsaslarla planlaşdırmalı, prosesin monitorinqini aparmalı, icrası nəzarətdə saxlanmalı, onu respublika və qlobal təhsil sistemində həyata keçirilən digər təhsil islahatı layihələri ilə səmərəli əlaqələndirməli, ən əsası isə normal maliyyələşdirilməlidir. Əks halda, köhnə təhsil modelini uğurla dağıdacaq, əvəzində isə səmərəli təhsil modeli qura bilməyəcəyik. Ona görə bu işin çətinliyini və məsuliyyətini bütün təhsil ictimaiyyəti düzgün qiymətləndirməli, prosesi taleyüklü məsələ kimi qəbul etməlidir. Bu gün bütün sivil dünya bu ideyanı bəyənir, onu düzgün tətbiq edir, nəticədə ali təhsil sisteminin keyfiyyəti davamlı olaraq yüksəlir, dünya ali təhsil məkanına səmərəli inteqrasiya edilir.
Maraqlıdır, görəsən, bizim ayrı-ayrı universitetlərimiz son 8 ildə bu məqsədlə hansı layihələr icra ediblər, bu işlərə nə qədər pul xərcləyiblər, hansı nailiyyətlərə çatıblar? Nazirlik bu məqsədlə universitetlərə qrant veribmi, əgər verməyibsə, niyə? Bu sahəyə dair dövlət proqramları qəbul edilsə də, maliyyə vəsaitləri ayrılsa da, universitetlərə bu məqsədlə pul ayrılmayıb. Universitetlər isə bu layihələri öz daxili imkanları hesabına icra edə bilmirlər, çünki layihələrin icrası xeyli maliyyə tələb edir (bu şərt layihənin zəruri atributlarından biridir). Milli universitetlərimizin büdcəsi onların cari xərclərinə güclə çatır, beləliklə, universitetlərin böyük qismi faktiki olaraq Boloniya prosesi ilə əlaqədar heç bir layihə icra etməyiblər. Dünya səviyyəli universitetlər, hətta TOP-500 siyahısına düşməyən universitetlər belə, Boloniya prosesi ilə əlaqədar layihələrə, təhsilin informatlaşması məsələlərinə hər il on milyonlarla dollar həcmində vəsait xərcləyirlər. Əgər bu məsələlər pulsuz həll edilə bilsəydi, inan ki, Qərb ölkələrinin universitetləri bu halda artıq pul xərcləməzdi, onlar öz pullarının qədrini yaxşı bilirlər.
Nazirliyin mövqeyi illər ərzində belə olub: universitetlər öz daxili imkanları hesabına bu tip məsələləri həll etsinlər. Hətta təhsilin informatlaşması kimi iri maliyyə tutumlu məsələlər də bu formada “maliyyələşir”, yəni proseslər universitetlərin ümidinə buraxılır, iş görmək istəyirsinizsə, özünüz pul tapın, iş görün.
Azərbaycan Respublikası 2005-ci ildə Boloniya prosesinə qoşuldu və 2010-cu ildə bu proses tamamlanmalı idi. Amma belə olmadı və daha 2 il əlavə vaxt verildi. 2012-cu ildə proses bitməli idi, hələlik isə görüləsi çox işlər qalıb.
Boloniya prosesinin məzmunu haqda ətraflı məlumat vermək istəmirik, bu haqda çox yazılıb, sadəcə bəzi nüansları bir daha yada salmaq istəyirik. Boloniya prosesi bir formadır, onu məzmunla doldurmaq lazımdır. Əsas məqsədlərindən biri vahid kredit sisteminin yaradılması, yəni Avropa vahid Kredit Transferi sistemi bazasında dərslər keçməkdir. Bu bakalavr, magistratura və doktorantura proqramlarını özündə birləşdirən üç mərhələli sistem, qarşılıqlı anlaşmadır. Diplomların və digər sənədləşmələrin standartlaşdırılması lazımdır. Digər mühüm məqsəd ali təhsilin keyfiyyətini artırmaq, bu məqsədlə hər bir universitetdə keyfiyyətin idarə edilməsi sisteminin yaradılması, tələbə və müəllim mobilliyini təmin etməkdir. Ali təhsilinin keyfiyyətinin artırılması, Avropa Birliyinə aid olmayan ölkələrdə universitet diplomlarının Avropa bazarında tanınması üçün ilk növbədə, hər bir üzv ölkədə təhsilin keyfiyyətinə qiymət verən müstəqil milli agentliklər yaradılmalıdır.
Bu gün, həqiqətən, Boloniya prosesinin alternativi yoxdur. Boloniya prosesindən imtina və ya bu işdə ləngimə gələcəkdə Avropaya inteqrasiya etməyə problem yarada bilər, milli iqtisadiyyatın qlobal proseslərdən kənarda qalmasına səbəb ola bilər. Boloniya prosesindən kənarda qalma ilk mərhələdə milli universitetlərin əcnəbi tələbələrini itirməsinə, daha sonra isə yerli tələbələrin də böyük qismini itirməsinə, beləliklə də, milli universitetlərin bazar iqtisadiyyatı şəraitində ciddi maliyyə problemləri ilə üzləşməsinə səbəb olacaq. Çünki yerli tələbələr tədricən virtual formada əcnəbi universitetlərdə təhsil almağa üstünlük verəcəklər, məsələn, distant təhsil texnologiyaları əsasında, çünki həmin universitetlərin diplomu dünyada tanınır.
Bununla belə, elə ölkələr var ki, hələlik Boloniya prosesinə qoşulmaq niyyətləri yoxdur. Məsələn, son iyirmi ildə ən dinamik inkişaf edən ölkə-Çin Xalq Respublikası bu prosesləri kənardan müşahidə edir. Bu ölkədə aparılan uzun müzakirələrdən sonra belə qənaətə gəlmişlər ki, XXI əsrdə öz ali təhsil sistemini sovet ali təhsil modelinə uyğun qursunlar. Bu ölkənin iqtisadi, siyasi, hərbi və digər potensialını nəzərə alsaq, görərik ki, bu ölkə qloballaşmaya təsir gücündə olan dövlətdir. Çin Boloniya prosesinə qoşulmadan da dünyada öz siyasi, iqtisadi və elmi mövqeyini, inkişaf tempini qoruyacaq, Avropa ali təhsil modelinə alternativ mükəmməl milli ali təhsil modeli yaradaraq, özlərinə xas məsuliyyət, intizam, mədəniyyət və peşəkarlıqla milli ali təhsil məkanı formalaşdıracaqlar. Futuroloqlar bildirirlər ki, Çin yaxın gələcəkdə iqtisadi cəhətdən dünyanın ən qüdrətli ölkəsi olacaq. Bu halda bəlkə də onların ali təhsil modeli Boloniya prosesini üstələyəcək, ola bilsin, nə vaxtsa dünya universitetləri Boloniya prosesi əvəzinə “Çin prosesini” səmərəli model kimi qəbul edəcəklər, axı “hər şey axır, hər şey dəyişir”. Hələlik isə beynəlxalq standart Boloniya prosesidir və əksər inkişaf etmiş Avropa və Amerika universitetləri Boloniya prosesinin iştirakçısıdır. Bu gün dünya universitetlərinin reytinq cədvəlində Top-200-də olan universitetlərin 95 faizi Boloniya prosesinin iştirakçısıdır, bu model üzrə işləyirlər.
Məlumdur ki, dünyada universitetlər arasında ciddi rəqabət var, əgər Boloniya sistemi səmərəli olmasa, təhsildə keyfiyyətə təminat verməsə idi, yəqin ki, bu günə qədər dünya səviyyəli universitetlər daha mükəmməl model yaradardılar. Amma hələlik daha yaxşı model tapılmayıb.
Hər hansı bir ölkədə bu modeli məqbul saymırlarsa, onda əvəzində daha yaxşısını təklif etsinlər. Amma hər hansı ölkədə Boloniya prosesini yarı-yarımçıq, sistemsiz, qeyri-peşəkar formada icra edirlərsə, bu zaman “yaxşı ideyanın pis icrası” nəticəsində təhsilin keyfiyyəti, təbii ki, aşağı enəcək, təhsilin düzəni pozulacaq.
Bu gün Boloniya prosesinə qoşulan ölkənin təhsil sisteminin dinamik olması zəruridir. Avropa ölkələrinin təhsil sistemində indi dinamik inkişaf mövcuddur. Deməli, Boloniya sisteminə qoşulan digər ölkələrin də çevik təhsil sistemi olmalıdır ki, bu inkişafla ayaqlaşa bilsinlər. Boloniya prosesinin tələbləri daim artır, təkmilləşır. Bu konvensiya əgər 14 il əvvəl cəmi beş tələbdən ibarət idisə, indi bu tələblərin sayı xeyli artıb və bu tendensiya davam edir.
Bu prosesə yeni qoşulan dövlətlər öz milli təhsil sistemlərini yenidən qurmaqla, bu istiqamətdə islahatlar aparmaqla paralel, Boloniya prosesinin daim artan tələblərini də öyrənməli və nəzərə almalıdır. Bu prosesə nəzarət edən xüsusi beynəlxalq qurumlar mövcuddur (məsələn, Avropa Təhsilin Keyfiyyətinə Nəzarət Assosiasiyası). Bu qurumlar konvensiyaya yeni qoşulan ölkələrin təhsil sistemində mütəmadi monitorinqlər aparırlar. Bu qurumun universitetlər qarşısında qoyduğu mühüm tələblərdən biri yuxarıda qeyd etdiyimiz “Universitetdaxili keyfiyyətin menecmenti sisteminin” qurulmasıdır.
Göründüyü kimi, ali təhsil sistemində xeyli problemlər var. Bu problemlər təhsil siyasəti sahəsində strateji qərarların mükəmməl olmaması, dünyanın müasir inkişaf tendensiyalarından geri qalması, kadr problemləri, maliyyələşmənin zəif olması və s. ilə əlaqədardır. Məqalənin sonunda ali təhsil sisteminin təkmilləşdirilməsi üçün bəzi təkliflər vermək istərdim. Təbii ki, bu təkliflər ali təhsil sahəsində olan bütün problemləri həll edə bilməz, lakin ilkin mərhələdə vəziyyəti qismən yaxşılaşdıra bilər.
1. Ölkə üzrə milli təhsil doktrinası hazırlansın. Universitetlərdə strateji idarəetmə mədəniyyətini formalaşdırmaq məqsədi ilə hər bir universitetin “5 illik inkişaf strategiyası və müvafiq icra planı” hazırlansın, proseslər bu plana müvafiq olaraq idarə edilsin, mütəmadi monitorinqlər aparılsın. Universitetlərin strateji idarəedilməsi və bu prosesdə layihə idarəedilməsi praktikası tətbiq edilsin. Gələcək 10 il ərzində TOP-500 universitet sırasında heç olmasa, bir universitetimizin mövqe tutmasına nail olmaq.
2. Təhsil islahatlarının elmi təminatı və praktik tətbiqini səmərəli həyata keçirmək üçün illər ərzində yığılmış maliyyə problemləri təcili həll edilməlidir. Bu məqsədlə:
a) Hökumət xüsusi qrantlar ayırmalı, “Təhsil üzrə tədqiqatlar fondu” yaratmalıdır.
b) Təhsilin inkişafı üzrə müvafiq dövlət proqramlarında nəzərdə tutulan layihələrin icrasına universitetlər fəal şəkildə cəlb edilməli, müvafiq dövlət proqramlarında nəzərdə tutulan layihələrin əhəmiyyətli hissəsi və müvafiq olaraq maliyyəsi universitetlərə yönəldilməlidir.
c) Universitetlər öz büdcəsinin 10 faizi həcmində vəsaiti tədris-metodik bazanın inkişafına yönəltməlidir.
Belə olarsa, ölkədaxili və universitetdaxili qrantlar universitet kollektivlərinin layihə təcrübəsi qazanmasına imkan yaradar, onlar gələcəkdə beynəlxalq layihələrə qoşula bilər, beynəlxalq qrantlar ala bilərlər. Hələlik isə, qonşu dövlətlərin universitetlərindən fərqli olaraq milli universitetlərimiz bu imkanlardan çox zəif istifadə edirlər.
3. Təhsil islahatlarının səmərəsi rəhbər kadrların təhsil üzrə beynəlxalq təcrübəni bilməsindən, müasir təhsil innovasiyalarına yaxından bələd olmasından çox asılıdır. Bu məqsədlə sistematik olaraq:
a) Rektorlar, prorekrotlar, dekanlar və professor-müəllim heyəti üçün ildə bir dəfə xüsusi treninqlər təşkil edilməlidir.
b) Ali məktəb müəllimlərinin ixtisasartırma və təkmilləşdirmə kursları məzmun və texnoloji baxımdan müasirləşdirilməli, bu prosesdə internetin və distant təhsilin imkanlarından geniş istifadə edilməlidir.
c) Hər bir universitet azı ildə bir dəfə “Universitet təhsilinin modernləşdirilməsi” adlı konfrans keçirməli (milli və ya beynəlxalq), yerli və xarici ekspertlərin iştirakı ilə konkret universitetdə islahatların reallaşması barədə müzakirələr aparılmalı, ictimaiyyət ətraflı məlumatlandırılmalıdır
d) İldə 1-2 dəfə ölkə səviyyəsində “Milli universitetlərdə təhsilinin modernləşdirilməsi” adlı beynəlxalq konfrans keçirilməli, yerli və xarici ekspertlərin iştirakı ilə ali təhsildə islahatların reallaşması barədə müzakirələr aparılmalıdır.
e) Beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə universitetlərin qabaqcıl müəllimlərinin təhsilin modernləşdirilməsi problemlərinə dair xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirakı təmin edilməli, xarici universitetlərlə əlaqələr genişləndirilməlidir.
4. Ali məktəblərdə informatlaşma prosesinin səmərəsini artırmaq, elektron təhsil və idarəetmə səviyyəsini yüksəltmək üçün universitetlərdə müvafiq struktur yaradılmalı, bu prosesə mütəmadi olaraq maliyyə dəstəyi verilməlidir. Universitetlərin təhsil məqsədli portalları yaradılmalı, tədris prosesində portallardan səmərəli istifadə edilməlidir. Universitetlərdə distant təhsil sistemi inkişaf etdirilməlidir.
Təhsil millətin gələcəyidir. Bu gələcəyi biz-təhsil ictimaiyyəti modelləşdirməli və yaratmalıyıq. Bunun yolu isə mükəmməl təhsil islahatından keçir. Ümid edirəm ki, gec də olsa, bu həqiqəti dərk edərək, gələcəyimizi daha məsuliyyətlə quracağıq, çünki dünyada rəqabətədavamlı xalq olmağın başqa yolu yoxdur.
Dos. İlham ƏHMƏDOV
(ADPU)
ilhamahmed@mail.ru




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info